- Ədəbiyyat

Türkizmlər ictimai-fəlsəfi məzmun göstəricisi kimi

Zəhra ALLAHVERDİYEVA
 Nizami “Xəmsə”sində türkizmlər ictimai-fəlsəfi məz­mun daşıyıcısı olmaqla, ekspressiv üslubi formanı şərtləndirir və bir qayda olaraq, yüksək estetik çalarların realizəsinə yönəldilir. Ədəbi mətndə özünün xüsusi dinamik funksiyası ilə əsasən sətraltı mənalara şamil edilən, “xeyir və şərə” bölünən iki dəbi-fəlsəfi kateqoriyalar daxilində, yalnız xeyirin əlamətlərini ifadə edən türkizmlər tarixən get-gedə ənənəyə çevrilir və cəmiyyətdə yaxşı olan nə varsa, gözəllik, ağıl, cəsarət, hünər, xeyirxahlıq və s. elementlərin simvoluna çevrilir. Bu baxımdan ədəbiyyatda “türk” leksik vahidinin əlamət və funksiyalarının öyrənilməsinə ehtiyac vardır. Böyük tarixi dövr ədəbiyyatı, dil və mədəniyyət subyekti olmaqla, türkizmlər ayrı-ayrı sənətkarlar tərəfindən mütəmadi aktuallaşdırılır və arxaik olmaqdan daha çox ənənəvi məna və ictimai məzmun kəsb edən stereotipə çevrilir.
Bu baxımdan, Nizaminin fəlsəfi-nəzəri təfəkküründə, bədii üslubunda “türk” etnonimi vahid ictimai-estetik funksiya daşıyır və bu etnosa xas məzmun, mənəvi dəyərlər və zahiri əlamətlər fundamental şəkildə əks olunur.
Nizami “Xəmsə”sində türkizmlərin ictimai-məzmun və semantik xüsusiyyətlərinin tədqiqi  nəinki bu leksik vahidlərin poetik üslubi özəlliklərini öyrənməyə imkan açır, həmçinin orta çağlar azəri bölgəsinə xas dil xüsusiy­yət­lərini, ədəbi prosesin inkişafında bu leksemlərin daşıdığı funksional əhəmiyyəti dəqiqləşdirməyə şərait yaradır.
Artıq qeyd etdiyimiz kimi, “Xəmsə”də bütün tarixi-ictimai fəaliyyəti, zahiri əlamətləri və mənəvi dəyərlərilə i ifadə olunan “türk” sözü müəyyən spesifikaya, semantik və struktur ünsürlərə tabe olur. “Türk” obrazının ən qədim mötəbər mənbələrdə təsvir olunan “iti yürüşlü”              qəhrəmanlarından tutmuş, – köç məcburiyyətinə qədər Xəmsə”də monumental formula edilməsi, ümumiy­yətlə, türk xalqlarının psixoloji-mənəvi həyatının, məişətinin klassik bədii təsvirinə can atması təsadüfi deyildi.
Yaradıcılığını dövrün ən yeni ideyaları və poetik imkanları ilə zənginləşdirən və uğurla da bütün dünya ədəbiyyatını özünə ram edən Nizami kimi bir sənətkarın öz vətənpərvərlik və milli hisslərini hər cür konservatizmdən uzaq, yüksək bəşəri dəyər kimi sənətə gətirməsi qət olunmuş ədəbi fəlsəfi mərama və türk dünyasında baş verən tarixi zəruriyyətə söykənirdi.
Qeyd edək ki, “Xəmsə”də türkizmlərin yüksək poeziya dilinə xas normativlərə uyğun olması, farsdilli poeziyanın şeir texnikası ilə qarşı-qarşıya, bu normativlərin bir-birini tamamlaması, ədəbi türkcənin Nizami dövründə geniş yayıldığından və şairin bu dil elementlərindən asanlıqla bəhrələndiyindən xəbər verir. Ümumiyyətlə, türkizmlər şairin bədii dil leksikonunda daim təkrarlanan ünsürlərdir.
Tam qətiyyətlə demək mümkündür ki, türkizmlər semantik-üslubi xüsusiyyətə malik olmaqla, fars dilində yazan türk sənətkarlarının yaradıcılığında təfəkkürün ifadə formasını asanlaşdırmağa xidmət edir və bu xüsusiyyət türkcə yazmağa keçid mərhələsini başlıca struktur əsasıdır.
Türk alimi Kamal Yavuzun qeyd etdiyi kimi, “türk millətində əsər vermə adəti daha ilk yazılı mətn olaraq Orxon Abidələri ilə götürülür. Abidələrin xaqanlar və vəzir adına yazdığı nəzərə alınırsa, türkcədə ilk əsər verənlər başda xaqan olmaqla, dövlətin irəli gələnləridir… İslami dövr içərisində isə ortaya gələn əsərlərin müəlliflər tərəfindən xaqana gərəksə, xəlifəyə sunulması vardır. Bun­lardan 1077-78 yılında yazılaraq Xəlifə Miktədibillaha sunulan “Divani-lüğəti-t Türk;” Türkcənin böyük bir dil olduğunu göstərmək və ərəblərə öyrətmək qayəsiylə yazılır. Bu halda Kaşqarlı Mahmud əsərini, Türkcəni ərəblərə öyrətmək dışında, doğrudan doğruya türkcəyə hizmət eşqiylə yazılmışdır.
Yusif Has Hacib zamanında, rahmenti hocam Ahmet Caveroğlu’nun da derslerinde zaman-zaman söylediyi gibi, farsca Şehname’nin yazılmış olması, Yusif Has Hacib’i Türkce bir Şehname yazmaya sevk etmişdir (35, 9).
K.Yavuz belə bir nəticəyə gəlir ki, “Qutadqu-bilik” türk millətinin təkcə dil elementlərini deyil, onun ictimai-sosial həyatını əks etdirən mənbədir. Qeyd edək ki, türk dili, ümumiyyətlə, türk xalqları üçün xarakterik olan semantik formaları Nizami Gəncəvinin “Xəmsə”si və Yusif Xas Hacibin “Qutadqu-bilik” əsəri arasında müqayisəli şəkildə araşdırma aparan N.Araslı belə bir nəticəyə gəlir ki, türk dilində yaranan əsərlərin Nizami sənətinin poetik baxımından püxtələşməsində əhəmiyyətli təsiri olmuşdur (5, 59-62).
Türkcənin şöhrətlənməsində, bunun müqabilində, türkizmlərin yayılmasında türk sultanlarının da müstəsna rolunu qeyd etmək lazımdır. Tarixdə öz cəsurluqları və ədalətli olmaları ilə tanınan türk sultanlarına yazılmış mədhiyyələrdə çoxlu sayda türk etnonim, toponim və onomastika vahidlər mövcuddur. “Şahnamə”dən sonra,  Fəxrəddin Gürgani “Vis və Ramin” əsərində Səlcuq dövlətinin yaradıcısı Sultan Məhəmməd Əbutalib Toğrul bəyə (1040-1063) həsr etdiyi mədhiyyədə yazır:
Adı Məhəmməddir peyğəmbər kimi,
Onun tək qüdrətli, qalib ər kimi.
Günəşdir  məşriqdən  çıxandan  bəri
Cəmşid kimi taxtı, ordu- ləşkəri.
Hind, Məşriq  baş əyir  hindu  xəncərinə,
Rum, Bərbər tabedir  türk  ərlərinə.
Əgər qəsdi varsa, talar yurdunu,
Dünya tək əlindən alar yurdunu (19,18).
Bu qəbildən olan bədii parçalar bir çox anlaşılmaz məqamları, indiyədək türk sultanlarının özünü “ər, igid türk” kimi dərk  edib, ancaq türkün dilinə etinasızlıq göstərməsi fikrini sual işarəsi altına qoyur: necə olur ki, bütöv sistem olaraq, öz türklüyü ilə- tarixi igidliyi, yürüşləri, hücumçu, qalib olmaq xüsusiyyəti ilə öyünür, ancaq dil probleminə gəldikdə susur. Sözsüz ki, bu bizim dil tariximizə düşmənlərimizin əsrlərdən bəri vurduğu zərbələrin qatı izidi. Tariximiz silinmiş, o cümlədən yazılı ədəbi dilimizin lap qədimdən mövcudluğuna da qəsdən kölgə salınmışdır.
Bu baxımdan “Xəmsə”yə səpələnmiş türkizmlər türkçülüyün tarixi inkişafının təzahürü, türk xalqının yazılı mədəniyyətinin klassik ifadəsi idi. “Xosrov və Şirin”də bu mədəniyyətin lokal ifadəsini əks etdirən misralara diqqət yetirək:
توکزعبرت بد ین افسانه مانی           چه پنداری گر افسانه خوانی
در ین افسانه شرطست اشک را ندن    گلابی تلخ برشیرین فشاندن
بحکم آنکه آن کم زندگانی            چو گل بربرباد شد روز جوانی
سبک رو چون بت قپچاق من بود     گمان افتاد خود کا فاق من بود
همایون پیکری نغز خردمند                فرستاده بمن دارای ربند د
پرندش د رع و از د رع آهنین تر          قبا ش از پیرهن تنگ
آستین تر
سرانرا گوش د ر ما لش نهاده           مرا د ر همسری بالش نهاده
چو ترکا ن گشته سوی کوچ محتاج    زترکی داده رختم را بتا راج
اگر شد ترکم از خرگه نهانی   خدایا ترک زاد م را تو دانی
(46, 745)
Sən bu əfsanədən ibarət al,
Elə bilmə ki, əfsanə oxuyursan.
Bu əfsanədə şərt budur ki, gərək göz yaşı tökəsən.
Şirinin (məzarı) üstünə acı gülab səpəsən.
Çünki o, az yaşadı.
Cavanlıq günündə gül kimi bərbad oldu.
Mənim qıpçaq bütüm kimi cəld (iti yerişli) idi.
Elə bil mənim Afaqımın özü idi.
Ağıllı-kamallı, humayun bir gözəldi.
Dərbəndin şahı mənə göndərmişdi
Geyimi zireh, dəmir zirehdən də möhkəm,
Qəbası dar köynəyinin qolunda da dar .
Özgələrin qulağını burub
Mənimlə bir balışa baş qoymuşdu.
Türklər kimi köçməyə möhtac olanda,
Evimi türk kimi talan elədi.
Türküm çadırımdan köçüb getdisə,
İlahi türkzadəmi sən özün saxla!
Bu misralardan məlum olur ki, Nizami “Xəmsə”sində türk obrazı özünün spesifik xüsusiyyətləri ilə digər qəhrəmanlardan seçilir. Klassik fonda təsvir olunan bu obraz cəsur, sədaqətli, nəcib və xeyirxahdır, gözəllik və alicənablığın simvoludur. Xatırladaq ki, M.Ə.Rəsulzadə öz araşdırmalarında Nizaminin türklük anlayışını aşağıdakı prinsiplər əsasında bölmüşdür: 1) türk gözəldir; 2) məcazlarla zəngin olan Nizami üslubunda türklük – qüvvət və qəhrəmanlıq timsalı kimi işlənir; 3) Türk “Nizaminin lüğətində bir rəhbər”, başçı deməkdir. Ən böyük başçını, ən böyük peyğəmbər, ən böyük imperatoru, müəyyən təşbehlə vermək istəyəndə Nizami “türk” sifətini işlədir;   4) Ədalət üzərində qurulmuş dövləti idealizə edən Nizami bu idealı türk dövlət tipində tapır (53, 140-148).
Alimin bu bölgü prinsipinin hər biri möhkəm bədii-fəlsəfi əsaslara söykənir. İslami fəlsəfə öz ideyalarını ədəbiyyata diqtə edirdi və bu fəlsəfənin əsasında sözsüz ki, insan və onun mənəviyyatı problemi dururdu. Şair tərəfindən yaradılan bədii obrazlar, onların xarakteri mənəviyyat adlı fəlsəfi kateqoriyanın tələblərinə uyğun olmalı idi. Bu tələbə, şairin mənsub olduğu, öz ədaləti, xeyirxahlığı və gözəlliyilə məşhur olan türk obrazı tam cavab verirdi. “Ədəbiyyatı daima canlandıran prinsip olan mənəviyyat” (Kant) və bu mənəviyyatı şərtləndirən cəhətlər (“həqiqət (haqq) – 3.  A), xeyirxahlıq, gözəllik (20, 50) Nizaminin yaratdığı “türk” obrazında cəmlənmişdi. Bu baxımdan, “Xəmsə”də millət, etnos adı bildirən “türk” sözünün bədii-leksik yükü çoxmənalıdır və ədəbiyyatı irəli aparmağa qadir olan, mənəvi həqiqətlər məcmusu rolunu oynayan bu etnonimin obrazlaşdırılması bədii-fəlsəfi məntiqin həyati reallıqlara uyğunlaşdırılması demək idi.
Nizaminin şərh etdiyi leksik anlamda türk həmişə ədalətlidir, haqdır.
Bu ifadəni qısaca “Sirlər xəzinəsi”ndən gətirilən beytlə aşağıdakı kimi formula etmək mümkündür:
Beyt:
دولت ترکا ن که بلندی گرفت   مملکت از داد پسندی گرفت
چونکه تو بیدادگری پروری   ترک نهٌ هندوی غا رتگری
(45, 113).
             Türklərin dövləti göyə yüksəlib,
Məmləkət ədalətdən (o mövqeyə) çatıb.
İndi ki, sən zülm yolunu tutursan,
Türk deyilsən, qarətçi hindusan.
“Türk” etnonimi burada ədalətin simvolu olaraq “dövlət quruculuğunu” (17, 146) təmsil edir. Ədalətli türk və qarətçi hindu təzadı bədii-leksikoloji antonim yaradaraq şairin ədalət haqqında fəlsəfi ideyasını əks etdirir.
Nizaminin “Xəmsə”də dönə-dönə formula etdiyi ədalət və din idealı onun ədəbiyyatda yeniliyin əsas bazasını təşkil edir. Bu yenilikləri sistemləşdirmək üçün “Xəmsə”də ideallaşdırılmış obrazların xarakterini analiz etmək kifayət etmir. Ümumiyyətlə, Nizami tiplərinin hər biri dövrün fəlsəfi ideyalarının müəyyən kateqoriyasını əks etdirir. Həmçinin bu tiplər təkcə nəzəri-məntiqin məhsulu olmayıb, real həyat olaylarına bağlıdır. “Türk” fərdi leksik vahidinin məzmununa gəldikdə isə, onun bədii-fəlsəfi müəyyənliyi fərdi keyfiyyətlərilə real həyata şamil edilir, bu – yüksək ideyalar ifadə edən çoxmasştablı obrazdır. Bu fərdin sosial-fəlsəfi və milli epitetləri poeziyada aktiv rol oynayır. Milli epitetlərə – adlarla, türklərin döyüş tarixilə, xeyirxah xasiyyətlərilə bağlı epitetlər şamil edilir. Bu epitetlər türkün şəxsiyyəti, kimliyi, xarakterik xüsusiyyətlərini ifadə edir. Psixologiya və əxlaqi keyfiyyətlər, mənəviyyat şairə həqiqətləri diqtə edir və hər cür düzəlişlərə, izahlara burada ehtiyac yoxdur.
Türknaz – Türktaz adlarının “naz” – “zərflik, incəlik, yavaş-yavaş yerimək mənası ilə, “taz” – cəld, itiyerişli tərkiblərinin “Yeddi gözəl”də təzad yaratması (48, 110), “”türklər kimi yürüş etmək” (48, 142), “türk basqını” (48, 108) epitetləri “Xəmsə”dəki saysız-hesabsız nümunələrdən biridir.
Xəmsə”də türk milli məzmunu ictimai-fəlsəfi fikirlə birləşdirilir, türk kamilliliyin, insanın ilk yaranışından kamilliyə gedən yolda birinci epitetlərdən biridir: “Sirlər xəzinəsi”ndə “Adəmin yaradılması” haqqında məqalədə Adəmin Allaha tövbədən sonra kamilləşdiyini aşağıdakı şəkildə göstərir:
ترک خطائ شده یعنی چو ماه     زلف خطا برزده زیر کلاه
 (45, 84).
Aya bənzər Xətay türkü oldu,
Xəta zülfünü papağının altında gizlətdi.
Xətay türkü – milli məzmun göstəricisi olan epitet fəlsəfi anlayış kateqoriyasının elementinə çevrilir. Yəni o, Adəm peyğəmbər – sadə, təmiz, günah işlətməyən, gözəl, ayüzlü Xətay türkü oldu.
“Xəmsə”də türklərin əraziləri, tutduqları ictimai-siyasi mövqe, həmçinin diqqət mərkəzindədir.Nizami “İsgəndər­namə”sində türklərin ayrı-ayrı etnik birləşmələri, digər xalqlarla siyasi-iqtisadi münasibətləri  öz əksini tapmışdır.
کوه خزر  تا بدریای  چین    همه ترک بر ترک  بینم  زمین
(49, 409).
Xəzər dağından Çin dəryasına qədər,
Hamısı türkdü, yer üzünü türklə dolu görürəm.
Ədəbiyyatda tarixin olduğu kimi formula edilməsi, yəni türk xalqına münasibət, onların mənəvi keyfiyyətləri, əraziləri, məişət və s. farsdilli Şərq poeziyasına gətirilməsi novatorluq idi. Bu problemə Nizami kimi yanaşan digər “Xəmsə” müəllifi, yaxud alternativ əsər tapmaq mümkün deyildir. Məlumdur ki, Nizami şərq şerinin ümumi inkişaf prosesində köhnə, daşlaşmış qaydaları parçalayıb keçməsi, klassiklərin ideyalarına yenilik, ədəbi üslubda novatorluğu ilə seçilirdi. Tükçülüyün yayılmasına xidmət edən türkizmlərin geniş işlənməsi isə, şairin ideyalarının bir ayrıca istiqaməti idi. A.B.Kudelinin VIII-XI əsrlərdə ərəb poeziyasını izlərkən gəldiyi qənaəti eynilə Nizami davamçılarına şamil etmək olar: “davamçılar ən yaxşı əsərlərdən seçilmiş nümunələrə səcdə etmirlər, onlara (əvvəlkilərə – Z.A.) münasibətdə çox sərbəstdirlər, hətta onlarla mübahisə edirlər” (20, 185).
Bununla belə, sənətkarlar Nizaminin tarixdən gətirib ədəbiyyata yeni nəfəslə təqdim etdiyi türk obrazının xüsusiyyətlərini olduğu kimi verməli olmuşlar. Məs., yuxarıda qeyd etdiyimiz Nizaminin “İsgəndərmə”sindən “türklərin əraziləri” haqda fikirləri, Əmir Xosrov Dəhləvi “Ayine-yi İsgəndəri” əsərində aşağıdakı şəkildə təsvir edir:
ازاقصای چین در ختن سر کشید           بسرحدَ اتراک لشکر کشید
برید از حد ترک پیوند را                    بنا کرد شهر سمرقند را
  از اینجا کشش سوی خوارزم کرد       شکیبا نشد بیشتر عزم کرد
بخاک خضر گشت منزل شنا س    د ر و کرد شهر چو بلغا راساس
نواهی نشینان آن کا رگاه                   نها د ند گردن بفرما ن شا ه
چو فرما ن گذاری بریشان گماشت   عنا ن سوی خفچاق وحشی گذاشت
(30, 46).
Tərcüməsi:
Çindən uzaqlaşdıqdan sonra
            Xotəndə baş çıxartdı.
Türklərin sərhədinə qoşun çıxartdı.
Türk sərhəddindən peyvəndi kəsdi,
Səmərqənd şəhərini bina etdi.
Buradan Xarəzmə tərəf  üz tutdu,
Səbr etmədi, daha betər əzm etdi.
Xəzər torpağına hərəkət etdi  (o yerşünas)
Orada Bulqar kimi bir şəhərin əsasını qoydu.
O nahiyələrdə oturanlar
Şahin fərmanına boyun əydilər.
Onlara fərman verən təyin edən kimi,
Dönüb  qıpçaq  (çölünə)tərəfə keçdi.
Türkizmlər ictimai məzmun kəsb etməklə, dövrün tarixi mədəniyyəti haqqında əhəmiyyətli faktlar ifadə edir. Bu leksik elementlərdən yaranan poetik vahidləri ədəbiyyatda türk tarixini və mədəniyyətini hifz edən simvollar adlandırmaq mümkündür. “Xotən”, “Tabğac”, “Xəllüx”, “Türküstan”, “qıpçaq” və s. adların simvol­laşdırılması zamanı, bu vahidlərin mənsub olduğu xalqa xas əlamətləri ifadə edən poetik formalar yaradılır. Poetik perefrazlar milli xüsusiyyət ifadə edən sintaksis-leksik əlamətlə üslubu yüksək dərəcədə, emossional ekspressiv formada çatdırır. Məs., “Xotən” şəhəri haqqında qədim mənbələrdə saysız-hesabsız məlumatlar mövcuddur. Uyqur abidələrində “Udun-Xotən” adı ilə tanınan bu şəhər haqqında aşağıdakı məlumat var. “Udun torpağının yarısı qum və səhradır. Məhsulda torpaqları əkin üçün yararlıdır. Çox məhsul verir. Ölkədə xalça, incə naxışlı… (mətn qırılır)… düz hərəkət edirlər. Daha artıq bilik, elm, musiqi və nəzm sevərlər. Qanunları və adətləri doğrudur, bütün soqdilər onlardan fərqlənir… Udun xalqı çox qüvvətlidir və yaxşıdır, ərdəmləri də sevir, onlara iltifat göstərir”.(31, 222) Bu gözəl keyfiyyətlər – ağ üz, aydınlıq, musiqi, nəğmə ilə bağlı, şənik timsalı olaraq, simvollaşdırılaraq, bütün “Xəmsə” boyu işlənir:
تا نزد بر ختن طلا یه زنگ
شه زشادی نکرد میدان تنگ
              Zəncilər Xotən üzərinə qoşun çəkməmiş,
Şahın şadlıq meydanı daralmadı.
(Yəni gecə gəlib gündüzün üzünü tutmamış, şah öz şadlığından əl çəkmədi). Burada zənci – gecənin, Xotən isə gündüzün, şənliyin rəmzi olan leksik vahidlərdir. “Gecənin düşməsi” perefrazının Zənci və Xotən etnos leksemilə ifadə olunan metaforik- poetik üslub formasıdır. Həm də burada tarixi bir hadisəyə işarə də vardır.
Türk məzmununu ifadə edən sözlər çox zaman Nizami əsərlərinin süjeti, mövzusu, pesonajlarla bağlı elementlərdir. Əmir Xosrov Dəhləvinin “Şirin və Xosrov” əsərində Nizaminin süjet xətti bəzi dəyişikliklərlə saxlanılmışdır. Bununla əlaqədar, türk mənşəli toponimlər də təkrarlanır, yaxud digər şəkildə ifadə olunur. Süjetdə Xosrov İrandan baş götürüb qaçdıqdan sonra Şapurun ona müxtəlif əhvalat, əfsanə, gəzdiyi ölkələrdən danışması, türk sənətkarlaınıəks etdirən hissədə belə bir beyt var:
دیگر دیدم در اقصای خطا هم
که ده نقاش سنگ آمد فراهم                    ( 29 ,54)
      Xətay  sərhəddində  gördüyümü  qoy  danışım,
               On daşyonan (heykəltəraş)  bir yerə toplaşır.
Yuxarıdakılar göstərir ki, türkizmlərin hamı tərəfindən işlək, ənənəvi tarixə malik diaxronik halları  daha çox təsadüf olunur. Lakin obraza xas elə xüsusiyyətlər vardır ki, bu yalnız türk milli mentalitetini əks etdirir. Nizami yazır:
Bulud kimi mənim dənizimdən alıb paltar geyirlər.
Arxamdan oğurlayır, qarşımda satırlar.
Dözümə bax ki, öz hindumu (yəni oğrumu)
                                         görürəm, (ancaq)
Türklər kimi atını qabağa çəkirəm.
Gah o pərdəsiz (çalanın) sazının ahəngdarlığını
                                                         (deyirəm)
Gah da bu sərçəyə deyirəm: Nə gözəl tərlansan!
                             (“Xosrov və Şirin”. Səh. 346).
         Xasiyyətcə döyüşkən, cəsarətli və sədaqətli olduqları üçün ordunun öndə gedənləri türklərdən seçilirdi.Ona görə də, Nizami burada öz məşhur perefrazını -“Türklər kimi atını qabağa çəkirəm” ifadəsini işlətmişdir.
Yuxarıda deyilənləri yekunlaşdıraraq demək mümkündür ki, türkizmləri semantik cəhətdən araşdırıb üzə çıxarmağın vaxtı çoxdan çatmışdır. Türkizmlərin xüsusi mənalarını, spesifik xüsusiyyətlərini öyrənmək məqsədilə onların semantikasını araşdırmaq  vacibdir.
Beləliklə, Nizami “Xəmsə”sində türk məzmunu artıq çoxdan düşünülmüş, türk xalqlarının təfəkküründə özünüdərk prosesinin yetkin inkişaf səviyyəsində olduğunu göstərir. Dövrün aktual və əsas ictimai-fəlsəfi problemləri içərisində türkdilli ədəbiyyatın inkişafının tənzimlənməsində “Xəmsə” böyük rol oynamış oldu. Kifayət qədər potensial əhəmiyyətli türkizmlərin yayılması, leksik-poetik sistem olaraq, türk dilli ədəbiyyatın varlığından xəbər verir. Bədiiləşdirilmiş türkizmlər müxtəlif dövrlərdə əsas daşıyıcı funksiyaya çevrildikcə, türk mütəfəkkirləri bu missiyanı müxtəlif ədəbi nümunələrlə həyata keçirdilər.
Nizaminin “Xəmsə”də qoyduğu dahiyanə missiyadan sonra XIII-XIV əsrlərdə türkcə əsər yazma tarixi zərurət olaraq reallaşdı. Bu tarixi prosesdən doğan zərurət təkcə yazılmış ilk “Xəmsə”də əks olunurdu. Türkcə “Xəmsə” yaratmağı qarşısına məqsəd qoyan Ə.Nəvai qələmə aldığı “Fərhad və Şirin” məsnəvisində bu missiyanı aşağıdakı kimi açıqlayır:
Nizamiy olsa Barda birla Qanja,
Kadam Rum axliqa xam kilsa ranja.
Çekib Xisrov döği  tiqi-zaboni,
Vorub fatx aйlasa Xindustoni,
Яna JomiyAjamda ursa navbat,
Arabda doği çolsa-kuci şavkat.
Aqar bir qavm, qar юz, yuxsa minqdür,
Muaйяn türk ulusu xud meninqdür.
                                               (42, 331)
Nizami Bərdə və Gəncəni aldı,
Çəkib zəhmət Rum əhlinə qədəm qoydu.
Xosrov söz qılıncını çəkib
Vurub Hindistanı fəth elədi.
Cami əcəmdə növbət qurdusa
Ərəbdə şöhrət-şövkət qaldısa,
İstər bir qövm olsun, istər yüz, istər min bir.
Bütün türk elləri mənim özümündür.
“Xətaydan başlayıb Xorasanadək,
Ellər fərmanımla ömür sürəcək.
Şiraz da, Təbriz də mənim yerimdir.
Orda şöhrətlənən öz şəkərimdir.
Türk mənim sözümə könül-can verib,
Bircə türk verməyib, türkmən verib”.
                                                     (42a, 297)
   Bir məsələni də qeyd etmək lazımdır ki, islami sufizmin təməl ideyaları  türk ictimai-fəlsəfi fikir tarixi  ilə sıx bağlıdır və  bir sıra sufi terminləri  bu mənbədən qaynaqlanmışdır. Sufi termini olan “Aşinalıq” – آشنای  –
sözü ətrafında  qısa araşdırma  maraqlıdır.
   Görkəmli türkoloq-alim  V.V.Radlova görə, türk dilində آشنه چیلیک  “Aşinaçılıq” dostluğu, bir-birini yaxından tanımağı ifadə edir.(52,600)
Öz ideya əsasını türk sofistikasından almış bu termin-
haqqında 552-744-ci illərə aid Çin mənbələrində  geniş məlumat verilən ( 22,155) Aşina(Asena) türk dövlətinin adı və bu dövlət daxilində mövcud ictimai-fəlsəfi görüşlərlə bağlıdır.Bu dövlətin quruluş sistemi və cəmiyyətin əlaqələri , idarəetmə qaydaları , dini-fəlsəfi dünyagörüşü sonrakı dövrlərdə islami cəmiyyətin inkişafında mühüm rol oynamışdır.
  Qeyd edim ki, As- Aş- sözün kökü olmaqla, qədim türkcədə çoxluq və birlik anlamındadır. Baskakov bu sözün qədim türkcədə “buğda yeməyi” və “çoxluq”- ”böyüklük” mənasında olduğunu yazır.(10,  ) V.V.Radlov “aş”sözünün  8 mənasını açıqlamışdır:1.Yemək,qida; 2.Qonaqlıq, ziyafət; 3.Plov; 4.Unla bişirilən şorba; 5.Buğda; 6.Arpa; 7.Undan hazırlanmış yapışqan;. 8.Aşmaq, aşıb- daşmaq, çoxalmaq, qaynayıb- qarışmaq (məcazi)(52 ,580)
   Aşina- vahid dövlət simvolu, birlik, əlaqə , ailə bağları üzərində böyüyüb-çoxalmanı bildirməklə, xalqın ictimai təfəkküründə nümunəvi iz buraxmış və simvola çevrilmişdir.
   VIII əsrdə Qaraxaniər dövlətinin idarəçiliyində Aşina qolu  aparıcı  nüfuza malik idi və bu dövrdə Qaraxanilər dövlətinin paytaxtı Kaşqar şəhərinin  islamın mühüm mərkəzlərindən birinə çevrilməsi və bunun ardınca sufi-islami ideyaların bütün Türküstana yayılması təsadüfi deyildi.
    Sufi terminləri lüğəti olan ”Mirat-i  üşşaq” da  bu söz aşağıdakı şəkildə  izah olunur: آشنای – تعلق عنایات اولیً و رابطه و رحمهً ازلیه را گویند    ( 13 ,130) “Aşinalıq- Allahın  inayətinə bağlanmağa, əzəli rəhm ilə rabitəyə(əlaqəyə) deyirlər.”
Bu simvoldan  sufizm  yaraqlanaraq, Allahın birliyi, bəşərin ilahi vəhdətə bağlılığını  tərənnüm etmişdir.
   Nizaminin “Xosrov və Şirin” əsərində Fərhadın Çindən (Türküstandan) olduğu Şapurun dililə söylənilir; Fərhadın Xosrovla deyişməsində isə əslinin Aşinalıq məmləkətindən  olduğunu söyləməsi təsadüfi deyildir.Çox təəssüf ki, əsərin tərcüməçiləri mətndə olan “Molk-e Aşinayi”-“Aşinalıq məmləkəti” ifadəsinin səhvən  hərfi tərcüməsini vermişlər.Bu ifadəni ”Dostluq diyarı”- kimi tərcümə etməklə, tarixi Fərhad obrazının missiyasını bir qədər də  məcazlaşdırmışlar.
   Aşinalıq- əxilik (qardaşlıq)  sufi təriqətinin də ilkin  özüllərindən biri  olmuşdur.
   Nizami “Leyli və Məcnun” əsərində “Atasının Məcnunu Kəbəyə  aparması” hissəsində :
در حلقهً عشق جان فروشم          بی حلقهً او مباد گوشم
گویند ز عشق کن جدایً         این نیست طریق آشنایً             ( 47,150)
Eşq halqasında can satıram,
Qulağım  onun  halqasından (ayrı) olmasın.
Deyirlər, eşqdən  ayrı  ol!
Bu – Aşinalıq təriqində  yoxdur.
    Sufi fəlsəfəsinə görə, dünya bir yoldur;  bu yoldan iki  insan keçir: biri aşina insan, o biri biganə.Bu şəxslər bir-birinə ziddirlər.Eşq mövzusunda yazan bütün şairlər  bu iki xisləti – aşinalıq və biganəliyi bir-birinə zidd iki qüvvə kimi təsvir etmişlər. Əsası Zərdüştün təlimlərində qoyulan xeyirlə şərin mübarizəsi əsas xətt olaraq sonrakı bütün fəlsəfi təlimlərdə izlənilir.
  Zaman keçdikcə, qüdrətli sənətkarlar bu sözü milli birlik anlamında qavramış, bu termin türk-islam birliyinin simvoluna çevrilmişdir. XV əsrdə Nəvai öz Divanında   aşinalıq  anlamında  milli vəhdəti- türk birliyini  nəzərdə tutur.
   Beyt:
     Bəhr-e eşq içrə Nəvayi aşinalıq tapmadınğ,
    Ta  bu bir gözni Aras, ol  birni Amu kılmadınğ.( 43,132)
Onu da qeyd etmək lazımdır ki,türk sofistikası tarixi,Zərdüştün təlimləri, muğların mədəniyyətinə xas əsas elementlər indiyədək yetərincə öyrənilməmişdir. Bu səbəbdəndir ki, bir çox fəlsəfi terminlər öz ilkinliyini dil baxımından saxlamasına baxmayaraq, başqa mədəniyyətlərə aid edilir.
 ”Yuqluq”- qədim türkcə “Yıq” ,”Yuq”.”Yoq” – yəni “Yoxluq”( fəna)  mənasında mövcud olmuşdur.(10 )  Şerbak qədim  türk mətnlərinə əsasən, “yok”, “yoklıq bulmaq” ,”yukalmaq” sözlərini  qeydə almışdır.(23 ,285)  Qədim türk lüğətlərində ” yoqattur”-  kamil müridlərə
(созревшие ученики)( 23 ,274)  deyilir.
  Təsəvvüfün “yoxluq”-(fəna,bixodi) fəlsəfəsinin hind-sanskrit kökü  ilə bağlanması tamamilə yanlışdır.
 Bundan başqa, “yık”,”yik”,”yuk”.”yük”sözlərinin qədim türkcədə  zəngin mənaları vardır. Aşağıda bizə lazım olacaq  mənalarını nəzərdən keçirək:
   – “yık”,”yük”-bilik- anlamındadır.Mahmud Kaşqari ” bilqini yük ər”(bilikli kişi) (37,243) formasında qeydə almışdır.
– “yik” – ik-əyrilmiş yumaq  (веретено) –(23,274)  El arasında  “yun yumağına”- ikçə, dükçə də deyilir.
– ” yuk”-quş lələyi; qələm (перо) (23,285)
   Türk  qədim dilini və sofistikasını yaxşı bilmədən  Nizaminin bəzi beytlərini anlamaq mümkün deyildir.Uzun illərdir ki, şairin “Xosrov və Şirin” əsərində işlətdiyi türkcə ” yıkdış”- “yikdış” sözünün ifadə etdiyi mənalar  doğru  başa düşülməmişdir.Bunun nəticəsidir ki,tərcümələrdə  beyt  kobud şəkildə təhrif olunmuşdur. Əslində  bu söz sırf türk sufizminə aid bir ifadədir.Sözün ikinci hissəsi “dış” –دش  qədim türkcədə çoxsaylı mənalara malikdir.Onların içində -“diz” və “alın”mənaları da vardır ki,  kimi alimlər bu sözləri qeyd etmişlər.”Yıkdış ”- Xəlvətə  çəkilərək,diz qatlayıb, alnını yerə qoyub Allaha  səcdə edən kamil sufiyə,zahidə deyilirdi.Xəlvətə çəkilməyin xüsusi qayda-qanunları var idi.40 gün xəlvətə çəkilmək, Allaha dua etmək və düşünmək , ondan niyyət diləmək  xəlvətin icra olunma qaydalarına daxildir.Xəlvət məqamından sufilərin   məqsədi  özündən keçməklə , fənaya  uğramaq  və əbədi olan Allaha qovuşmaqdır.Nizami özünün “Sirlər xəzinəsi” nə 5 xəlvət daxil etmiş,xəlvətin xüsusiyyətləri haqqında  simvolik  izahlar vermişdir.
      Qeyd edim ki, Nizaminin bəzi  beytlərinin mənası  nə poetik , nə də filoloji tərcümələrdə doğru verilməmişdir.”Xosrov və Şirin”əsərindəki  həmən “yıkdış” sözü ilə bağlı beytləri nəzərdən keçirək:
نظامی یکد شی خلوت نشینست
       که نیمی سرکه نیمی انگبینست
ز طبع تر گشاده چشمهً نوش
بزهد خشک بسته باربر دوش
دهن زهدم ارچه خشک خانیست
لسان رطبم آب زندگانیست                  (46 ,44)
Nizami xəlvətdə  oturmuş  bir yıkdışdı(sufidi)
Ki, yarı sirkə, yarı baldı.
Tər təbindən(ilhamından) (bal kimi)  halal çeşmə  axıdır,
Quru(sirkə)  zahidliyilə yuxu içində  bar  yığıb.
Zahid (oruc) ağzım   quru bulaq  olsa da,
Xurma (kimi) şirin dilim  dirilik suyudur.
   Nizami burada öz  zahidliyini uzun müddət bir qabda  sakit qalaraq, gəlişən sirkəyə bənzədir.Kamil  zahidliyinin  sirkə kimi tünd, tər-təzə təbindən yaranan şeirinin  isə bal kimi şirin olduğunu söyləyir.
 artkaspi.az