- Köşə

Torpaq tərifə sığmaz

 Gülyaz ƏLİYEVA

Can dediyimiz, canımızı qurban dediyimiz torpaq. Uğrunda minlərlə can qurban oldu. İllərlə sinən hərbə meydan oldu. Sənə görə öz yaşamaq hüququndan keçən əsgərlərin hərəsi bir qəhrəman oldu. Oldu ki sən, gülüstan olasan. Ana torpaq, səni əbəs yerə “ana” adlandırmırlar. Uğrunda qurbanlar verdiyimiz qara torpaq da öz övladların bağrına basır, əzizləyir. Ana kimi əvvəlcə öz nemətləri ilə böyüdür, yedirir, içirir. Torpaq deyir, əz məni, əzizləyim səni. Döy mən

doyuzdurum səni. Bərəkətli, səxavətli torpaq: “Səndən hərəkət, məndən bərəkət”, – deyir. Torpaq deyər: “Öldür məni, dirildim səni!” Torpaq deyər:  “Sən mənə tər ver, mən sənə zər verim”.

“Torpağın qarası – üz ağardar”, – deyiblər babalarımız.

Bir dən atana min əvəzin qaytaran torpaq. Heç kəsə borclu qalmayan əliaçıq, səxavətli torpaq. “Dədə Qorqud” filmində maraqlı bir epizod  var. Filmin sonunda Dədə Qorqud qovğalardan, oddan-alovdan, döyüşlərdən, qardaş qırğınından çıxmış, qardaş qanı tökülmüş torpağı daş-kəsəkdən təmizləyən Qaraca Çoban və Beyrəyin oğluna deyir:

– Oğul, torpağı qorumağın iki şərti var, biri onu qorumaqdırsa, digəri əkib-becərməkdir. Əgər torpağı əkib-becırməsən, qorumağa dəyməz, yox, əgər qorumadın, əkib-becərməyə dəyməz…

Dünyanın yaradılışındakı 4 ünsürün ən mühümlərindən biri də torpaqdır. Torpaq olmasa, həyat da olmaz. Dünya yaranandan insanın dolanışığı torpaqdan çıxıb. Bütün müharibələrin səbəbi də məhz torpaq olub. Torpaq ən qiymətli xəzinə və mirasdır. Torpaq əmanətdir, əmanətə xəyanət etmək, onu heç kəsə vermək olmaz.

Bir gün bir hökmdar qonşu şaha elçi göndərir ki, oğlunu ona girov versin, yoxsa müharibə edəcək. Vəzir-vəkil şahzadənin girov götürülməsinə razı olmur, müharibə edək, deyir. Şah razı olmur, qan tökülməsin, minlərlə ana oğulsuz qalmasın deyə öz oğlunu girov verir. Sonra qonşu şah elçi göndərib bac-xərac istəyir. Şah yenə razı olur. Bir müddət sonra həmin şah kol-kos basmış, əkinə yararsız boş çöllükdəki torpağı ustədiyini deyir. Vəzir-vəkil torpağı verək dedikdə şah müharibəyə hazırlaşın, – deyir.

– Oğul mənim idi, haqqım çatırdı, verdim, qızıl-gümüş mənim xəzinəmdən getdi, verdim. Torpaq əmanətdir, o, əcdadlarımızın qanı ilə suvarılıb, bizə miras qalıb. Onu verə bilmərəm, – deyir.
Bəli, torpaq əmanətdir, dünyanın yaranmasının , yaşayışın, həyatın şərtidir. Buna görə də çərşənbələrin ən mühümlərindən biri – sonuncu ilaxır çərşənbə məhz torpaq çərşənbəsi adlanır.

Füzulinin məhəbbət dünyasının da axlrıncı ünsürü – Füzulinin özü ilə simvolizə olunan torpaqdır. “Vamiq suya batdı, Məcnun oda yandı, Fərhad ömrün yelə verdi və onlar hamısı torpağa qarışdılar, torpaq oldular  və o torpaqdan daha mükəmməl bir aşiq obrazı  yarandı – xak oldular onlar mənəm şimdi o xak”,- deyir Füzuli.

Torpaq vətəndir. Torpaq əgər  uğrunda ölən varsa, vətəndir. Torpaq axıb gedər, ayağımız altda dayana bilməz, əgər ona şəhid qanı qarışmasa…

Qədim bir Çin əfsanəsinə görə, xaqan bir dəmirçiyə şəhərin rəmzi olacaq böyük zəng düzəltməyi tapşırıbmış. Vədə çatanda dəmirçi zəngi qəlibdən çıxarır. Lakin zəng çatlayır. Dəmirçiyə möhlət verilir, amma yeniu zəng də çatlayır. Axırda  xaqan deyir ki, bu dəfə də zəng çatlasa, düzəlməsə, dəmirçini dar ağacından asdıracaq. 3-cü dəfə zəngi qəlibdən çıxaran dəmirçi onun çatlamamasına, çox möhkəm olmasına heyrətlənir. Sonradan məlum olur ki, atasının asılacağını eşidən dəmirçinin qızı özünü qaynayan metal kütlənin içinə atıbmış, çünki o, qoca kahinlərdən öyrənibmiş ki, metalın daha möhkəm və dayanaqlı olması üçün ona  insan qanı qatılmasına ehtiyacı var…

Torpağı da bərkidib, müqəddəsləşdirən, Vətən edən ona qatılmış şəhid qanıdır. Ona görə torpaq – Vətən hər şeydən ucadır. Qürbətdə xan olunca vətənində dilənib gəzməyi üstün tutub babalarımız, qürbətin cənnətindənsə, yenə vətən yaxşıdır, – deyiblər.

Həm dünyanın yaradılışında, həm Füzulinin mənəvi məhəbbət dünyasında, həm də çərşənbələrdə sonuncu əsas amil Torpaqdır.  Su, alov, od, yel torpağa bin-bərəkət verir. İlaxır çərşənbədə daha böyük od qalanar, adamlar odun üzərindən keçib, təmizlənər, səhəri tezdən su üstündən atlanıb çilləsin kəsər, bayramlaşarlar, küsülülər barışar, ev- eşik təmizlənər, insanlar təzə paltar geyinər, təbiətlə bərabər onlar da yenilənər, həyata yenidən başlayarlar. Bu çərşənbə daha təmtəraqlı qeyd olunar və bundan sonra torpaq işləri, əkin-səpin başlar. Göyərdilən səmənilər də torpağın, məhsulun daha bərəkətli olmasının rəmzi, bir ümid idi.

Novruz çıxıb taxtına,
Güllər düşüb baxtına,
Kosa gəlir qabağa,
Nəzir salır tabağa,
Çörəyi yoxdu Kosanın,
Xörəyi yoxdu Kosanın,
A Kosa, Kosa, gəlsənə,
Torbanı doldursana…
Kosaya pay verirlər,
Kosaya hay verirlər…

Yaz gəlir, təbiət yenilənir. Gəlin biz də təbiətin ayrılmaz bir hissəsi olaraq yenilənək və yenilik yaradaq!

Torpağa bax, torpağa,
Sanki qalxır ayağa,
Buxarlanır nəfəsi,
Oyanıbdır həvəsi,
Qızıl öküz tərpənir,
Torpaq sanki dillənir,
Çəmənim harda qaldı?!
Səmənim harda qaldı?!
Getdi qarlı yorğanım,
Getdi çənim, dumanım!
Gəlsin xalı-xalçalar,
Yollar boyu yoncalar,
Qoy bağ olsun, əkin olsun,
Mənim ana qucağım!
Səpin olsun, biçin olsun,
Gülsün hər bir bucağım !

Ə. Cavad.

Torpaq ana, ocaq deməkdir – hər kəsi ətrafına toplar, isindirər!

Torpaq  yurd deməkdir – hər kəsi yedirər, barındırar!

Allah  heç kəsi anasız, ocaqsız, yurdsuz, torpaqsız, vətənsiz qoymasın!

Torpaq çərşənbəmiz mübarək olsun. Torpağımız bölünməsin. Bir daha torpağa nahaq qan axıdılmasın.

Torpağımız bərəkətli olsun. Sularımız gur axsın, ömrümüz xeyurli olsun, boş-boşuna yelə getmısin. Od-ocağımız gur yansın, övladlarımız yurdumuzda – Qarabağımızda yurdçu olsun. İlaxır çərşənbəmiz mübarək olsun.

Xeyirli çərşənbələr!