- Ədəbiyyat

Türkiyədəki “Kültürel Azerbaycan” jurnalının xüsusi buraxılışı Füzuli irsinə həsr olunacaq

Türkiyədə nəşr olunan “Kültürel Azerbaycan” jurnalının xüsusi buraxılışı dahi Azərbaycan şairi, Türk ədəbiyyatının görkəmli nümayəndəsi Məhəmməd Füzuliyə həsr olunacaq.

AZƏRTAC xəbər verir ki, müvafiq razılıq səfirliyimiz nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə “Kültürel Azerbaycan” jurnalının rəhbərliyi arasında əldə olunub.

Payız aylarında buraxılacaq “Kültürel Azerbaycan” jurnalının xüsusi nəşrində Məhəmməd Füzuli şəxsiyyəti, yaradıcılığı və ədəbiyyatımıza verdiyi töhfələrə dair Azərbaycan, Türkiyə və digər Türk dövlətlərinin Füzulişünas alimlərinin məqalələri Türk dilində yer alacaq, dahi şairin yaradıcılığına geniş yer veriləcəkdir.

Bu il Azərbaycan Mədəniyyət Mərkəzi dahi şairimiz Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibətilə Türkiyədə – Ankara və Konya şəhərlərində Füzulişünas alimlərinin iştirakı ilə beynəlxalq elmi konfransların keçirilməsini, şairin əsərlərinə dair tarixi əlyazmaların, miniatürlərin sərgisi və Füzuli əsərlərindən ibarət səhnələşdirilmiş ədəbi kompozisiya, habelə Türkiyənin Anadolu Simfonik Orkestrinin iştirakı ilə konsert proqramının təşkilini planlaşdırır.

Qeyd edək ki, 2024-cü ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən müvafiq Sərəncam imzalanıb.