“Azərbaycana səfərimizin məqsədi azad olunmuş ərazilərdə mədəni abidələrin durumunun araşdırılması, həmin ərazilərdəki minalarla bağlı vəziyyəti öyrənməkdir”.
“Report”un xəbərinə görə, bunu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, keçən il müharibə vaxtı Azərbaycana səfər zamanı Gəncə, Ağdam, Mingəçevir və Tərtərdəki vəziyyətlə tanış olub: “Ermənistandan atılan raketlər nəticəsində həyatını itirən azərbaycanlı qardaşlarımızın məzarlarını ziyarət edib, yaxınları ilə görüşdük. İƏT olaraq hesabat da hazırladıq. Bu hesabatı Türkiyə və Azərbaycanda müvafiq qurumlara təqdim etdik. Həmçinin BMT-yə və Beynəlxalq İnsan Haqları Məhkəməsinə göndərdik”.
O bildirib ki, müharibənin olmasını heç kim istəmir: “Amma dünya qurulandan bəri müharibələr olur. Müharibənin də öz qaydaları var. Heç vaxt müharibə zonasından kənarda raketlərlə şəhərlərin vurulmasından söhbət gedə bilməz. Bu müharibə və insanlıq əleyhinə cinayətdir. Bu cinayəti törədən Ermənistan rəsmiləri mütləq cəzalandırılmalıdır. Onlar bu əməllərinə görə cavab verməlidir ki, belə hadisələr təkrarlanmasın”.