- Ədəbiyyat

“Torpaq tökməsəniz vətən yarama”…

“Poeziya birinci növbədə həyatdır, sonra incəsənət” yazırdı V.Q.Belinski. Həyatı, onun həqiqətlərini yazmaq isə cəsarətdir. Yazanların sayı oxucusundan çox olan Azərbaycanda cəsarətli yazarları, həyatı süni və bayağı bər-bəzəklə təsvir etməyənləri – əsl ədəbiyyat yaradanları asanlıqla saymaq olar, çünki belələrinin sayı bəlkə də barmaqlarımızın sayından çox deyil.

Birinci Qarabağ müharibəsinin qazi zabiti, Başkəndi xain düşmən tör-töküntülərindən azad edənlərdən biri, qartallarla çiyin-çiyinə dayanan dağlar oğlu, çalbaşlı zirvələrin adaşı, vətəndaşı Cavanşir Qənbərin şeirlərində üç əsas mövzu şaxələnib üç ana xəttə çevrilib -Vətən, torpaq sevgisi, haqqa, ədalətə tapınmaq və insana məhəbbət. “Bir əsgər doğulub, əsgər də qalan, indi də canı, ürəyi ilə arxa səngərdə sayıq dayanan, bir bayraqlıq canı, təmiz, duru bulaq suyu kimi qanı olan, bir igidin şərəfini adında yaşadan” Cavanşirin “baxmayın əllərinə, urəyi doludur”. O, haqsızlığa, ədalətsizliyə, “evdə yata-yata ödül alanlara” qarşı üsyan edir, həqiqətin keşiyindədir, gizləndiyi “kol dibindən çıxıb kişi, saxta sənədlərdə, vəsiqələrdə qəhrəman olanlar onu görəndə yolunu dəyişir, gizlənməyə zülmət yer axtarırlar – işıqdan qorxan yarasalar kimi…

Qazi şairin Azərbaycan şeirinin klassik üslubunda yazdığı qoşmalar, gəraylılar, təcnislər dağların sinəsindən yol tapıb azadlığa can atan bulaqların zümzüməsi kimi həzin, dağ çayının axışı kimi kükrəkdir. “Müdirin evində dəmir darvaza, kasıbın bağında çəpər“ olmayan əyyamlarda Gədəbəydə doğulan Cavanşirin şeirləri dağlar kimi əzəmətli, yamaclar kimi al-əlvan, dərələr kimi dərindi. Ünlü qazi şair Süleyman Abdullanın təbirincə desək, Cavanşir hər şeirində, hər bir misrasında özüdür, Vətənə, torpağa, elə-obaya, saza-sözə münasibətində səmimidir. Şairin Vətən coğrafiyası Azərbaycana sığmır, ucsuz-bucaqsızdı, Gədəbəy deyəndə Göyçə, Kərkük, Zəngəzur, Borçalı, Dərbəndə səfər edir, Macarıstan puştalarında, Kərkükdə, Altayda, Yakutiyada Türkün qədim məskənləri olan doğma yerlərdə gəzir.

Söz adamının bir misrasından anlamaq mümkündür ki, o hansı mühitdə doğulub, boya başa çatıb, nələr gğrüb, nələr eşidib. Cavanşirin qoşmaları, gəraylıları aşıq yaradıcılığından su içdiyindən ustadnamə “dad”ındadı, torpağa, saza-sözə, milli ruha, kökə bağlıdı. Bir neçə qoşmasından seçdiyim ayrı-ayrı misralardan bunu duymaq mümkündür:

Haram cücərsə də, kök atıb bitməz…
Oğru qan qusacaq çox yediyindən…
Çox “mənəm!” deyənlər gedəcək bada…
İnam güclü olsa dağılar dağlar…
Hünərdən danışır dillənən, dinən,
Susur oddan dönən, alovdan dönən…

“Tanrıya vəd verib ömrü borc alan, faizin sələmin əlində qalan” şair düşmənə, içərimizdəki satqınlara, nəfsinin qullarına, məmur harınlığına nifrətində nə qədər sərtdirsə, dostlarına, onu anlayanlara bir o qədər mərhəmətlidir, xeyirxahdır, bir tikə çörəyini bölməyə, əl tutmağa, yarasına məlhəm olmağa hazırdı:

Yoldaş olmasan da sirdaş olardım,
Payıma düşəndən bölərdim sənə.

Əzəl gündən Vətən torpaqlarının azadlığı uğrunda müqəddəs savaşa səs verən, Qarabağda mənfur düşmənin və onun havadarlarının düydüyü Qordi düyünü igidlərimiz  açandan sonra hər gün qürurumuzu – üçrəngli bayrağı öpüb başının üstünə qaldıran qazi-şair “PUA”lara Simurğ quşu deyir. Necə uğurlu, orijinal, yerində işlədilmiş bənzətmədi. “Düşmənləri düşmən saymayıb onlara naxır kimi”, kaftar sürüsü kimi baxan Cavanşir Türk canıyla, Türk qanıyla, Türk adıyla əmindir ki, “bu dava axırdır, çünki Qarabağdan çaqqal qovur “İtqovan”.

Cani ilə Vətən torpaqlarını qoruyan, qanıyla suvaran qazi şair bədəninin ayrı-ayrı əzalarında birinci Qarabağ savaşından yadigar, miras saxladığı “əziz”lərini – qəlpələri gəzdirir, onlara qanından can verir. Hər gün ağrılarını tumarlayır, nəvaziş göstərir, bəlkə də “nə yaxşı ki, varsınız” – da deyir. Axı ağrısı az olanların yadına Vətən dərdi, yarası, ağrısı düşmür. Cavanşir  hər an əndazəni aşmış təvəzökarlıqla özü özünə hesabat verir:

Bir çinardır hər yaşıdım,
Mən diz qoydum, kök qaşıdım.
Torpaq adlı dərd daşıdım,
Yağır oldum, neylədim ki?!

Vətən, mənə oğul demə,
Oğul oldum, neylədim ki?!

“Cismindəki gül-çiçək ətri səngərdən qalan, qisməti olmayan sonuncu gülləsini cibinə gəzdirən” qazinin “İrəli”, “Vətən oğlu” qoşmaları əzəmətli, qancoşduran Vətən və döyüş marşlarıdır. Nə olardı təmənnasız bəstəkara rast gələydi. Təmənnalı bəstəçilər anlamırlar ki, bayağı, kasad mənalı mətnlərə yazılmış marşların, nəğmələrin ömrü uzun olmur. Musiqi ilə söz bir-birinə qovuşanda yaranan əsərin ömrü insanlığın yaşı qədərdi.

Yaz tarixi sətir-sətir,
Qılıncdadır hörmət-xətir.
Dünyaya ədalət gətir…
Geri döndər əzəlləri,
İrəli, Türküm!..

Qazi zabitin bu gün müqəddəs savaşın estafetini verdiyi, 44 günlük müharibədə misilsiz zəfər qazanan Azərbaycan əsgərinə ağsaqqal məsləhəti hamını, lap elə bizi də cuşa gətirir, ruhlandırır. Biz də Cavanşirin istəyinə qoşuluruq ki, “bizdən sonra gələnlər barı bəxtiyar olsun!”

Düşmənimiz quduzdur, bərk vur, əlin əsməsin,
Yağının kəs başını, qoy önünü kəsməsin.
Con, İvan səndən küssün…
təkcə dədən küsməsin,
Vur, düşmənin başına bütün dünya dar olsun!

Qarabağ və onun ətraf əraziləri xain düşmənin caynağına keçəndən bəri şəhidlərin özü, qəhrəmanlığı, ölməz ruhu sevgi məbədimizə, qürur mənbəyimizə, hər şəhid məzarı ocağımıza, pirimizə, and yerimizə çevrildi. “Dərdi-səri, yurd-yuvası yaralı Vətən olan qazi şairin də bütün azadlıq və Vətən sevənlər kimi, “varlığımıza Tanrının məqamından baxan şəhidlərin ömrü ömrümüzdədir, haqqı kürəyimizdə”:

Yatdığınız bu torpaq torpaq deyil ki, nurdur,
Düşmənə dəyən güllə varlığıma huzurdur.
Büküldüyün bu bayraq parça deyil, qürurdur,
Bu gorum, bu torpağım, bu bayrağım, şəhidim!

Hər bir xalqın mənəviyyatını, ləyaqətini, mübarizə əzmini, Vətən və torpaq sevgisini, sağlamlığını, cəsarətini, mədəniyyətini məhv eləməyin, soy-kökünə laqeyd qalıb manqurtlaşdırmağın üç yolunu ta qədimdən qaniçən hakimiyyət hərisləri, tiranlar yaxşı bilirdilər – elmi, əxlaqı, səhiyyəni “dar ağacından asmaq”, şit, bayağı, əttökən  musiqiylə beyinləri dumanlandırmaq, səsi, avazı, duruşu, hərəkəti, geyimi, abır-həyası tənəzzülə uğramış sənətcikləri meydanlara səsləmək ki, xalqın düşüncəsi, milli mənliyi ölsün, mənəvi dəyərlər unudulsun, bunlara uyanların beynində müqəddəs hisslərə yer qalmasın. Cavanşir Qənbər də təəssüflə bildirir ki, duyğusuz adamlar yaratmağın bu qədim “üsul”u bu gün daha al-əlvan “çiçək”lər açıb. Ancaq bu “çiçək”lər ətir yox, üfunət qoxuyur, insanlıq atmosferini zəhərləyir:

Qoyunlar sayılır, qurd ki, sayılmır,
Filin qulağında yatan ayılmır.
Porsuğun gözünü torpaq doyurmur,
Meymununku toydur, qavaldır, qağa.

Cavanşir Qənbər üç dəfə Azərbaycanin Milli Qəhrəmanı adına təqdim olunmuş, “necə ki, torpaqlarımız işğal altındadır” – deyib, bu addan imtina edən döyüşçü dostu Əmrah Cabbarlının həyat hekayəsinin qızıl səhifəsini – döyüş yolunu şərəfli tarixi salnamə kimi real və poetik duyğularla təsvir edir. O, “Qaradağ postunda, Ər dağında, harayı, nərəsi qulağından” getməyən, “düşmənin önündə ac qurd kimi” meydan sulayan qazi dostunun portret cizgilərində bir Vətən oğlunun gerçək obrazını yaradır. Bu ərənlik gələcək nəsillərə örnəkdir. Nəhayət Əmrah da bütün Türk dünyasının övladları kimi ən ümdə arzusuna, istəyinə çatdı – Zəfər gününü gördü. O şanlı zəfəri də bizə igid əsgərlərimiz, zabitlərimiz, xalqın sarsılmaz birliyi və “dəmir yumruq” ərmağan elədi.

“Namərdlərin, alçaqların, fərarilərin bayraqdan köynək geydiyi, bəzən meydanlarda köhnə döyüşçünün yetim quzutək döyüldüyü, söyüldüyü, adam əti yeyənlərin qudurduğu” zamanda Cavanşir Qənbər Əmrah Cabbarlıya edilən ədalətsizlikdən kədərlənir, belə igidlikləri “heç nə” sayanları ən azı qınayır, məmurları, xalqı qədirbilən olmağa səsləyir:

Zəfər çalınmışdı, gözü gülürdü,
Günəştək nurluydu, üzü gülürdü,
Özünün halına özü gülürdü,
Mən gölün yanında gördüyüm Əmrah.

Qədrini bilmədi bu el, bu oba,
Sənin də xətrinə dəydilərsə, heç…
Ortada buraxıb şiri, aslanı,
Tülkünü, çaqqalı öydülərsə, heç…

Ancaq qazi şair əmindir ki, “hələ  gör nə qədər Mübarizlərimiz Güneydən, Batıdan çıxacaq”. Elə Poladlarımız, Əmrahlarımız, Cavanşirlərimiz də – bütün  bütöv “Vətən girov”ları. Nə olsun ki, “haqqa yön çevirdik, haqq yolu tapdıq, bizə dəniz, ümman, dərya deyənlər, atdı bəxtimizə tilov hardasa”:

Durub deyəmmirəm düz yoldan sapdıq,
Çıxdı əlimizdən cilov hardasa…
Zaman keçirmədik, fürsət ötürdük,
Keçdi qarşımızdan bir ov hardasa.

“Vətən, Vətən!” qışqıra-qışqıra hay-küy salıb Vətənə heç nə verməyənlər, 44 gün haradasa gizlənib Zəfər günü üzə çıxanlar, bahalı avtomobillərrinin əcaib siqnallarıya  küçələrə axışıb qazilərdən əvvəl Zəfər günü qutlayanlar həqiqi vətənsevərlərlərdən qat-qat çox olan çağdaş dövrümüzdə Samuel Consonun yazdığı kimi desək, vətənpərvərlik əclafların son sığınacaq yerinə çevrilib. Vətəni yaşadanlar birinci və ikinci müqəddəs savaş zamanı dünyanın ekzotik guşələrində kef çəkənlərin kinayəsinə, qınağına tuş gələndə adamın Vətənə də, şəhidinin ruhuna da, qazisinə də yazığı gəlir ki, onlarla bir havanı udur, çörəyini yeyirlər. Vətənşivənlik edənlərin Vətəni olmur. Cavanşir Qənbər də belə mühiti – qaziyə, şəhidə, şəhid ata-anasına həqarətlə baxanları görəndə sözünü nifrətli baxışla, qılıncdan kəsərli sözlə deməyi bacarır. Onun bu millətdən umacağı təkcə sayğıdı, mənəvi dəstəkdi.

Vətənsiz oldular Vətən deyənlər,
Çoxuna bayrağı yelləmək qaldı.
Mərdlərə qorumaq, namərdə satmaq,
Kasıba torpağı belləmək qaldı.

“Qəlbi kükrəyəndə dili, qələmi görəndə əli dinc durmayan”, Vətən dərdlərini belinə şəlləyib Aşıq Veysəl kimi uzun, incə bir yola çıxan dərviş Cavanşir dərdləşməyə kimsəni tapmayanda ürəyində öz andını pıçıldayır:

Bir sultanam, tacsız, taxtsız,
Zaman dönük, haqlı haqsız.
And içmişəm Qarabağsız,
Bu Cavanşir ölən deyil.

Cavanşir Vətən dəlisidi. Çoxumuz “dəli” sözünü toranlı zehnimizlə anlayırıq. Dəli-dolu, kür ərənlərin eşqini ağlızaylar necə anlasın ki? Vətən yaralarını sarımağa çalışanların dərdi “dəli” dərdidi. Qazi şair bir misra ilə bizə anladır ki, “neyləyər ki, dərdi dəli? Burda söhbət Vətən eşqli dəlidən yox, başıboşlardan gedir. Cavanşir kimi dəlilərin ən böyük “günah”ı Vətənə aşiq olmalarıdır. Belələri Vətəni sevmək “günah”ına bata-bata yaşayırlar, heç vaxt da “tövbə” etmirlər:

Yeri çoxdan ürəyimin başıdır,
Bir Laçının həsrəti var gözümdə…
Yad əlində Şuşam mənə qürbətdi,
Xocalının nifrəti var gözümdə…

Cəbrayıldan axan çayam elə bil,
Zəngilanın möhnəti var gözümdə…
Məğrur-məğrur Qubadlıdan Göyçəyə,
Bir boylanmaq qisməti var gözümdə…

O möhnətdi, o həsrətdi, o nifrətdi,  o qismətdi dəli edən adamı!

Cavanşir Qənbər gözünü, üzünü cəbhə, səngər yollarına – ömrünün “qızıl fond”unu qoyub gəldiyi qanlı-qadalı, ölümlə üz-üzə, göz-gözə durduğu günlərə, illərə, yerlərə tutub ağırbatman müdriklər kimi fikirləşir: niyə “milyonlar içindən üç-dörd Mübariz çıxır”? Niyə “beş-on mərd oğuldur millət bildiyim”? Niyə “Vətən sevən, torpaq deyən zəlildir”? Niyə “bir ağ ayı, Araz çayı söhbəti var arada”? Niyə “Cavanşirlərin Vətən adlı dərdi boldu”? Nə qədər Cavanşirlər – Vətən dəliləri “gecə Vətən dərdi, gündüz güzaran” qayğısı ilə qol-boyun olacaqlar? Nədən “yerin üstü ucuz, astarı baha”dı? Niyə “ömür tağından hər gün bir gün qopanların üzündən qayğılar, əzablar öpür”? Eh, qazi qardaş, niyə bu “niyə”lərin, “nədən”lərin, “nə qədər”lərin sayı-hesabı yaşadığımız (əgər yaşamaq buna deyiriksə) saatlardan, günlərdən, dəqiqələrdən çoxdur? Bəlkə bizim günahımızdı, niyə biz “günahsız günahkar”ıq? Bunamı deyirlər taleyin töhfəsi? “Vətənin yükünun ağır tərəfi payımza və çiynimizə düşməkdimi, bu payız ömrümüzün nağıl tərəfinin acı həqiqətə çevrilməsidirmi, taleyin hədiyyəsi?

Daddıq azadlığı, yenə didişdik,
Çox sözə aldandıq, çox tora düşdük.
Axı biz Vətənə ana demişdik,
Vətəni satdılar, anam hardadır?

Cavanşiri səngər həyatı daha da yetkinləşdirib, müdrikləşdirib, yaxşını, pisi, doğrunu, yalanı, çox şeyi saf-çürük etməyə öyrədib. Doğrudan da savaş meydanı ən mükəmməl, sərt qayda-qanunlu məktəbdir. Onun imtahanından üzüağ, alnıaçıq çıxanlar kamilliyə doğru yoldadır.

Saf-çürük etdikcə vətəndaşları,
Daşları Vətəndən aralayıram.

Sənətin müxtəlif növlərində avtoportret yaratmaq üçün insan ilk növbədə özünü başqalarından daha dəqiq tanımalı, çatışan və çatışmayan cəhətlərini elə qabartmalıdır ki, seyrçisini, oxucusunu inandıra bilsin. İnandırmasa, nə çəkir, nə yazır, nə yaradırsa mənası yoxdu. Avtoportret yaradıcısının özünütəqdimi və təsdiqidir. Cavanşir Qənbərin “Mənəm” qoşması dörd bəndlik avtoportretdir, qazi və şair kimi iki böyük missiyanı yerinə yetirən qazi şair bu dörd bəndə mənalı ömürlüyünü (avtobioqrafiya) elə sığışdırıb ki, əlavə sözə ehtiyac qalmır: “ölümün yadından çıxmışam özüm, xainlər sevinməsin, hələ diriyəm, torpağa qurbanın mindən biriyəm, mərdlərin gümanıyam, Vətən var, torpaq var, od var içimdə”.

Cavanşir Qənbərəm, deyiləm ağa,
“Bələdçi nə lazım görünən dağa?”.
Mən saray şairi olmaram, qağa,
Kasıbın, yoxsulun yazarı mənəm.

Ay qağa, onsuz da başı yaşıl əskinaslar saymağa qarışdığından beyin qırışları, düşüncəsi, qanı yaşıl rəngə çalanların gözəllər gözəli poeziyanı nə anlamağa zəkası, nə görməyə gözü, nə də oxumağa həvəsi var, ona görə də kasıb-kusubun yazarı olmaq şərəfdi, sən Tanrının bəxtəvər bəndəsisən.

Sözü içindəki yanğıya, sevgiyə bələyən, xain düşməni bir baxışıyla əsim-əsim əsdirən qazi-şairin ürəyində qorxu hissi də varmış – “yerli-yersiz öyülməkdən, əyilməkdən, hər yetənə qollarını açıb pencək kimi geyilməkdən qorxurmuş. Bir də ondan qorxur ki, bəzən “çaqqallar da şir görünər gözünə”. Yox, Cavanşir, səngərdə od-alovun, qan-qadanın, ölüm-itimin gözünün içinə dik baxanlara gözləri xəyanət etməz, heç vaxt aldatmaz.

Qazi şairin tellərinə əl gəzdirən tale, o tellərin bəyazlığına baxma, onun ürəyi o qədər gəncdir ki. Orada həqiqi sevgiyə geniş meydan var. “Sinəsində göz yeri də var, qaş yeri də, qolunda baş yeri də. Hələ başında ilk saf məhəbətin “yadigar”ı “daş yeri” də qalıb.

Cavanşir Qənbərəm, eşq varsa, nə qəm,
Əcəlsiz ölmərəm, sevgisiz ölləm.
Demək sevə-sevə qocala billəm,
Könlümün o qədər boş yeri qalıb.

Cavanşir Qənbərin sabahımızdan narahatlığı: “doğulanlar tüpürəcək üzümə”. Vicdanının diqtəsiylə gerçək tariximizi yazanlar tapılsa, sizin kimilər bu günümüzün Babəkidirlər, qazi şair.

Cavanşir Qənbərin məlhəmi:

Torpaq tökməsəniz Vətən yarama,
Dünyanın dərmanı-davası yetməz.

Cavanşir Qənbərin “kef”i:

Dörd metrlik bir balaca otaqda,
Qarabağın havasını çəkirəm.

Cavanşir Qənbərin amalı: “sağlıqda rəhməti özüm qazanım”.

Cavanşir Qənbər nigarandı: “götürərmi məni torpaq?!”. Hara tələsirsən, ay qazi qardaş? Götürər. Ancaq vaxt karvanı son mənzilə çatanda. Torpaq onu göz bəbəyi kimi qoruyan övladlarının qanı, canı ilə Vətən olur. “Vətən sənə oğul deyəcək”…

Vaqif  OSMANOV
  Aprel  2022.