- Ədəbiyyat, Manşet

Türklüyü ilə qürurlanan Şirin. Nizaminin “Xosrov və Şirin”i əsasında – Səadət ŞIXIYEVA

Giriş

Azərbaycan ədəbiyyatının dünya ədəbi fikrinə yeni düşüncə axarı gətirən, onu istiqamətləndirən ən görkəmli nümayəndələrindən biri olan Nizami Gəncəvinin (1141-1209) “Xəmsə”sində öncəki dövrlər və öz çağının çeşidli biliklərinin cəmlənməsi onu müxtəlif məqsədlərlə təhlilə cəlbetmə imkanı verir. Əsərin dəyərli özəlliklərinə onun Azərbaycanın tarixi və coğrafiyasına aid məlumatları ehtiva etməsi də daxildir. Bu barədə bəzi tədqiqatçılar çeşidli niyyətlərlə – tarix, dilçilik və ya ədəbiyyatşünaslıq yönündən bəhs etmişlər. Bizim bu məqaləni yazmaqda məqsədimiz bu böyük bəhsin bir parçası olan problemə – Şirinin coğrafi, milli və dini mənsubiyyəti ilə bağlı məsələlərə aydınlıq gətirməkdir. Əslində bu, təkcə bir bədii obrazla bağlı öyrənilməsinə ehtiyac duyulan mövzu deyildir. Bu məsələnin illərlə aktuallığını qorumasının səbəbi Şirinin, demək ki, o dövrdə Ərmənzəmində dünyaya gələn, o torpaqda böyüyüb boya-başa çatan Azərbaycan övladının çoxyönlü (milli, dini və s.) kimliyidir. Şirinin Ərmənzəmindən olması və orada hökmdarlıq etməsini, onun milli mənsubiyyəti məsələsini, bu barədə Nizaminin tarixi bilik və bədii yozumlarını həssas edən məqam onun bugünkü Azərbaycanın siyasi durumu, tarixi keçmişi, orta çağda əhali tərkibi və s. ilə bağlılığıdır və bu mövzunun təhlilinin bir çox suallara tutarlı cavab verməyə şərait yarada bilməsidir.

Şirin və prototipləri

Mövzuya keçməmişdən öncə qeyd edək ki, nizamişünaslıqda milli mənsubiyyəti ilə təkrar-təkrar gündəmə gələn, bir sıra mübahisə və müzakirələrin obyekti olan Şirinin tarixi və ədəbi şəxsiyyəti ətrafında fikir həmrəyliyi yoxdur. Çox zaman Nizaminin haqqında bəhs etdiyi Ərmənzəminin adının bu gün digər tarixi ərazimizdə mövcud olan Ermənistan ilə assosiativliyinə aldanılaraq yanlış nəticələrə gəlinmişdir. Xüsusilə sovet dövrü ədəbiyyatşünaslığı saxta xalqlar dostluğu ideologiyasının təsiri ilə həmin məqsədyönlü təqdimatı ənənəyə çevirdi, hələ də elmi və tarixi çözümünü tapmayan uzunömürlü bir mübahisənin əsasını qoydu. Bu yanlış düşüncəyə yol açan səbəblərdən biri də Ərmənzəminin əsərin mənzum tərcüməsi və müvafiq beytlərinin şərhlərində bəzən Ərmənistan, bəzən hətta Ərmənlər kimi tərcümə olunmasıdır:

Xosrov yetişməkçün o şux canana
Göndərdi Şapuru Ərmənistana.
Bildi, qorxub şahdan, ova getmişdir,
Ərmənlər tərəfə səfər etmişdir.

Halbuki Nizaminin “Xosrov və Şirin”inin baş qəhrəmanlarından biri olan Şirin mərkəzi Bərdə olan Ərmənzəminin hökmdarıdır və onun türklüyünü şair dəfələrlə vurğulayır. (Bu barədə irəlidə təfərrüatlı bəhs edəcəyik). Əslində “türk” sözünün bir etnonim olaraq diqqətdən kənarda qalmasının bir səbəbi də Nizaminin bu ifadəyə çeşidli müsbət anlamları yükləməsidir. Amma bu, onun etnonim olmaqdan çıxıb milli mənsubiyyət bildirməməsi demək deyildir. Başqa sözlə, bəzi məqamlarda bir çox anlamların (“ağlıq”, “gözəllik”, “yüksəklik”, “paklıq”…) toplusu olan “türk” (bu barədə bax: Məmməd Əmin Rəsulzadə. Azərbaycan şairi Nizami, Bakı: Azərnəşr, 1991, s. 143-144) milli mənsubiyyətin ifadəçisi olaraq da nəzərdə tutulur. Amma sovet dövrü araşdırmalarında “türk” etnonimi üzərindəki məlum tabu Nizaminin bir sıra ideyalarının təhrifli və natamam təqdimi ilə nəticələndiyi kimi, Şirinin etnik mənşəyi və ümumiyyətlə, Ərmənzəminin əhali tərkibi barədə də yanlış təsəvvürlərin yaranıb formalaşmasına yol açdı.

Yenə də diqqətdən yayınan məqamlardan biri Nizamidə bir dəfə də olsun Ərmənin etnonim (millət adı) kimi istifadə olunmamasıdır. O, xatırlandığı bütün mikromətnlərdə yalnız toponim (coğrafi ad) kimi nəzərdə tutulur. Eynilə Səqlabın istifadə şəkillərində gördüyümüz mənzərədir. Nizaminin bu əsərində Ərmən də Səqlab kimi toponim, yer adıdır və onun heç bir şəkildə etnonim kimi istifadəsini görmürük. Cəmi bir yerdə “ərməni” (Ərmənə məxsus) ifadəsi yer alır: “qol-e Ərməni” (Ərmən kömürü). Göründüyü kimi, söz həmin şəklində də etnik mənsubiyyətin ifadəçisi deyildir.

Burada tarixə kiçik ekskursa – Şirinin həyatda olduğu dövrdə Bərdə hökmdarının kimliyini xatırlatmağa da ehtiyac vardır. Tarixi şəxsiyyətlər olan Sasani hökmdarı Xosrov Pərviz və məlikəsi Şirinin həyatda olduğu illərdə, məlum olduğu kimi, paytaxtı Bərdə olan Qafqaz Albaniyasında Mehranilər hakimiyyətdə idi. Araşdırmalarda məşhur hökmdar və sərkərdə Cavanşirin də mənsub olduğu bu xanədanın nümayəndələrinin etnik mənşəcə parf olduğu bildirilir. Tarixi qaynaqlarda bu xanədanın öncə Sasanilərin siyasi himayəsində olduğu, sonralar müstəqillik qazanması barədə geniş məlumat verilir…

Nizaminin qəhrəmanı Şirinin prototipi olan Siranın coğrafi mənsubiyyəti barədə isə tarixi qaynaqlarda – yunan xronikaları, ermənicə mənbələr və s.-də fərqli məlumatlar verilir. Onu rumlu, bizanslı, xuzistanlı deyə müxtəlif coğrafiyalarla əlaqələndirən müəlliflər konkret millət adını qeyd etmir, bunu coğrafi mənsubiyyəti vurğulamaqla dolayısı ilə nəzərə çatdırırlar. Görünür, bu boşluq daha sonrakı dövrlərdə bəzi erməni müəlliflərinin Sasani məlikəsinin mənşə etibarilə erməni olduğunu iddia etməsinə şərait yaratmışdır. Tanınmış tədqiqatçı Q.Əliyev bu iddiaları belə bir əsaslı dəlillə təkzib edir ki, Şirinin müasiri olan və daha sonrakı erməni müəlliflərin əsərlərində bu barədə heç bir məlumata rast gəlinmir. (Göstərilən əsər, s. 35). Bu da Şirinin prototipinin erməni əsilli olması iddiasında olan çağdaş tədqiqatçılara tutarlı bir cavabdır.

Amma Sasani məlikəsinin xristian dininə mənsub olduğu qaynaqlarda yekdilliklə təsdiqlənir. Bu, “Şahnamə”də “Xosrov və Şirin əhvalatı”nı (“Soxənha-ye Xosrov-o Şirin”) tarixi mənbələrə istinadən söyləyən Firdovsiyədək davam edir. (Bu barədə ətraflı məlumat üçün bax: Q.Ö.Aliev. Leqenda o Xosrove i Şirin v literaturax narodov Vostoka. Moskva: İzdatelğstvo vostoçnoy literaturı, 1960, s. 33-34). Bunu da qeyd edək ki, Firdovsinin “Şahnamə”sində Xosrov və Şirin əhvalatı epizodik xarakterlidir. Şair bu qadın qəhrəmanının milli və coğrafi mənsubiyyətini deyil, ictimai mənşəyini – hansı zümrəyə mənsub olduğunu diqqət mərkəzinə çəkir. Zərdüşti kahinlərinin – möbidlərin Şirini aşağı təbəqədən olmasına görə Xosrova layiq bilmədiklərindən geniş bəhs edən Firdovsi dini və ya etnik baxımdan uyğunsuzluqdan söz açmır. Bundan başqa, Rum qeysərinin qızı Məryəmin xristian olmasını vurğulayan şair Şirinin vəsiyyəti qismində onun öz dilindən ömrünün sonunadək Yəzdana sadiq qalacağını bildirir… Beləliklə, Nizaminin sələfi də Şirini xristian və ya erməni kimi təqdim etmir.

Burada çox önəmli bir məsələni də qeyd etməyə ehtiyac vardır ki, Nizaminin Xosrovu Şirinə nisbətən öz tarixi prototipi ilə daha artıq ortaq cəhətlərə malikdir. Şirin isə Nizaminin təqdimatında öz prototipi ilə bir çox baxımdan əlaqəsini itirmiş durumdadır: prototip və bədii surətin başlıca müştərək cəhətlərinə onu Xosrovun çox sevməsi, Sasani məlikəsi statusunun sahibi olduğu, qənirsiz gözəllik və dərin ağıl sahibi olmasıdır. Nizami bu surəti yaradarkən onunla sevimli Afaqına ikinci həyat verdiyindən qəhrəmanının dini və milli mənsubiyyətini də dəyişmiş, sevən tərəflər arasında ictimai status baxımından tarazlıq yaratmış, hər ikisini öncə şahzadə, daha sonra hökmdar olaraq göstərmişdir. Həm də Nizaminin bu məhəbbət dastanı Firdovsinin “Şahnamə”sinin ana xətlərindən birinə – İran və Turan zidliyinə gizli bir cavab səciyyəlidir. Tarixən Azərbaycanla bağlılığı olmayan, başqa coğrafiya və milli kimlik ilə əlaqəli Şirini Arran və Ərmənzəminlə (Azərbaycan) əlaqəli təqdim edib onun mənşəyini Babilə, etnik mənsubiyyətini türkə bağlayan Nizami bu əsərində maraqlı əkslik və vəhdət yaradır. Zidd qütblərdən birini Sasani hökmdarı Xosrov (İran), digərini türk olaraq, Turan və Babilistanla bağlı Şirin təmsil edir. Amma şair sələfi Firdovsidən fərqli olaraq, onlar arasındakı qarşıdurma, qanlı müharibələr və s.-dən deyil, böyük bir eşq və sədaqətdən danışır…

Məhinbanu və “sələf”ləri

Burada ortaya belə bir sual da çıxır ki, Nizami Ərmənzəmindən bəhs edərkən məhəbbətlə təbiəti və gözəlliklərini vəsf etdiyi bu ölkənin həqiqi tarixi keçmişindən və ümumiyyətlə, Xosrov Pərvizin dövründə paytaxtı Bərdə olan ölkənin Mehranilərin hakimiyyəti altında olduğundan xəbərsiz olmuşdurmu? Onu Şirin bəhsində tarixi gerçəklikdən daha çox uzaqlaşıb bədii təxəyyülünün axarına uymağa tarixi qaynaqlardan xəbərsizlikmi vadar etmişdir? O zaman niyə onun Xosrov Pərvizlə bağlı verdiyi məlumatlar, əsasən, tarixi mənbələrdə deyilənlərə və onun kimi tarixi qaynaqlara söykənən Firdovsinin söylədiklərinə daha yaxındır? Zənnimizcə, Nizaminin qadın qəhrəmanını Bərdənin hökmdarı etməsinin bir neçə səbəbi vardır: yurduna və Şirinin prototipi olaraq gördüyü Afaqa məhəbbəti. Bu əsər boyu aydın görünən səbəblərdir. Digəri xüsusi araşdırmaya möhtac olan və indilik yalnız ehtimal kimi irəli sürə biləcəyimiz Mehranilər, Parfiya və Babilistan əlaqəsidir. Artıq qeyd etdiyimiz kimi, etnik mənşəcə parf sayılan Mehranilərin Babilistanla dolayısı ilə əlaqəsi vardı. Araşdırmalarda Babilistanın süqutundan sonra onun bir dövlət olaraq, Parfiyanın tərkibinə daxil olduğu bildirilir. Beləliklə də, Məhinbanunun prototipi olan Şəmiranın, əslində məşhur Babil hökmdarı Semiramidanın yada düşməsi səbəbinə də bir aydınlıq gəlir. Eləcə də Azərbaycana yaxın ərazidə – “Albaniyadan yuxarı dağlarda” amazonkaların yaşaması barədə qədim qaynaqlarda deyilənlər (bax: Azərbaycan tarixi üzrə qaynaqlar, Bakı: Çıraq nəşriyyatı, 2007, s. 22) də şairin digər ilham qaynağı ola bilərdi.

Şairin Məhinbanunu Mehranilər kimi xristian deyil, atəşpərəst kimi təqdim etmənin səbəbi də, çox güman ki, onun prototipi Semiramidanın dini mənsubiyyətindən qaynaqlanır. Müqayisə üçün bunu da qeyd edək ki, “Ağvan ölkəsinin tarixi”ndən albanların VII əsrdə xristianlıq kimi qərarlaşan dininin bütpərəstliyin yerinə gəldiyi məlum olur. Bu mənada Nizaminin Şirin və bibisini bütpərəst və ya xristian deyil, atəşpərəst kimi təqdiminin Babil hökmdarı ilə bağlı məlumatlardan qaynaqlandığını güman etmək mümkündür. Bundan başqa, artıq qeyd etdiyimiz kimi, Firdovsinin Şirininin də Yəzdana sitayiş edənlərdən, yəni zərdüşti dininə qail olduğunu onun elə öz dilindən deyilən beytlərdən öyrənirik…

Ümumiyyətlə, Nizaminin digər qəhrəmanlarının təsvirində də Babil rəvayətlərinin motivlərinə müraciət müşahidə olunur. Bunlardan biri çiyninə öküz alan Fitnənin təsviri ilə Babilistanda arxeoloji qazıntılar zamanı üzə çıxarılmış çiynində keçi daşıyan qadın heykəlciyinin assosiativliyidir.

Şirinin milli kimliyi

İlk olaraq, Nizaminin bu baş qadın qəhrəmanının milliyyət etibarilə kimliyini tədqiqatçıların dilindən, daha sonra şairin özü və qəhrəmanı Şirindən eşidək. “Yaxın Şərq ədəbiyyatında Xosrov və Şirin mövzusu” adlı çox dəyərli araşdırmanın müəllifi olan Qulamhüseyn Beqdeli bəhsin əvvəlində yazır: “Nizami Şirini gah Qafqaz gözəli, Bərdə şahzadəsi, gah da Ərmən hökmdarı kimi qələmə alaraq, onun mənşə və milliyyətcə hansı xalqa, ölkəyə mənsub olduğu barədə açıq və qəti fikir söyləmir. Şair öz poemasında Şirini gah erməni, gah da türk kimi təqdim edir”. (Q.Beqdeli. Yaxın Şərq ədəbiyyatında Xosrov və Şirin mövzusu. Bakı: Elm, 1970, s. 88). Daha sonra bu dediklərini öz sözləri ilə təkzib edən müəllif bildirir ki, Nizami bu əsərində “təkcə Şirinin öz dili ilə onun türk xalqına mənsub olduğunu bildirmir, bəlkə Məhinbanunun da dilindən bu haqda fikir söyləyir. Həm də şair Şirini geyimi, hansı adət və ənənəyə bağlılığı, etnik xüsusiyyətləri, davranışı və bir sıra digər səciyyələrinə görə də türk qızı kimi tərənnüm edir”. (Göstərilən əsər, s. 89).

Əslində, Nizami əsərdə bir çox məqamda bəzən açıq, bəzən də işarəvi dil ilə Şirinin milli mənsubiyyətini diqqət mərkəzinə çəkir. Bunlardan biri indiyədək tədqiqatçıların diqqətindən yayınan ərmənzəminli Şirinin həyat tərzi – köçərilikdir. Nizaminin Əfrasiyabın varisi saydığı Məhinbanunun ölkəsindəki yaşamın köçəri səciyyəliliyi maraq doğurur. Çünki şairin bu təsviri türkman (tərəkəmə) və türk xalqları üçün xarakterik olan bir yaşayış tərzinə uyğun gəlir:

Gül fəslində yeri Muğandır,
Çünki ayaq basdığı yerlər yamyaşıl olur.
Yayda Ərmən dağlarına gedər,
Nazla güllükləri və xırmanları bir-bir gəzər.
Payız vaxtı Abxaza gələr,
Ov tapmaq üçün (quş kimi) qanadlanar.
Qışda Bərdəyə meyil göstərər,
Çünki Bərdənin havası isti olur.
Şair başqa bir yerdə deyir:
Çöldən, biyabandan keçib,
Sürətlə Ərmən dağlarına çatdı.
Çünki o gözəllər dəstə ilə
Yayda o dağa gələrdilər.

Göründüyü kimi, Nizaminin bu qəhrəmanlarının – Şirinin bibisinin hökmdar olduğu ölkədəki insanların və o cümlədən Şirinin də həyat tərzi köçəri türklərin məişətinə uyğun təsvir edilmişdir. Şairin Afaqla bağlı bəhsdə yer verdiyi aşağıdakı misralar onun köçəriliyi türklərin həyatının ayrılmaz tərkib hissəsi olaraq bildiyini göstərir:

Türklər tək olmuşdur bir köçə möhtac,
Türklər tək eylədi yurdumu tarac.

Bunu da xatırladaq ki, Nizamidən sonra yaşamış Həmdullah Qəzvini (1281- 1339) “Nuzhətül-qülub” əsərində bərdəlilərin şəhərdən kənarda gözəl istirahət yerləri olduğunu göstərir, yayın istisində onlar orada dincəlirlərmiş. Bu yer isə Xarik (Hirək) adlanırdı. Qəzvininin verdiyi məlumatlara görə, Xaruk çox səfalı olub, orada çoxlu bulaqlar, otlaqlar və ov yerləri vardır. Bərdəlilər yayda oraya, qışda isə öz əsas yerləri olan Bərdəyə qayıdırdılar. (Sitat: Arif Məmmədov. Bərdə toponiminə dair mülahizələr, “Tarix və onun problemləri”, 2011, N1, s. 198-dəndir).

İndiyədək diqqətdən kənarda qalan digər bir cəhət Şirinin yaxın çevrəsindəki qızların adları vasitəsilə ifadə olunan milli mənsubiyyətdir. Nizami Şirinin nədimlərindən olan 10 qızın adını qeyd edir. Bu adlardan üçü vasitəsilə şair, “Yeddi gözəl” əsərində gördüyümüz kimi, onların mənşəcə türk olduğuna işarət edir: Firəngiz (orijinalda: Firəngis), Səməntürk, Xütənxatın. Bu adlardan birincisi (elə əsərdəki sıralamada da o ad birincidir) Firdovsinin “Şahnamə”sində türk hökmdarı Əfrasiyabın qızı Firəngizin adı ilə eynidir. Son iki ad Nizami təxəyyülünün məhsulu kimi görünür. Qalan yeddi ad isə ərəb və fars mənşəlidir: Süheyl, Əcəbnuş, Fələknaz, Hümeyla, Humayun, Pərizad, Gövhərmülk.

Nizami bu gözəlləri bəzən kəniz, bəzən nədim kimi göstərsə də, Şapurun Şirini Xosrova tanıtmasında deyilir:

O ölkədə əmir olan pəriüzlülərin hamısı
Xidmətində dayanıb buyruğuna qulaq asırlar.
Ayüzlü zadəgan qızlarından
Yetmiş nəfəri xidmətində hazır dayanıb.

Deməli, ölkə “əmir olan pəriüzlülər” – qadın başçılar tərəfindən idarə olunur, bu türk, fars və ərəb mənşəli əmirlər isə türk Məhinbanuya tabedirlər…

Elmi araşdırmalarda Şirinin türklüyünü əsaslandırmaq üçün ən çox istinad verilən iki misra isə az qala dillər əzbəridir:

Əgər o Aydırsa, biz Aftabıq,
O Keyxosrov, bizsə Əfrasiyabıq.

Əslinə çox yaxın olan bu mənzum parçanın orijinaldan sətri tərcüməsi belədir:

Əgər o Aydırsa, biz də Günəşik,
Əgər (o) Keyxosrovdursa, (biz) Əfrasiyabıq.

Bu misralar çox zaman Şirin və Məhinbanunun milli mənsubiyyətini, onların türk olduqlarını təsdiqləmək niyyəti ilə misal olaraq göstərilir. Çünki Q.Beqdelinin də qeyd etdiyi kimi, “Şahnamə”dən etibarən Əfrasiyab türklüyü, Keyxosrov isə iranlılığı təmsil edir. (Göstərilən əsər, s. 89).

Qeyd etməliyik ki, Nizaminin Məhinbanunun dilindən səsləndirdiyi bu misralarda başqa mətləblər də gizlidir. Belə ki, Məhinbanu Arrandan başlamış Ərmənə qədər, başqa sözlə, Muğan, Ərmən, Abxaz və Bərdənin də daxil olduğu böyük bir bölgənin fərmanına boyun əydiyi bir hökmdardır. Əslində “böyük xanım” anlamına gələn Məhinbanunun bu ad-titulu həm də “böyük hökmdar”, “şahlar şahı”, “şahənşah” anlamına gələn Xosrovla da yaxın anlamlı bir ifadə kimi nəzərdə tutulur. Nizami deyir:

İgidliyi kişilərdən artıqdır,
Böyüklüyünə görə Məhin banu adlandırırlar.
O cahangirin adı Şəmiradır,
Şəmiranın izahı Məhin banudur.

Yeri gəlmişkən bunu da qeyd edək ki, mənzum tərcümə və hətta filoloji tərcümədə belə Nizaminin Məhinbanuya aid etdiyi sifətlər təhrif olunub. Mənzum tərcümədə son misralar aşağıdakı kimi ifadə edilir:

Şəmira adlanır o göyçək qadın,
Böyükdür mənası bu gözəl adın.

Filoloji tərcümə isə mətnin əslinə yaxın olsa da, “cahangir” sadəcə “hökmdar” sözü ilə əvəz edilmişdir ki, bu ifadələrin anlam tutumu eyni deyildir…

Bu mənada Məhinbanu: “o, Keyxosrovdursa, biz Əfrasiyabıq”, – deyərkən təkcə milli mənşəyə işarə edərək qürrələnmir, həm də siyasi güc və qüdrət baxımından da Sasanilərdən geri qalmadıqlarını vurğulayır.

Burada digər bir incə məqam Keyxosrovun Ay, Əfrasiyabın isə Günəşlə müqayisə olunaraq, bu səma cisimlərinə bənzədilmələridir. Azərbaycan folklor örnəklərində Ayın oğlan, Günəşin isə qız kimi təsəvvür və təqdim olunması məlumdur. Bu mənada bu bənzətmə də yerinə düşür. Çünki Xosrov Keyxosrovun, Şirin isə Əfrasiyabın nəslinin davamçısı sayılır. Bu mənada Ayın Xosrov, Günəşin isə Şirinlə əlaqələndirilməsi xalq inamları baxımından da doğru seçim sayılır. Nəhayət, səma cismi olaraq, Ay qaranlıq və soyuq səma cismi olaraq öz işığını Günəşdən alır… Bu təbiət hadisəsi orta çağ şeirində xüsusi diqqət yetirilən motivlərdəndir. Nizami də, göründüyü kimi, ilk baxışda Keyxosrovla Əfrasiyabı ali məqam baxımından bərabər tutsa da, əslində təşbeh seçimi onun türk hökmdarını daha ali status sahibi kimi gördüyünü göstərir.

Artıq qeyd etdiyimiz kimi, tədqiqatçıların əksəriyyəti Nizaminin Şirinin mənşəyi məsələsinə ilk dəfə Məhinbanunun ona öyüd verdiyi zaman işarə etdiyini bildirərək, yuxarıdakı məşhur beyti xatırladırlar. Amma örnəklərdən də gördüyümüz kimi, milli mənsubiyyət əsər boyunca müxtəlif yardımçı detallar vasitəsilə də vurğulanmışdır.

Şirinin iftixar mənbəyi: türklük və Türküstan

Əsərdə öz mənşəyi, türklüyü ilə öyünmə təkcə Məhinbanunun nitqində görünmür, eyni şəkildə qürrələnmə Şirinin öz türklüyünü ifadə şəkillərində də müşahidə olunur. Maraqlıdır ki, Nizami Şirin ilə əlaqəli olaraq istifadə etdiyi xüsusi vurğulu “türk” sözünə epitetlər aid edərkən heç bir təkrara yol vermir və hər dəfə yeni bir sifəti diqqətə çatdırır. “Şirinin Xosrova cavabı” adlı fəsillərdə Şirin “naz bilməyən bir türk olmadığını”, “qəmzəsi ilə könül ovlayan bir türk” olduğunu, “sərxoş türklər kimi gözlərinin məstliyini” dilə gətirir və “ərəbcə bilməyən türk deyiləm mən” deyə öyünür.

Beytlərdən birində deyilir:

Qara gözlü türkəm bu dam üstə mən,
Ağ hindu adını almışam səndən.

Beləliklə də, Şirinin öz sözləri ilə sanki portreti cızılır və məzmun etibarilə mətnin əslinə yaxın bu mənzum misralarda onun ağbənizli, qaragözlü bir gözəl olması haqqında təsəvvür yaradılır.

Q.Beqdeli haqlı olaraq yazır: “…düzdür, bədii ədəbiyyatda “türk” və “hindu” sözləri bəzən rəşadət və cəsarət rəmzi, bəzən də kölə, qul mənasında işlənmişdir. Ancaq burada Şirin məhz özünün türk olduğunu söyləyir, rəşidlikdən, cəngavərlikdən və köləlikdən söz getmir. Bir də ki, Şirin bu sözləri rəmzi mənasında işlətdiyi zaman da özünü hindu yox, türk adlandırır”. (Göstərilən əsər, s. 90). Daha sonra tədqiqatçı Nizaminin türk sözünü sadəcə məcazi bir deyim kimi işlətmədiyini, bununla milli mənsubiyyəti nəzərdə tutduğunu bir qədər ehtiyatla olsa da doğru müəyyənləşdirir: “Nizami Dərbənd hökmdarı tərəfindən göndərilən qıpçaq gözəli Afaqı (Appaq) da elə Şirin sayağı “türk”, “türküm” adlandırır. Bu oxşarlıqdan bir daha bu nəticəyə gəlmək olar ki, Nizaminin Şirin barədə söylədiyi “türk” sözü də Afaq haqqında dediyi kimidir. Şair Afaqı təriflədiyi sözlərlə, təşbehlərlə Şirini də tərifləyir, oxşayır”. (Göstərilən əsər, s. 90).

Nəkisanın Şirinin dilindən söylədiyi nəğmədə də türkmənşəliliyə diqqət çəkilir:

Əgər gözüm türklükdən daraldısa,
Cavanmərd hindu kimi üzr istəməyə gəlmişdir.

Nizami “Şirinin Xosrova cavabı” fəsillərindən birində “Xəllux gözəllərinin günəşi” deyə təqdim etdiyi qadın baş qəhrəmanını digər qisimlərdə onun öz dili ilə Çin Türküstanının Təraz və Xütən kimi yerləri ilə də əlaqələndirməklə türk mənşəliliyinin üzərinə diqqəti cəlb edir: “Hələ cavanlıq arxım qurumamışdır // Üzüm Təraz gözəllərinin bir dənəsidir”; “Saçdığım ətirlə Xütənlə yarışaram…”.

Şirinin özünü bənzətmələrində türklərin yurdu olan Səqlab və Rumu seçimi də eyni bir düşüncədən – onun türk mənşəliliyi qənaətindən qaynaqlanır.

Bir çiçək kimi idim – Səğlab mülkünün banusu (“banu-ye Səqlab”),

İndi gülab kimi şüşədə məhbus (mətndə:

“dej banu” (qalanın xanımı)) kimiyəm.
Bircə nazımla Rumu alaram,
Qoxumla Xütənlə bəhsə girərəm.

Nizaminin yuxarıdakı beytlərdən birincisində türk-qıpçaq eli Səqlabın banusu adlandırdığı Şirini bir də gül ilə əlaqələndirməsi təsadüfi deyildi. İlk olaraq “Kitabi-Dədə Qorqud”da Banuçiçək adında gördüyümüz bu fikri bağ Şirin-Səqlab banusu və gül əlaqəsində də nəzərə çarpır. Bundan başqa, farsca “banu” həm də gül suyu saxlanılan qaba deyilir. Beləliklə, bir-birilə əlaqəli banu (həm xanım, həm də gül suyu saxlanılan şüşə qab) və çiçək (həm gül, həm də türk şahzadələrinin titulu) bir-birilə fikri tənasüb yaradır.

Nizami dövründə Rumun əhali tərkibini və oranı tutanların da türk olduğunu nəzərə alsaq, şairin yuxarıdakı misralarındakı poetik bənzətmənin ilham qaynağı aşkara çıxar.

Şirinin qiyafəsinin təsvirində də türklük dolayısı ilə nəzərə çatdırılır: “Cövhərlə bəzənmiş örpəyi // Çinlilər sayağı başına salmışdı”. Q.Beqdeli haqlı olaraq, bu beytdə Şirinin “Çin sayağı” örpəyinin təsvirini türklər kimi geyinib bəzənmə kimi dəyərləndirir. (Göstərilən əsər, s. 90). Çünki Nizami bir çox orta çağ şairi kimi Çin deyərkən əksər hallarda Çin Türküstanını nəzərdə tutur. Onun “Xosrov və Şirin”ində yer alan “torkan-e Çin” (“Çin türkləri”) ifadəsi, eləcə də Xəllux, Xütən və Tərazı xatırlatması tədqiqatçının bu mülahizəsinin həqiqətə uyğunluğunu təsdiqləyir.

Burada daha bir mühüm məqamı da qeyd etmək istəyirik ki, Nizaminin xüsusi diqqət yetirdiyi Ərmənzəmin və Bərdə, onların təbii gözəllikləri, bu torpaqların övladı olaraq öydüyü Məhinbanu və Şirinin türklüyü məsələsinə “Xəmsə” ənənəsini davam etdirən xələflərinin əsərlərində diqqət yetirilməmişdir. Nizaminin bu məsnəvisinə ilk farsca nəzirə yazan türkəsilli şair Əmir Xosrov Dəhləvinin və eyni əsərə ilk türkcə nəzirə qələmə alan Əlişir Nəvainin Şirin surətini təqdim şəklində heç bir milli mənsubiyyətin vurğulanmadığını müşahidə etdik. Bundan başqa, Nizaminin mövzusunda yazmasına baxmayaraq, onun bir çox motiv və təsvirlərini təkzibə meyilli Arif Ərdəbili Şirinin Ərmənzəmindən olmasını fakt kimi qəbul etsə də, onun etnik mənşəyi məsələsinə toxunmur. Ümumiyyətlə, Nizami ənənəsinə sadiq qalaraq, Şirinin Ərmənzəmindən və ya Ərməndən olmasını vurğulayan hər üç müəllifin əsərində bu, sadəcə coğrafi addır.

Araşdırmamız Nizaminin Şirinin milli mənsubiyyəti ilə bağlı xüsusi vurğulu işarələrinin divan və təsəvvüf ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan Nəsiminin nəzərini cəlb etdiyini aşkara çıxardı. “Xosrov və Şirin” mövzusunda məsnəvi müəllifi olmasa da, Nəsimi özünün istər farsca, istərsə də türkcə divanında sələfinin bir çox motivlərini – onun sevən və sevilən bir gözəl, qadınlar ölkəsinin padşahı (“xosrovi-xuban”) və gözəl nitq sahibi olduğu, Xosrov və Fərhadın ona aşiqliyinin özəllikləri, Şəkərlə rəqabəti və s. kimi motivlərə fraqmentar müraciət etmiş və şeirinə bu illüstrativ səciyyəli motivlərlə məzmun dərinliyi qazandırmışdır. Şairin Nizaminin bu əsərindən əxz etdiyi bir motiv – Şirinin türklüyünün ifadəsi də indiyədək digər tədqiqatçıların nəzərini cəlb etməmişdir. Nəsimi beytlərindən birində deyir:

Fərhad ilə Xosrov, ey Nəsimi,
Şirin kələci, şəkkərdəhansan.

Beyti belə açıqlaya bilərik: sevən də, sevilən də, eşqi yolunda canından keçən (Fərhad) də, yolunda candan keçilən (Xosrov) də səndə cəmləşib, ey Nəsimi. Çünki sözün (“kələci”) şirin (həm də: Şirin), o sözün ifadəçisi, vasitəsi olan ağızın (“dəhan”) şəkərdir (həm də: Şəkkər). Burada daha bir maraqlı məqam vardır: Nəsimi paytaxtı Bərdə olan ölkənin hökmdarı Şirinin adını qədim türkcədə “söz” anlamında olan “kələci”, isfahanlı Şəkkərin adını isə farsca “dəhan”la əlaqələndirir. İlk baxışda bu ad və ifadələr arasında bağlılığın olması inandırıcı görünməyə bilər. Amma orta çağda İslami Şərq poeziyasında, o cümlədən onun ən qüdrətli təmsilçilərindən olan Nəsiminin şeirində bədii məntiqin güclülüyünü nəzərə aldıqda buradakı uyğunluğun təsadüfü olmadığı qənaəti hasil olur. Çünki orta çağ şeirində heç bir söz təsadüfən seçilmirdi, poetik materialın məzmunu dəqiq müəyyənləşdirilir və forması həssaslıqla qurulurdu. Bundan başqa, Nəsiminin türkcə divanında “kələci”nin deyil, “söz”ün işləkliyini, “dəhan” kimi “ağız”ın da istifadə olunduğunu nəzərə aldıqda onun yuxarıdakı beytdə sözləri milli mənsubiyyətə uyğun seçimində təsadüfilik olmadığı nəticəsinə gəlmək mümkündür.

Nəticə

Göründüyü kimi, Nizami Şirinin mənşəcə türklüyü barədə sistemli bir təsəvvür yarada bilmişdir. Bu cəhət isə şairin onunla əlaqəli hər bir detal (qohumluq münasibəti, dostluq əlaqələri, fəxriyyə səbkli sözləri, qiyafəsi, yaşam tərzi və s.) vasitəsilə qəhrəmanının mənşəcə türklüyünü oxucusuna aşıladığını təsdiqləyir.

Sonda bunu da qeyd etmək istərdik ki, əsər boyunca müxtəlif səviyyələrdə türkə məhəbbətin dilə gətirilməsi əslində təkcə Şirinə aid duyğuların ifadəsi deyildir. Eyni zamanda Nizaminin həmin misralardakı şeir dili onun özünün ruh halına bir tərcümandır…

“Ədəbiyyat qəzeti”