Bu il Türkiyədə dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq elmi konfrans və müsabiqə keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun təklifini Avrasiya Yazarlar Birliyinin rəhbəri Yaqub Öməroğlu dəstəkləyib.
Ankaradakı diplomatik missiyamızda baş tutan görüş zamanı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2024-cü ili Türk dünyası ədəbiyyatının tanınmış siması Məhəmməd Füzulinin 530 illik yubileyinin keçirilməsi barədə Sərəncam imzaladığını xatırladan Samir Abbasov bildirib ki, bununla əlaqədar Avrasiya Yazarlar Birliyi ilə birgə şeir müsabiqəsi təşkil oluna bilər. Həmçinin Azərbaycan ədəbiyyatından türk dilinə peşəkar tərcümələr edən nəzm və nəsr ustaları üçün təlimlər keçirilə bilər.
Təkliflərlə bağlı razılıq əldə olunub.
Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin inkişafı, Azərbaycan ədəbiyyatının Türkiyədə, Türk dünyasında daha yaxşı tanıdılması, birgə tədbirlər və layihələrin həyata keçirilməsi istiqamətində geniş müzakirələr aparılıb.
Samir Abbasov türk dövlətləri arasında münasibətlərin inkişafında mədəniyyət, ədəbiyyatın mühüm rolu olduğunu və birgə ədəbi layihələrlə bağlı Avrasiya Yazarlar Birliyinin həyata keçirdiyi işlər barədə Yaqub Öməroğlu ilə fikir mübadiləsi aparıb.
Öməroğlu Avrasiya Yazarlar Birliyinin əsas məqsədinin mədəniyyət və ədəbiyyat sahəsində çalışanlar arasında yaradıcılıq əlaqələrinin genişləndirilməsi, ölkələr arasında mədəni-ədəbi əlaqələri, habelə bütün türk dillərini inkişaf etdirmək, türk ədəbiyyatını bütün dünyada daha yaxşı tanıtmağa çalışmaq olduğunu bildirib. O, Azərbaycanla ədəbi əlaqələrin genişləndirilməsi istiqamətində işlərin həyata keçirildiyini qeyd edib.
Yaqub Öməroğlu Avrasiya Yazarlar Birliyinin hazırda bir sıra mühüm layihələri reallaşdırdığını, Beynəlxalq Mahmut Kaşqarlı hekayə müsabiqəsi və Dədə Qorqud Teatr əsər müsabiqəsi kimi ədəbi tədbirlərin keçirildiyini, Türk dünyasında yeni şair və yazıçıların yetişdirilməsi üçün “Yazı seminarları”, tanınmış ədəbiyyat simalarının yubiley və anım günlərinin, habelə bu mövzuda yeni nəşr olunmuş kitab təqdimatlarının təşkil edildiyini bildirib.
Görüşdə Azərbaycan ədəbiyyatı nümunələrinin türk dilinə tərcüməsi və tərcümə işi sahəsində mövcud vəziyyət barədə fikir mübadiləsi aparılıb.
Daha sonra 2024-cü ilin oktyabr ayında Ankarada keçiriləcək Beynəlxalq kitab sərgi-yarmarkasında Azərbaycanın geniş təmsil olunması, ədəbi əlaqələrin daha da genişləndirilməsinə dair fikirlər səsləndirilib.
Tərəflər cari ilin payız aylarında Türkiyədə Məhəmməd Füzulinin 530 illik yubileyi ilə əlaqədar Azərbaycan, Türkiyə və digər ölkələrin füzulişünas alimlərinin iştirakı ilə Beynəlxalq Elmi Konfransın keçirilməsi və bununla bağlı birgə iş aparılmasını razılaşdırıblar.