Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 29 oktyabr – Respublika Günü münasibətilə ölkənin qurucusu Qazi Mustafa Kamal Atatürkün məzarını ziyarət edib.
“Report” xəbər verir ki, dövlət başçısı “Anıtkabir”ə əklil qoyub.
Türkiyə Cümhuriyyətinin dövlət himni səsləndirilib.
Ziyarətdə Türkiyənin vitse-prezidenti Fuat Oktay, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop, Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçeli, İyi Partiyanın sədri Maral Akşener, Cümhiriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, nazirlər və digər vəzifəli şəxslər də iştirak ediblər.
Daha sonra Türkiyə Prezidenti “Anıtkabir” özəl dəftərini imzalayıb.
Qeyd edək ki, oktyabrın 29-u Türkiyə Cümhuriyyətinin elan olunmasının 98-ci ildönümüdür.
1923-cü il iyulun 24-də Lozanna müqaviləsi imzalandıqdan sonra bu Türk dövlətinin müstəqilliyi qəbul edildi. Türkiyə Böyük Millət Məclisinin ikinci toplantısından 2 ay sonra 1923-cü il oktyabrın 13-də Ankara ölkənin mərkəzi olub. Bundan sonra yeni dövlətdə seçkilər başlayıb.
Birinci Dünya müharibəsindən sonra o vaxtkı güclər Osmanlını parçalayıb yerində kiçik dövlətciklər qurmaq istəyirdi. Türkiyə Cümhuriyyətinin qurulması yolunda on minlərlə qurban verilib.
Birinci Dünya Müharibəsinin sonunda imzalanan Mudros müqaviləsindən sonra İstanbul, İzmir və digər Osmanlı torpaqlarının xarici qüvvələr tərəfindən işğalı Türk Milli Hərəkatının ortaya çıxmasına səbəb oldu. 19 may 1919-cu ildə Çanaqqala döyüşünün görkəmli simalarından biri olan Mustafa Kamal Paşa, Samsuna gələrək, Sevr müqaviləsi ilə irəli sürülən şərtləri ləğv etmiş və ölkənin bütün torpaqlarının bütövlüyünü qorumağı hədəfləyən Türkiyə İstiqlaliyyət müharibəsini başlayıb. 1922-ci il sentyabrın 18-də ölkədəki bütün düşmən qüvvələr qovulmuş və 1920-ci il aprel ayından etibarən özünü ölkənin qanuni hökuməti elan edən Ankara Hökuməti tərəfindən Osmanlı mirası olan idarəetmə sistemini müasirləşdirilmiş və yeni respublika siyasi sisteminə keçid edilib.
Türkiyə Böyük Millət Məclisi tərəfindən həmin il noyabrın 1-də 623 illik Osmanlı sultanlığı ləğv edilib. Lozanna müqaviləsi Osmanlı İmperiyasının xələfi olan Türkiyə Respublikasının beynəlxalq mühitdə tanınmasını təmin etmiş və 29 oktyabr 1923-cü ildə paytaxt Ankara olmaqla Respublika elan edilib.
Türkiyə Respublikasının qurucusu və ilk prezidenti olan Mustafa Kamal, ölkənin yeni və dünyəvi bir respublikaya çevrilməsini hədəfləyən bir çox islahatlar aparıb. 1934-cü ildə çıxan soyad qanunu ilə o “Atatürk” soyadını alıb.
II Dünya Müharibəsində Türkiyə uzun müddət neytrallığını qoruyub.
Müharibənin son aylarında 1945-ci il fevralın 23-də müttəfiq dövlətlərin tərəfinə keçib. Türkiyə 1945-ci il iyunun 26-da Birləşmiş Millətlər Təşkilatının qurucu üzvlərindən biri olub.
1948-ci ildə Avropa iqtisadiyyatının yenidən qurulması planına Marşal və OECD daxil edilib. Koreya yarımadasındakı müharibəyə Birləşmiş Millətlər qüvvələri ilə birlikdə qatılan Türkiyə, 1952-ci ildə Sovet İttifaqına qarşı yaradılan NATO təşkilatına üzv olub.
1946-cı ildən Türkiyə Respublikası çoxpartiyalı sistemə keçib. Çoxpartiyalı demokratiya dövrü 1960, 1971, 1980 və 1997-ci illərdə dövlət çevrilişləri ilə müvəqqəti olaraq dayandırılıb.
Həmçinin, 2016-cı ilin iyul ayında da hakimiyyət dəyişikiyinə uğursuz cəhd edilib.
1923–2018 illərdə Türkiyədə parlamentar idarəetmə sistemi mövcud olub. 2017-ci ildə konstitusiya dəyişikliyi bağlı keçirilən referandumunun nəticəsində Türkiyə Prezident Respublikası sistemini qəbul edib. Yeni sistem 2018-ci ildə Prezident seçkisi ilə qüvvəyə minmiş və prezidentə fərman vermək, kabinet təyin etmək, büdcə hazırlamaq, seçki çağırışı ilə parlamenti ləğv etmək, məhkəmələrə və bürokratiyaya siyasi təyinatlar etmək səlahiyyətləri daxil olmaqla tam nəzarət verilib. Rəcəb Tayyib Ərdoğan 2014-cü ildə ümumxalq səsverməsi ilə seçilən ilk prezidentdir. Konstitusiyaya əsasən Türkiyə unitar bir mərkəzi olan dövlətdir.
1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə olduğu kimi Türkiyə ilə Azərbaycan arasında münasibətlər ən yüksək səviyyədədir.
Türkiyə vətəndaşlarını və bu dövləti sevənləri Cümhuriyyətin 98-ci illiyi münasibəti ilə təbrik edirik.