- Mədəniyyət

Türkmənistanda “Azərbaycan Milli Günü” keçiriləcək

Türkmənistanın Avaza Milli Turizm Zonasında BMT-nin Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə III Konfransı çərçivəsində “Azərbaycan Milli Günü” təşkil olunacaq.

Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 4-8 avqust tarixlərində keçiriləcək tədbirin məqsədi Azərbaycanın zəngin mədəni irsini, incəsənət ənənələrini və müasir yaradıcılıq potensialını təqdim etməkdir.

Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti, o cümlədən ölkəmizin tanınmış sənət xadimləri artıq Türkmənistanın Avaza bölgəsindədirlər və tədbirin yüksək səviyyədə təşkili üçün hazırlıq işləri davam etdirilir.

Proqram çərçivəsində Azərbaycan pavilyonunda milli sənətkarlıq nümunələri, nəşrlər, suvenirlər və tətbiqi sənət əsərləri təqdim olunacaq. Açıq hava sərgi zonasında xalçaçılıq, milli geyimlər, kəlağayı, şəbəkə və tikmə sənəti nümayiş etdiriləcək, həmçinin ustad dərsləri keçiriləcək. Kulinariya guşəsində milli mətbəximizin ənənəvi ləzzətləri təqdim olunacaq. Konsert proqramlarında milli musiqi, rəqslər və müasir səhnə performansları nümayiş etdiriləcək. Avqustun 5-də konfransın rəsmi açılışı çərçivəsində beynəlxalq Qala konserti təşkil olunacaq. Ayın 6-da isə “Azərbaycan Milli Günü” möhtəşəm musiqi və rəqs proqramı ilə qeyd ediləcək. Avqustun 8-də səhnəmizin tanınmış sənətkarlarının, ifaçılarının iştirakı ilə təşkil olunacaq “Azərbaycan Milli Günü” Qala konserti ilə yekunlaşacaq.

Azərbaycanın bu tədbirdə iştirakı yalnız mədəniyyət nümayişi deyil, həm də sülh, əməkdaşlıq və mədəni diplomatiyanın inkişafına mühüm töhfə olacaq.