- Mədəniyyət

Türkiyənin Bayburt şəhəri növbəti dəfə Beynəlxalq Dədə Qorqud Festivalına ev sahibliyi edir

Türkiyənin Bayburt şəhərində Beynəlxalq 27-ci Dədə Qorqud Festivalının açılışı olub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Bayburtda Dədə Qorqud məzar-türbəsi ziyarət edilib, önünə əklil qoyulub.

Əfsanəyə görə Dədə Qorqudun məzarı məhz bu şəhərdə yerləşir. Festival Oğuz elinin atası Dədə Qorqudun zəngin irsinə diqqət çəkmək üçün 1994-cü ildən başlayaraq hər il iyul ayının üçüncü həftəsində təşkil edilir.

Builki tədbirdə də yüzlərlə yerli və xarici qonaq iştirak edir.

Ənənəvi olaraq 27-ci dəfə təşkil edilən festivalın məqsədi Türk dünyasının ortaq dəyərlərindən olan Dədə Qorqudla bağlı görülən işlərə nəzər salmaq, bu sahədə yaradılan əsərlərlə bağlı fikir mübadiləsi aparmaq, tarixi irsimizlə bağlı qarşıda duran vəzifələri müəyyənləşdirməkdir.

Dədə Qorqud Türk mədəniyyətinin ən mühüm simvollarından biridir. Ən qədim türk dastanı olan Dədə Qorqudda bəhs edilən qəhrəmanlıq hekayələri bu günə qədər türk tarixinə və mədəni keçmişinə işıq salmağa davam edir.

Festival çərçivəsində milli yeməklərin təqdimatı, sərgilərin, konsertlərin, folklor tamaşalarının, konfransların və digər mədəni tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 2018-ci il noyabrın 28-də Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında qəbul edilmiş qərarla Azərbaycan, Türkiyə və Qazaxıstan ilə birgə təqdim etdiyi “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” çoxmillətli mədəniyyət nümunəsi kimi UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir.

“Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli mədəniyyət nümunəsi Azərbaycanda, Türkiyədə və Qazaxıstanda birlik, bərabərlik və müxtəlifliyi, həmçinin xalqlarımızın ailə dəyərlərini, qadının cəmiyyətdə rolu, qonaqpərvərlik və ədalət prinsiplərini təbliğ etdiyini ifadə edir.