Tokionun Mequro rayonunda yerləşən “Naka Meguro TRY” mədəniyyət mərkəzində “Şuşa İli”nə və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan möhtəşəm qala konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil etdiyi tədbirdə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə, Azərbaycan, türk, özbək, rus icmasının üzvləri, Cənubi Azərbaycandan olan soydaşlarımız, Tokio ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qala konsertdə əvvəlcə Azərbaycanın Dövlət Himni səslənib.
Çoxsaylı qonaqları bu tədbirdə salamlamaqdan məmnun olduğunu bildirən mərkəzin sədri Xəlil Kələntər yola salmaqda olduğumuz ilin Azərbaycan üçün böyük uğurlarla yadda qalacağını bildirib. Cari ilin diaspor hərəkatında da mühüm əhəmiyyətli tədbirlərlə əlamətdar olduğunu vurğulayıb. Qarşıdan gələn bayramlar münasibətilə iştirakçıları təbrik edərək, onlara bu axşam gözəl əyləncə və istirahət arzulayıb.
İki hissdən ibarət olan qala konsertin birinci hissəsində yapon pianoçu Yusey İnuinin ifa etdiyi “Xudayar təsnifi”, tanınmış caz ustası Yamamoto Kyokonun oxudu “Ay Laçın”, Banabana gəl” mahnıları, azərbaycanlı rəqqasə Dilarə Qazıyeva və İgit Nozakinin birlikdə oynadığı “Naz eləmə”, “Ləzginka”, “Otantik Bunka” qrupunun ifa etdiyi “Nəlbəki”, “Ağ çiçək”, “Nazlana-nazlana” rəqsləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Qısa fasilədən sonra davam edən qala konsertin ikinci hissəsi Dilarə Qazıyevanın ifasında “Uzun dərə” rəqsi ilə başlayıb. Sonra Yaponiyada Azərbaycan-türk simli alətlərinin mahir ifaçısı kimi tanınmış Kiyoşi Ohiranın rəhbərlik etdiyi qrupun ifasında “Ruhani”, “Sudan gələn sürməli qız”, “Sarı gəlin”, “Gizir oğlu Mustafa bəy” xalq və aşıq mahnıları səslənib. “Kələbək Lotus” qrupunun ifasında Azərbaycan rəqslərindən ibarət popuri təqdim edilib.
Qala konsertdə Azərbaycan, türk və yapon ifaçıların ifa etdiyi mahnı və rəqslər tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb.