Vasif SADIQLI
Bəlkə də, bu məsələyə indilərdə münasibət bildirməyəcəkdim. Hətta fiaskoya uğrayan yeni orfoqrafiya layihəsinin müəllifləri və tərəfdarlarının məğlubiyyətdən sonra təskinlik üçün “onsuz da haqlıyıq, bu, zaman məsələsidir” və ya “ölkədə sabitliyi pozmaq istəyirdilər, ona görə güzəştə getdik” tipli açıqlamalarından sonra susmağa üstünlük vermişdik. Amma yenidən bizi təhrik etdilər.
Demək, bu yaxınlarda KİV-də tanınmış Nəsimişünas, filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Səadət xanım Şıxıyevanın “Əlifbamızdakı 3 hərfi çıxarmağı belə düşünmüşdülər” adlı çox ciddi marağa səbəb olan müsahibəsi yayılmışdı.
Bu müsahibə, o cümlədən müsahibənin sərlövhəsi hazırda Türkiyədə yaşadığı və işlədiyi deyilən professor Kamil Vəlini hövsələdən çıxaran son damla olub. Professor müsahibənin paylaşıldığı səhifədə məzəmmət, pənd, itab, danlaq, təəssüf, təəccüb, təkəbbür və nifrət dolu bir şərh yazıb. İmlasına toxunmadan təqdim edirik: “Uf,demeden ataram…Herf milletciliyine nifret edirem.Hazirladigim “Ortag Türkçe” kitabında bu menasizliglar üzerinde durmusam.Herf,apastrof derdi üçüncü dünya olkelerinin derdidir…Sözde maarifcilik oyunudur,yalancı modernlesmedir…Unutmayag ki,dili Allah,elifbani insan yaradib-sekilden…Elifba mugeddes deyil…Dünyada seslerin hamisini,besde,altıda birini ifade eden elifba yoxdur…Yaşayarak görerek.Kvazi problemlerle problemlerin üstünü örtmeye çalışmayag…”.
Məzkur professorun şərhinə ötən yazımızda (http://ilkxeber.org/?p=27306) cavab yazmışdıq. Təəssüf ki, özünü Azərbaycan əlifbasını başqa bir əlifba ilə dəyişmək üçün kart-blanş verilmiş şəxs kimi aparan təkcə professor Kamil Vəli deyil.
Seyfəddin Altaylı (səhv etmirəmsə, professordur, Türkiyə vətəndaşıdır, əslən Azərbaycan türküdür) və şair Sabir Rüstəmxanlının da bu cür açıqlamaları var və hər iki açıqlamada özündən müştəbehlik və israr ruhu çox yüksəkdir.
Seyfəddin Altaylının “adalet.az” saytına 24 fevral 2018-ci ildə verdiyi müsahibədə nə azərbaycanlılıq, nə professorluq, nə də normal məntiq gördük. Müsahibədən bəzi hissələri nəzərinizə çatdıraq: “Azərbaycan Türkcəsinin yazı qaydaları hər hansı bir gücün və ya müəyyən şəxslərin arzusu istiqamətində müəyyənləşdirilə bilməz. Xüsusi ilə alınma sözlərin yazılışı və oxunuşunda hal-hazırda böyük çəkinliklər vardır. Buna örnək kimi bir araşdırmaçı əgər Almaniyanın keçmiş kansleri “Willy Brandt” haqda məlumat almaq istəsə və Azərbaycanın yazı qaydalarına görə onun adını internetdə “Vili Brand” kimi yazıb axtarsa heç nə tapa bilməz, çünki qərbdə belə bir ad yoxdur. Bundan hərəkətlə xarici adlar qaynaq dildəki kimi yazılmalıdır, Rusların tələffüz qaydalarına görə yox”. Professorun nəzərinə çatdırmaq istərdik ki, əcnəbi şəxs adları, coğrafi adlar və s “hər hansı bir gücün və ya müəyyən şəxslərin arzusu” ilə yox, Azərbaycan dilinin Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş orfoqrafiya qaydalarına əsasən, transliterasiya olunub yazılır. İkincisi, deyilən şəxsin adı, Vili Brand yox, Villi Brandtdır.
Müsahibənin davamında Altaylı demək istəyir ki, q, x və ə hərfləri Azərbaycan əlifbasından çıxarılmalıdır. Oxuyanda anlamaq çətin olduğu üçün qısaltdım. İstəyirsiniz, oxuyun, onsuz da başa düşməyəcəksiniz: “Bəzi alimlər hay-haray salırlar ki, dilimizdə olan bu səslərin aradan götürülməsini təklif edirik, bu düz deyildir. Biz bu səslərin Latın əlifbası sisteminə uyğun qəbul edilməsini istəyirik. Bu gün Azərbaycan və Türkiyə Türkcəsində ən çox işlənən səs “əkin deyərkən” başda çıxarılan açıq “ə” səsi çoxluğu təşkil edir. “Eldar” deyərkən başda çıxarılan qapalı “e” səsi isə azlıqdadır. “Əkin” sözündəki “ə” səsini latın hərf sistemində olmayan tərs “e” ilə, yəni “ə” işarəsi ilə yazdıqda bu mətni dünyanın harasına yollasanız bu hərfin əvəzinə kiçik bir dördbucaq alınır. “Eldar” deyərkən bu sözün əvvəlindəki səsi “ə,ə” ilə, “əkin” deyərkən də başda söylənən açıq “ə” səsini də “E,e” ilə yazsaq və Türkiyədəki sistemlə uyğunlaşsaq qiyamət qopar?!”; “Azərbaycanda əlifba Latın qrafikası əsasında tərtib olunub. Oradaki “x” işarəsi Latın əlifbasını qəbul etmiş ölkələrdə “iks” kimi oxunur (ağ yalandır, uzağa getməyək, latın əsaslı başqırd, tatar, özbək əlifbalarında x kimi oxunur – V.S.). Türkiyədə isə bu Türkcədəki ifadə ilə desək “hırıltılı h” kimi qəbul edilib. “Azərbaycanda geniş işlənən “sex” sözü Latın əlifbası ilə yazılanda tamam başqa bir mənaya gəlir və gülüş doğurur (?). Bu səsi (?!) başqa bir işarə ilə əvəz etmək olmazdımı?”
Şair, Dövlət Dil Komissiyasının üzvü Sabir Rüstəmxanlı da bu üç hərfin güdaza verilməsində israrlıdır: “Bizim dillərin yaxınlaşmasına niyə narahatdırlar? Bəzi şeylərə sırf mütəxəssis gözü ilə deyil, siyasi gözlə baxmaq lazımdır. Əlifbanı dəyişdik və bu gün türk əlifbası ilə 3 hərf fərqimiz var. Mən bu gün bəzi sözləri yazanda çaşıram. Bəzən, “ə” və ya “e” yazmaqda çətinlik yaranır. O üç hərifi türk əlifbasında olduğumu kimi işarələsək bir-birimizi daha rahat oxuyacaqdıq. Türklər “ə” hərfini yazmasa da, “ə” səsini bizdən çox işlədirlər. Bu tək bizə yox, Tatarıstan, Özbəkistan, Qazaxıstana aiddir ki, əlifba bir olmalı idi. Türk dünyasının dünyaya inteqrasiyasını arzu ediriksə, Türk Birliyi arzusundayıqsa, hökmən bütün bunların hamısı nəzərə alınmalı idi. Bu mənada əlifbada dilin bütün səslərinin şəkil bulması xam xəyaldır. Burada optimal yol axtarmaq və Azərbaycanla Türkiyənin vahid əlifbadan istifadəsinə nail olmaq lazım idi. Bu, artıq alimlərin mülahizələri ilə yox, siyasi qərarla həll olunmalı məsələdir” (10 oktyabr 2018, “olaylar.az”).
Mükəmməl əlifba necə olur?
Hər bir fonemin ayrıca orfoqrafik işarə ilə ifadə edildiyi əlifba mükəmməl sayılır. Mənim bildiklərimdən alman dilinin əlifbası bu cəhətdən xeyli qüsurludur. Məsələn, bu əlifbada x səsi 2 (ch), ş səsi 3 (sch), ç səsi 4 (tsch) hərflə ifadə edilir. Bundan başqa, ch incə şəraitdə (incə saitlərlə əhatə olunduqda) x` kimi, ei birləşməsi ay, eu birləşməsi oy, ie birləşməsi uzun i kimi tələffüz edilir. S hərfi qalın şəraitdə s, incə şəraitdə z kimi oxunur. Hazırda Türkiyədə istifadə edilən əlifba da qüsurludur. Belə ki, bu əlifbada ə, x, q səsləri ayrıca hərflə ifadə edilmir. G hərfi iki səsi ifadə edir – g və q. E hərfi həm e, həm də ə səsini ifadə etmək üçün istifadə edilir. Bundan əlavə ğ hərfi qalın şəraitdə ğ, incə şəraitdə y (yumşaq y) səsini ifadə edir. Bu deyilənlər əlifba üçün nöqsandır.
Orta məktəbdə oxuyanda bir neçə əlifbanı bilirdim. Rusların kiril əlifbası, Azərbaycanda işlənən kiril əsaslı əlifba (eyni əlifbadır deməyin, arada nə qədər fərq var: ё, е, э, ю, я, щ, ь, ъ…), alman əlifbası və gürcü əlifbası. Yəqin, çoxlarınız azı üç əlifba bilmisiniz. İnstitutda bu siyahıya ərəb əlifbası, türk runik əlifbası və 20-ci illərin sonunda qəbul edilən latın əsaslı əlifbamız əlavə olundu. Bəzi kitabları, məsələn, Herbert Uelsin “Görünməyən adam” əsərini Axundov adına kitabxanada o əlifba ilə oxuduğum yadımdadır. Bu, yeddi əlifba deməkdir. Bəlkə, oxucuların arasında daha çox əlifbada oxumağı bacaranlar da var. Bu fonda hansısa xalq şairinin, professorun, akademikin türk xalqlarının yaxınlaşması üçün “əlifbamızdan 3 hərfi (ə, q, x) çıxaraq” deməsi gülünc deyilmi?
Bunun ardınca da addımlar gələ bilər. Türkiyə türkcəsində yumşaq y (ğ) var, Türkiyə türkcəsində qeyri-müəyyən yönlük hal var, Türkiyə türkcəsində çıxışlıq hal əvəzinə yönlük hal, yerlik hal əvəzinə yiyəlik hal şəkilçisinin işlənməsi var… Sanki hər şey hesablanıb. Elə bir çıxılmaz vəziyyət yaradılacaq ki, geriyə addım atmağa kimsə cəsarət etməyəcək, irəliyə isə bir yol olacaq – Azərbaycan türkcəsindən imtina! fitnənin mümükün fəsadlarının diapazonu və “dil dstribütorları” ilə “dil proletkultçularının” fəaliyyətinin koordinasiya edilmiş və ciddi bir təhdid olması barədə qənaət yaradır.
Ortq ümsiyyət vasitəsi yox, ortaq ədəbi dil spekulyasiyaları təkcə mədəni yox, həm də siyasi təhdid ünsürləri daşıyır.
Konvergensiya siyasi birliklərin, təşəkküllərin, təsissatların səbəbi yox nəticəsi olur. Yəni bir siyasi sərhəd içində yaşayan geneoloji cəhətdən yaxın xalqların dilində yaxınlaşma labüddür. Bu zaman leksik-alış veriş ola bilər, amma təkamül bir dilin (çox vaxt çoxluğun və ya siyasi, intellektual çoxluğun dilinin) superstrat (qalib dil), digərinin (digərlərinin) isə substrat (məğlub dil) olması ilə nəticələnir.
İki dilin eklektik şəkildə birləşdirilməsi zamanı onlardan birinin fonetik, orfoqrafik, orfoepik, üslubi, qrammatik müvazinəti pozulmaldıır. Bu halda substrat dil taleyi mütləq Azərbaycan türkcəsinə nəsib olacaq. İlk addım da əlifbanın qurban verilməsindən başlanılıb. Üç hərf deyib keçməyin…
3 hərfin əlifbadan çıxarılması 10 minlərlə (!) sözün yazılışna təsir edəcək, 10 minlərlə sözün yazılışı ilə tələffüzü arasında fərq yaranacaq. İndiyədək çap və elektron mətnlər sıradan çıxacaq, orta məktəblərdə tədrisdə istər orfoqrafiyada, istərsə də sözlərin düzgün tələffüzünün yazılışı zamanı çətinliklər yaranacaq. Sonradan “təbii olaraq” başqa sözlərin yazılışı və tələffüzünə də “əl gəzdirmək” lazım gələcək. Bir sözlə, bu 3 hərf davası deyil. Azərbaycan mədəniyyəti üçün ciddi təhdidlər daşıyan bir layhədir. Cəfəng dəyişikliklər keçməyəndən sonra layihənin tərəfdarlarının bu məsələnin zamana ehtiyacı olması barədə açıqlamaları boşuna deyilmiş. Hədəf aydındır.
Arada adama elə gəlir ki, bunlar hansısa mərkəzdən idarə edirlər. Bir yandan sistemli şəkildə Azərbaycan türkcəsinin orfoqrafiyası, orfoepsiyası leksikasında xaos yaradılır (15 ildir, yeni orfoqrafiya lüğəti hazırlanmayıb), TV kanalları dil normalarını kobudcasına pozmaqla onu nüfuzdan salır, digər tərəfdən ucuz, şit, bayağı, xaltura verilişlər, qeyri-peşəkar dublyajlar, bayağı seriallar öz dilini sevənlərin də xarici (xüsusən Türkiyənin) yüksək səviyyəli film və verilişlərinə baxması ilə nəticələnir. Bu isə dilmizdə dolayı yolla dilmizdə varvarizmlərin çoxalmasına, onların sosial şəbəkələrdə meydan sulamasına səbəb olur.
Beləliklə, iddia müəlliflərinə suallarımız:
1. Əlifba islahatı aparan zaman naqis əlifbadakı qüsurları düzəltmək doğru addımdır, yoxsa mükəmməl əlifbanı naqis əlifbaya uyğunlaşdırmaq?
2. Doğrudanmı, Türkiyə vətəndaşları üçün bu 3 hərfi (ə, q,x) öyrənmək Türkiyə türkcəsində yazılan mətnlərdə transliterasiya olunmadan ingiliscə, almanca, fransızca və s yazılan (hətta bədii əsərlərdə, mətbuatda) xüsusi isimlərin tələffüz şəklinin öyrənməkdən daha çətindir?
3. Əgər gerçək məqsədiniz ortaq dil yox, ortaq ünsiyyət vasitəsidirsə və bu ünsiyy\ət vasitəsi Türkiyə türkcəsi olacaqsa, yəni digər türkdilli xalqlar bir-birləri, eləcə də türkiyəli qardaşlarla Türkiyə türkcəsində danışacaqsa, Azərbaycan əlifbasını şikəst eləməyin arxasında hansı məntiq dayanır?
4. Dillərin konvergensiyası böyük siyasi birliklərin, dövlətlər birliklərinin, imperiyaların yaranmasının səbəbidir, yoxsa nəticəsi?
5. Ortaq dilin siyasi dividendlərinə misal göstərə bilərsinizmi? Mən əksini göstərə bilərəm.
– Məsələn, ABŞ-la İsrailin ən yaxın strateji müttəfiq olmasına nəinki hər hansı hərf, bütöv əlifba heç bir əngəl yaratmır.
– Eləcə də, Şimali və Cənubi Koreyanın eyni yazı (hər iki Koreyada xanqıl fonetik yazısından istifadə edilir) və eyni dil daşıyıcısı olsa da, hazırda ən böyük müharibə riski olan ölkələrdəndir.
– Məncə, 20-dən artıq ərəb ölkəsi var. Onlar vahid ədəbi dil və yazıdan istifadə edir. Bu, onlara hansısa siyasi dividend veribmi? Sizə Səudiyyə Ərəbistanı və Yəmənin, Qətərin dostluğundan danışım? Bəlkə, Səddam Hüseyn Küfeytə hücum edəndə Əlif hərfinin digər hərfləri və hərəkeləri toplayıb araya girməsi və tankların lüləsinə yaylıq bağlaması barədə sizdə informasiya var?
– Bir də xalqlarımızın başına gəlməsin, bəyəm Şah İsmayılla Sultan Səlim Yavuz, Teymurlənglə İldırım Bayazid fərqli əlifbalardan istifadə edirdi?
“Məsələyə siyasi gözlə baxıb” dillərin gözünü tökmək çox böyük xəyanət olardı. Hər bir türk xalqının danışdığı dilin özünəməxsus özəllikləri var. Onlar vahid bir dildən differensasiya olunaraq əsrlər boyu fərqli siyasi sərhədlərdə linqvistik divergensiyaya (ayrılma, fərqlənmə) məruz qalıb, o dillər ayrıca dil, o xalqlar ayrıca xalq kimi formalaşıb. Vilhelm Humboldt demiş: “Dil xalqın ruhudur”. Ruhları incitməyin. O dillərdə o xalqların mədəni kodları var.
Böyük və müzəffər olmaq üçün əlifba və dillərin yox, qəlblərin bir olması lazımdır.
P.S. Vaxtilə böyük mütəfəkkirimiz Əli bəy Hüseynzadə İstanbul ləhcəsini türk xalqları, o cümlədən Azərbaycan türkləri üçün ədəbi dil etməyə çalışırdı (deyilənə görə, “İttihadi-tərəqqi”nin təşviqi ilə). Nəticəsi məlumdur. F.Köçərli yazırdı: “Kaş o alicənab (Ə.Hüseynzadə) İstanbulda oturub bizim bu şümbəxt Qafqaza gəlməyəydi…” Siz də istər orda oturun, istər iki ölkə arasını su yolu edin, amma lütfən, millətçiliyin keyfiyyət əmsalı ilə bığ və ya saqqalın dizaynı arasında üzvi əlaqə görən dairələrin təşviqi ilə (belə ehtimal edilir) camaatın rahatlığını pozmayın. Hərgah gerçək vətənpərvərsinizsə, sizə pas verə bilərəm: iki əsrdir siyasi sərhədlərin ayırdığı şimalımızla cənubumuz arasında dil sahəsində uçurum dərinləşir. Bir neçə il əvvəl Axundov adına Milli Kitabxananın xarici əlaqələr şöbəsində öyrəndik ki, İran kitab mübadiləsi zamanı Azərbaycandan latın qrafikalı kitabları qəbul etmir. Mətbuata dedik, yazdılar. Gerçək ziyalısınızsa, bununla məşğul olun. Çünki cənubda Azərbaycan türkcəsi tədris olunmur və Azərbaycandan kitab mübadiləsi baş verməsə, leksik, orfoqrafik və s uçurum daha da dərinləşə bilər.
P.P.S. Qərb (sizin əlifba ilə Gerb) sərhədimizin o üzündə Gürcüstan adlı bir ölkə var. Qazax (sizin əlifba ilə Gazah) və Qax (sizin əlifba ilə Gah) sakinləri orda yaşayan xalqın (sizin əlifba ilə halg) öz dəyərlərinə necə sahib çıxdığını yaxşı bilir. Gürcülər əsrlərlə dövlətçiliyini itirsə də, 1500 ildir, öz əlifbasını göz bəbəyi kimi qoruyur. Onların ziyalıları sizin kimi “vaveyla, dünyaya inteqrasiya oluna bilməyəcəyik, vaveyla, dilimiz öləcək” deyib camaata xox (sizin əlifba ilə hoh) gəlmir. Və cəmi 5 milyondurlar. Biz isə 50 milyonuq.