- Mədəniyyət

Türk dünyasının görkəmli şəxsiyyətləri ilə bağlı qısa filmlər çəkiləcək

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və TÜRKSOY-un birgə dəstəyi ilə “Yed-i Velayet, 7 Vilayət” Beynəlxalq Qısa Filmlər Festivalı çərçivəsində türk dünyasının şəxsiyyətləri ilə bağlı tematik ssenari müsabiqəsi elan olunub.

AZƏRTAC xəbər verir ki, festival “Əhli Sənət” Sinema və Mədəniyyət Dərnəyi tərəfindən “Bursa 2022 – Türk Dünyasının Mədəniyyət Paytaxtı” ili çərçivəsində gerçəkləşəcək. Müsabiqəyə türk dünyasının yeddi görkəmli şəxsiyyətinin həyat və yaradıcılığından, əsərlərindən bəhs edən qısa film ssenariləri qəbul olunur.

Ssenarilər Azərbaycandan Hüseyn Cavid, Qazaxıstandan Əhməd Baytursun, Qırğızıstandan Çingiz Aytmatov və Toktobolot Abdumomunov, Özbəkistandan Abdulhəmid Süleyman Çolpan, Türkiyədən Süleyman Çələbi və Türkmənistandan Məhtumkulu Fəraqi ilə bağlı olmalıdır.