Azərbaycanın Türkiyədəki səfirliyinin tabeliyindəki Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur” Rəqs Ansamblı və Dərnəyi milli rəqslərimizin təbliği məqsədilə mühüm layihələr həyata keçirir. Bu ilin əvvəlindən sözügedən ansamblın adı dəyişdirilərək “Zəngəzur” Azərbaycan Xalq Rəqsləri Ansamblı-Dərnəyi adlanır.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ölkəmizin incəsənəti, rəqs sənətinin təbliği məqsədilə mərkəzin nəzdində təşkil edilmiş ansamblın ötən müddət ərzində Türkiyənin paytaxtı və bölgələrində keçirilən beynəlxalq mədəniyyət festivalları, habelə “Azərbaycan incəsənəti günü”ndə yüksək səviyyədə çıxış etdiklərini söyləyərək, bu təqdimatların yerli tamaşaçılar tərəfindən maraq və alqışlarla qarşılandığını qeyd edib.
Daha sonra ansamblın bədii rəhbəri və üzvlərinə Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri fərmanları təqdim edilib.
Ansamblın bədii rəhbəri Gülçöhrə Sanqu çıxışında zəngin Azərbaycan mədəniyyətinin, rəqs sənətinin Türkiyədə təbliğindən fəxr hissi keçirdiklərini qeyd edərək, qardaş ölkədə milli rəqslərimizə marağın günü-gündən artdığını və “Zəngəzur” Azərbaycan Xalq Rəqsləri Ansamblı-Dərnəyinin sıralarının genişləndiyini qeyd edib.
O, yaradılan şəraitə görə Azərbaycan dövlətinə təşəkkür edib, gələcəkdə də milli rəqslərimizi geniş təbliğ edəcəklərini bildirib.
Qeyd edək ki, Ankarada Kızılay bölgəsində Çalışma salonunda fəaliyyət göstərən ansambl milli rəqslərimizin təbliği məqsədilə mühüm layihələr həyata keçirir.
Dərnək həftədə üç dəfə məşğələlər keçirir, yerli azərbaycanlılarla yanaşı, Türkiyə vətəndaşları da bu məşğələlərdə iştirak edərək, Azərbaycan milli rəqs sənətinin sirlərini öyrənirlər. Dərnəyin fəal üzvləri isə ansamblın əsas heyətini təşkil edirlər.