- Köşə, Xəbərlər

Torpaq, səma

Gülyaz ƏLİYEVA

Səma və torpaq kimiyik, sən və mən…
Bir-birimizə nə qədər bağlı olsaq da, görüşməmiz,
bir yerdə olmamız imkansız.
Sənlə mən…
Mən torpağa bağlı biri,
Sən səmaya vurğun.
Səmanın ənginliklərində süzən biri,
xəyalları daim ulduzlar arasında dolaşan biri.
Ulduzları mənə sən sevdirdin,
Səmanı mənə sən doğma etdin.
Gecələri ulduzlu,
Səhərləri günəşli səma kimi parlaqsan sən də.
Əlçatmaz, ünyetməzsən sən də…
Torpaq anadır,
Səma ata.
İkisi də əziz,
İkisi də doğma.
Səma və torpaq kimi bir yerdə ola bilməsək də,
Bizi birləşdirən,
Aramızda olanlar var.
Torpaqla səma arasında ağaclar var, meşələr, dağlar var.
Başı qarlı, vüqarlı dağlar…
Səmaya daha yaxın olan,
Torpağın sözünü səmaya çatdıra biləcək dağlar…
Onlar bağlayır torpaq və səmanı..
Torpaq səma kimi deyil.
Torpaq verimlidir, əliaçıqdır.
Torpağın dili sərtdir,
Çox sərtdir.
Odur ki, basdığın yeri tanıman gərək.
Basdığın yeri hesablaman, ölçüb-biçmən gərək.
Yoxsa bir addımda səni gömə də bilər torpaq.
Səmadan düşəni
Torpaq basar bağrına.
Səma saxlamaz düşəni.
Bağrında böyütdüyü ağacı
Sənə yoldaş da edər torpaq,
Dar ağacı da.
Eyni torpaq gül də bitirər,
Tikan, qanqal da…
Dili sərt olsa da, könlü genişdir, bərəkətlidir torpağın…
Onu əzəni, əksinə, əzizlər torpaq.
Bir dən atana min əvəzini qaytarar.
Sarı torpaq, qara torpaq, şor, şoran torpaq var.
Bərəkətli, ya şoran olmasına baxmayaraq, qiymətlidir torpaq.
Səma da çox güclü qüdrətli, torpaq da…
Yağmuru, yağışı, ildırımı var səmanın,
Vulkanı, lavası var torpağın… Torpağın altı da, üstü də əzizdir.
Nədən bilirsənmi? Əmanətdir çünki torpaq!
Hər şeyə olsa da,
Əmanətə xəyanət olmaz!
Oğru, qulduq, nakəs belə əmanətə xəyanət etməz…
Ulduzları anlatdın sən mənə.
Torpağın da öz dili var.
Onun dilini biləsən gərək.
Mən də sənə torpağı anlatdım.
Anamız torpağı …