Xocalı… Bu, sadəcə xəritədə bir nöqtə deyil; o, bəşəriyyətin vicdanında açılmış dərin yaradır. Bu ad torpağa hopmuş göz yaşlarının, göyə yüksələn fəryadların, tarixin qan yaddaşına həkk olunmuş məsumluğun ürək parçalayan sədasıdır. Xocalı təkcə Azərbaycanın deyil, bütün insanlığın sızlayan vicdanının adıdır. O, zülmün kulminasiyası, mərhəmətin dibini göstərən məşəldir – qaranlıq gecədə insanlığın itirdiyi işığı xatırladan əbədi həqiqətdir. Xocalı bu gün bəşəriyyətə qarşı ən amansız faciənin yaşandığı bir şəhərin yükünü daşıyır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda İNSANLIQ da məhv edildi.
Ermənistan silahlı qüvvələri Sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə yuxulu Xocalıya ölüm toxumu səpdi. Evlərin pəncərələrindən boylanan alovlar sakinlərin gözlərindəki son həyat işığını da söndürdü. Beşikdən əsaya qədər hər can bu qanlı gecənin acı qismətini yaşadı.
Qaraqaya hündürlüyü – Xocalının qan yaddaşında əbədi iz buraxmış qara ləkə, xilas yoluna çəkilmiş qanlı pərdə idi… Fevralın 26-sı səhər saatlarında Ağdamın igidləri bu zirvəni fəth etdi, beləcə, Xocalının göz yaşları ilə suvarılmış torpağına azadlıq nəfəsi dəydi, sağ qalanların ümid yolu açıldı.
Qaraqaya əməliyyatı nəticəsində 200-ə yaxın insan girovluqdan azad edildi, 100-dən çox meyit Ağdama gətirildi. Məhşər meydanına çevrilmiş Ağdam cümə məscidinin qübbəsi o gün Xocalının göz yaşları ilə yuyuldu; bu, adi göz yaşları deyildi… Məsumların amansız qətlinə bütün Azərbaycan leysan kimi acı göz yaşları tökürdü. Tabutlardakı canlar yüzlərin, minlərin qəzəbdən düyünlənmiş yumruqları, əsəbdən çatılmış qaşları, ürəkləri partlatmaq dərəcəsinə çatan torpaq, vətən sevgisi və düşmənə nifrət hissi ilə hıçqırıq sədaları altında əbədiyyətə yola salındı. Ana fəryadları minarələrdən yüksəldi, məscidin hər daşı qisas andı içdi…
Bu faciə bizə heyvanların saxlandığı fermanın divarlarına heyvanların qoxusu əvəzinə körpələrin, anaların, yaşlıların fəryadlarının hopduğu, ah-nalələrinin əks-sədasının çökdüyü, məsum insanların amansızca axıdılan qan qoxusunun gəldiyi, ayaq basmağa qıymadığımız müqəddəs yer olduğunu da öyrətdi. Ferma sözü artıq bizim qan yaddaşımızda acı, göz yaşı, ah-nalə, çarəsizlik və kimsəsizlik deməkdir.
1992-ci ildə Xocalıda yaşananlar tamamilə fərqli idi… Xocalıdakı qış gecəsi ölümün nəfəsi kimi soyuq idi; yalın ayaqlar buz bağlamış torpaqlara azadlıq toxumu səpirdi. İnsanlar xilas üçün Allaha pənah gətirib, ondan ayaqlarına güc verməsini diləyirdilər.
… 31 il sonra – 2023-cü ilin sentyabrında 24 saatlıq antiterror əməliyyatı nəticəsində separatçılardan təmizlənmiş ərazilərimizdən biri olan Xocalı təkcə ərazi olaraq azad deyil. Orada yatan bədənlər də, ruhlar da artıq AZADDIR. O gecə Kətik meşəsində soyuqdan donmuş uşaqların, qocaların, qadınların, uşaqlarının öldüyünü görüb ürəyi partlamış atanın, nəvəsini belində daşımış nənənin də ruhu azaddır. O ruhların içərisində Xocalı dəhşətinin kadrlarını ürəkağrısı ilə çəkən Seyidağa Mövsümovun, faciəni lentə alarkən qulaqlarımızdan getməyən səsi ilə “Ay Allah!” – deyə ah-nalə ilə hayqıran, “Uşaqları aparın, uşaqları!” – deyib hönkürə-hönkürə ağlayan Milli Qəhrəman Çingiz Mustafayevin də ruhu azaddır. Ağdamda ilk müdafiə dəstələrinin yaradılmasında rolu olan, qardaşı Eldar Bağırovun yaratdığı “Vətən oğulları” taboruna ölümündən sonra rəhbərlik edən, müstəqil Azərbaycanın bayrağını Ağdamda ucaldan, 1003 nəfər Xocalı sakinini erməni girovluğundan azad edən Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun da, qardaşı Eldar Bağırovun da ruhu azaddır. “Xocalıdan 5 yaşlı qız”ın da ruhu azaddır. Tanıdığımız və tanımadığımız bütün xocalıların bu gün RUHLARI AZADDIR.
Biz artıq Xocalı faciəsinin qurbanlarını Xocalı ilə birlikdə yad edirik. Bu gün az da olsa, sığındığımız təsəllimiz var. Ona görə ki, o ruhlar, torpaq altındakı cansız bədənlər artıq güvəndədirlər. Analar körpələrini qucaqlayıb buraxmadığı kimi biz də Xocalını bərk-bərk qucaqlayıb dərdimizə, acımıza, ağrımıza artıq onunla birlikdə ağlaya bilirik. “Xocalı Azərbaycandır!” nidası dillərimizdə Zəfər nəğməsinə dönəndə qəlbimizdəki Xocalı yarasının ağrısı səngiməyə başladı. Bu şüar sanki içimizdəki ağrıya məlhəm oldu, illərin acısını bir qədər yüngülləşdirdi. Artıq Xocalı adı təkcə faciənin deyil, həm də qürurla dilə gətirdiyimiz qələbənin simvoluna çevrildi. Bu gün biz “Ana harayı”na Xocalıda şərik oluruq.
Bəli, Xocalı azaddır! Amma bu hər şeyin bitdiyi anlamına gəlmir. Xocalı soyqırımını törədənlər hələ də ədalət qarşısında cavab verməyiblər. Dünya susmağa davam etsə də, Azərbaycan susmayacaq. Xocalının qisası yalnız torpaqların azad olunması ilə bitmir – bu qətliamı törədənlər beynəlxalq hüquq müstəvisində cavab verməlidirlər.
Bu gün Xocalı yenidən qurulur, şəhər yenidən ayağa qalxır. Amma bu torpağın altında yatan şəhidlərin ruhu qarşımıza bir vəzifə qoyur: UNUTMAMAQ! Xocalını unutmaq Xocalıya xəyanət etmək deməkdir! Biz bu tarixi nəsildən-nəslə ötürməliyik. Çünki unudulmuş tarix bir gün təkrarlana bilər. Azərbaycan xalqı isə bir daha belə faciənin yaşanmasına imkan verməyəcək!
Xocalı harayı hələ də beynəlxalq ədalətə güvənib gözləyir. Bir gün dünya bu faciəni soyqırımı kimi tanıyacaq, Xocalının qanı yerdə qalmayacaq! Amma o günə qədər biz hər il Xocalını anacaq, hər zaman bu qətliamı dünyaya xatırladacağıq!
Xocalı – sən artıq AZADSAN! Qanlı gecəni unutmadan işıqlı gələcəyə doğru addımlayırıq!