Müharibənin rəngi qaradır, deyirlər. Amma mənim fikrimcə, müharibənin min bir rəngi var. Məsələn, qırmızı – axan qanların rəngidir, boz – tüstülənən şəhərlərin, sarı – solmuş ümidlərin, ağ – təslim bayraqlarının rəngidir…
Tarix boyu insanlar müharibələri qələbələrlə ölçüblər. Hansı sərkərdə neçə döyüş qazanıb, hansı ordu nə qədər torpaq fəth edib. Lakin heç kim müharibələri göz yaşları ilə ölçməyib… Bu kədərin miqyasını müəyyən etmək mümkün deyil. Heç kim düşünməyib ki, bu müharibədə neçə ana balasız, neçə körpə yetim, neçə gəlin dul qalıb.
Müharibənin qara xronikası: rəqəmlər, faizlər, nisbətlər… Lakin bu rəqəmlər minlərlə nakam taleyin harayıdır. Bu göstərici yarımçıq qalmış arzuların, parçalanmış ailələrin və puç olmuş xəyalların göz yaşlarında boğulur… O rəqəmlər bizə sülhün dəyərini və müharibənin gətirdiyi faciələri xatırladır…
Statistika müharibədə həlak olan əsgərin sadəcə sayını göstərir, amma bir ananın ürəyinin parçalandığını, bir atanın belinin büküldüyünü, bir sevgilinin xəyallarının alt-üst olduğunu ifadə edə bilmir…
Bəşəriyyət kosmosa gəmi göndərir, süni intellekt yaradır, xərçəngin müalicəsini tapır. Amma hələ də müharibəsiz yaşamağı öyrənə bilmir. Texnologiya inkişaf etdikcə müharibələr daha da dəhşətli olur. Daha “ağıllı” bombalar, daha “dəqiq” raketlər… Bəs insanlıq? İnsanlıq niyə inkişaf etmir? İnsan hələ də aliliyinə yüksələ bilmir…
Müharibə təkcə cəbhədə yox, insan qəlbində də gedir. Nifrət, qəzəb, intiqam hissi… Bunlar da müharibənin silahlarıdır. Mücərrəd silahlarıdır. Bəzən ən böyük döyüş məhz ürəklərdə gedir: bağışlamaqla bağışlamamaq arasında.
Sülh danışıqları aparılır – böyük salonlarda kostyumlu adamlar arasında. Amma əsl sülh ürəklərdə, beyinlərdə, düşüncələrdə imzalanmalıdır. Kağız üzərindəki sülh müqaviləsi yalnız müharibəni dayandıra bilər. Amma həqiqi sülhü yalnız qəlbindəki barış toxumu cücərib bərqərar edər.
Bəzən düşünürəm: bəlkə də, müharibələr ona görə bitmir ki, biz sülhün nə olduğunu unutmuşuq? Bəlkə də, savaşmağı barışmaqdan daha asan hesab edirik?
Müharibə heç vaxt uzaqda deyil. O hər birimizin içində potensial təhlükə kimi yaşayır. Hər dəfə başqasına nifrət edəndə, hər dəfə zorakılığı çıxış yolu kimi görəndə biz öz içimizdə kiçik bir müharibə başladırıq.
İnsan əvvəlcə özü ilə barışmalıdır ki, başqaları ilə də barışa bilsin. Əvvəlcə öz içindəki müharibəni bitirməlidir ki, çöldəki müharibəni dayandıra bilsin. Düşüncələrindəki iblisləri məhv etməlidir ki, həyatdakı iblisləri islah etsin.
Bəli, müharibənin min bir rəngi var. Amma sülhün sonsuz rəngləri var. Hər biri həyatın fərqli çalarını əks etdirir. Bu rənglər birgə yaşayışın harmoniyasını, qarşılıqlı anlaşmanın gözəlliyini və bəşəriyyətin ümumi dəyərlərini təcəssüm etdirir. Hər bir rəng öz unikallığı ilə sülhün mozaikasını daha da zənginləşdirir və dünyanı daha rəngarəng, daha mərhəmətli edir.