Türkiyənin tanınmış “Virüs” kitab-dərgisində tanınmış şair, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs haqqında məqalə çap olunub.
Bakı Slavyan Universitetinin Rus ədəbiyyatı tarixi kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Kəmalə Umudovanın şairin yaradıcılığının təməl mövzularını önə çəkən, üslub xüsusiyyətlərini, antropoloji axtarışlarını təhlil edən “İnsan mərkəzli şeir” adlı məqaləsi “Virüs” mədəniyyət, sənət və ədəbiyyat dərgisinin son 16-cı sayında (iyun-iyul-avqust) işıq üzü görüb. Həmçinin, sözügedən sayda şair Qulu Ağsəsin bir sıra şeirləri türkiyəli oxuculura təqdim olunub.
Şairin “Sual, Nida”, Nöqtələr” (“Dur(y)ğu işarələri” silsiləsindən), “Çətirim səma”, “Üstünü”, “Bir də baş qoşan deyiləm”, “Sizə kimdən deyim” və digər şeirlərinin tərcüməsini Kəmalə Umudova və Türkiyənin tanınmış tərcüməçisi Uğur Buke birgə həyata keçiriblər.
Qeyd edək ki, budan öncə Kəmalə Umudovanın təşəbbüsü və şair Ziya Qaratəkinlə işbirliyi nəticəsində Türkiyədə Qulu Ağsəsin Qarabağ mövzusuna aid son şeirləri də daxil olmaqla, bir sıra yeni poeziya nümunələri Adanada nəşr olunan “Yaşam Sanat” ədəbiyyat və mədəniyyət dərgisində (2021-ci il, noyabr-dekabr, say 54) işıq üz görmüşdü.
525.az