Türkiyənin “Bengü Türk” televiziya kanalında yayımlanan “Azərbaycan rüzgarı” proqramının növbəti buraxılışı Xalq rəssamı Mikayıl Abdullayevin andan olmasının 100-cü ildönümünə həsr edilib.
AZƏRTAC xəbər verir ki, verilişin qonağı Azərbaycanın Əməkdar rəssamı, İstanbulun Yeditəpə Universitetinin müəllimi, professor Teymur Rzayev olub.
Müəllimi olan Mikayıl Abdullayevin xatirəsinə həsr olunan verilişdə qonaq olduğu üçün qürur hissi keçirdiyini bildirən Teymur Rzayev, Xalq rəssamı haqqında xatirələrini bölüşüb, əsərləri haqqında geniş məlumat verib. Qeyd edilib ki, Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin İstanbul səfəri zamanı Teymur Rzayev şəxsi kolleksiyasından Xalq rəssamı Mikayıl Abdullayev tərəfindən çəkilən orijinal əsəri Şuşada açılacaq muzeyə hədiyyə edib.
Proqramda Mikayıl Abdullayev haqqında videoçarx və onun Nizami Gəncəvinin “Xəmsə”sindəki əsərlərə uyğun hazırlanan mozaikləri nümayiş etdirilib.
Verilişdə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən Xalq rəssamının andan olmasının 100-cü ildönümü münasibətilə Türkiyədə təşkil olunan tədbirlərdən bəhs edilib.
Xatırladaq ki, artıq iki ildən çoxdur Azərbaycan mədəniyyətini və tarixini Türkiyə tamaşaçısına yaxından tanıdan “Azərbaycan rüzgarı” proqramının müəllifi və aparıcısı, həmyerlimiz jurnalist Səidə Ömərdir.