Sovet dövrü və müstəqillik illəri (V. Romantsovun yazısı, ixtisarla)
1917-1921-ci illərdə ukraynalıların milli azadlıq mübarizəsi məğlubiyyətlə başa çatdı və sovet hakimiyyəti quruldu. Bolşeviklər milli respublikaların bütün əsarət altında olan xalqlarının yerli əhalisini öz tərəflərinə çəkmək üçün bir sıra tədbirlər görürlər. Məqsəd xalqlara Moskvanın milli mədəniyyətlərə münasibətinin çarizmin böyük dövlətçilik siyasətindən əsaslı şəkildə fərqləndiyini göstərmək idi.
Bu siyasət 1920-ci illərin əvvəllərindən həyata keçirilir. Ukraynada bunu “Ukrayna intibahı” adlandırırdılar. Bu siyasətin ayrı-ayrı tərəfləri Sovet hakimiyyətinin ilk illərində inkişaf edir. 1920-ci illərin birinci yarısında respublikada 21 mindən çox ümumtəhsil məktəbi vardı. Bunların 18 mindən çoxunda tədris Ukrayna dilində, 2 minə yaxınında rus dilində, yüzlərlə məktəbdə isə alman, bolqar, yəhudi və başqa dillərdə idi. Müxtəlif dillərdə 90-a yaxın qəzet nəşr olunurdu. Milli kitabxanalar, teatrlar, elmi müəssisələr uğurla fəaliyyət göstərirdi. Müxtəlif növ kütləvi ictimai təşkilatlar yaradılır: yazıçılar, rəssamlar, elm adamları və s.
1920-ci illərin sonu və 1930-cu illərin əvvəllərində kütləvi məhkəmələr, edamlar sürgünlər başlayır. Ukrayna SSR-də kollektivləşmə və qolçomaqların bir sinif kimi ləğv edilməsi siyasəti Ukrayna xalqının genefonduna ciddi zərbə vurur.
1930-cu illərdə kütləvi ictimai təşkilatlar ləğv edilir, yazıçılar, rəssamlar, memarlar ittifaqları və s. partiya orqanlarının ciddi rəhbərliyi və nəzarəti altına verilir. 1930-cu illərin sonlarında “xırda burjua millətçiliyinin mənbəyinə çevrilən” milli azlıqların ümumtəhsil məktəbləri bağlanır, şagirdlər tədris rus və Ukrayna dillərində olan məktəblərə köçürülür.
1926-cı ilin sonunda keçirilmiş ilk Ümumittifaq əhalinin siyahıyaalınmasının materiallarına əsasən, o zaman SSRİ-də 31,2 milyon ukraynalı yaşayıb, onlardan 27,5 milyonu (88,1%) Ukrayna dilini ana dili kimi tanıyıb. Respublikada 23 218,9 min ukraynalıdan 21848,6 min nəfəri (94,1%) Ukrayna dilini, 1288,9 min nəfəri (5,6%) rus dilini ana dili kimi tanıyıb. Rusların ümumi sayından (2677,2 min) 2627,4 min nəfəri (98,1%) rus dilini ana dili kimi tanıyıb, 37,1 min nəfəri (1,4%) Ukrayna dilinə keçib; 1574,4 min yəhudidən 1195,7 mini (75,9%) öz dilini ana dili kimi tanıyıb, 14,1 mini (0,9%) Ukrayna, 356,2 min nəfəri (22,6%) rus dilini; 393,9 min almandan 374,1 min nəfəri (94,9%) öz dilini ana dili kimi saxlayıb, demək olar ki, 4 min nəfəri (0,9%) Ukrayna dilinə, 13,9 min nəfəri (3,5%) rus dilinə keçib; 476,4 min polyakdan 210,5 mini (44,2%) öz dilini ana dili kimi tanıyıb, 226,6 min nəfəri (47,6%) Ukrayna, 32,8 min nəfəri (6,9%) rus dilini seçib.
İstinad edilən materiallar sübut edir ki, Ukrayna torpaqlarında ruslar və almanlar öz ana dillərini canfəşanlıqla qoruyub saxlayıb, ukraynalılar isə yalnız üçüncü olub.
1926-1939-cu illər arasında Ukrayna kollektivləşmə, 1932-1933-cü illərdə Qolodomor, 1937-1938-ci illərdə repressiya kimi dəhşətli sarsıntılar yaşayıb. Bu hadisələr Ukrayna mədəniyyətinin və dilinin inkişafına təsir göstərib. 1939-cu ildə SSRİ-də ukraynalıların sayı dərc olunub – 28,1 milyon nəfər. Onlardan 24,7 milyonu (87%) öz dillərini ana dili kimi tanıyıb, 3,4 milyon nəfər rus dilinə keçib.
1958-ci ilin dekabrında qəbul edilmiş “Məktəblə həyat arasında əlaqənin gücləndirilməsi haqqında” Qanun Ukrayna əhalisinin ana dilindən istifadəsinə əhəmiyyətli dərəcədə təsir edir. Bu, digər ümumittifaq tədbirləri kimi, 1959-cu ilin aprelində Ukrayna SSR-də təkrarlanır. Valideynlər əslində övladlarını rus dilində tədris olunan məktəblərə göndərməyə məcbur olublar. Orta və ali təhsil müəssisələrində tədris əsasən rus dilində aparılırdı. Ukraynanın mütərəqqi ziyalıları, o cümlədən görkəmli ukrayna şairləri M.Bajan və M.Rılski belə bir qanunun əleyhinə çıxırlar.
Müharibədən sonrakı 14 il ərzində müxtəlif səbəblərdən siyahıyaalma aparılmır; Ukrayna əhalisinin dillərdən istifadəsini təhlil etmək üçün əlimizdə yalnız dördüncü Ümumittifaq əhalinin siyahıyaalınmasının materialları var. Məlumata görə, 1959-cu ilin sonuna qədər SSRİ-də 37,3 milyon ukraynalı yaşayıb, onlardan təxminən 32,7 milyonu (87,7%) Ukrayna dilini ana dili kimi tanıyıb (1939-cu illə müqayisədə itki 0,2% çox) və 4,5 milyon nəfər rus dilinə keçib. 1939-cu illə müqayisədə rus dilinə keçən ukraynalıların sayı 1,1 milyon faiz artıb. Bu vaxta qədər Ukrayna SSR-də 32,2 milyon ukraynalı yaşayırdı, onlardan 30,1 milyon insan (93,5%) ukrayna dilini, 2,1 milyonu (6,5%) isə rus dilini ana dili kimi tanıyıb.
1926-cı illə müqayisədə rus dilinə keçən ukraynalıların sayı demək olar ki, iki dəfə artıb, ukraynalıların mütləq sayı isə cəmi 38,7% artıb. Bu müddət ərzində Ukraynanın digər xalqlarının nümayəndələri arasında da kifayət qədər əhəmiyyətli dəyişikliklər baş verib. Əgər 1926-cı ildə Ukraynada ruslar 9,3%, qalan etnik qruplar (ukraynlar istisna olmaqla) 9,7% təşkil edirdisə, 1959-cu ildə rusların xüsusi çəkisi 16,9%-ə qədər artıb, digər xalqların payı isə 6,3%-ə qədər azalıb.
Ukrayna xalqları öz dillərindən necə istifadə edirdilər? 7090,1 min rusdan 6959 min nəfəri öz dilini öz ana dili hesab edib, yəni 1926-cı ildən bu vaxtacan öz dilindən ana dili kimi istifadə edən rusların nisbəti dəyişməyib (98,1%). Deməli, 33 il müddətində ruslar “ukraynalaşmayıb”. Digər xalqlar üçün nəticələr budur: 1959-cu ildə respublikada 840,3 min yəhudi olub və yalnız 142,2 min (16,9%) öz dilini ana dili kimi tanıyıb, 23,4 min (2,8%) Ukrayna, 671,4 min nəfər (79,9%) rus dilinə keçib. 290,9 min belarusdan 107 mini (36,8%) öz dilini qoruyub, 26,6 min nəfəri (9%) Ukrayna, 157,2 min nəfəri (54%) rus dilinə keçib; 363,3 min polyakdan 68,2 mini (18,8%) öz dilini ana dili kimi tanıyıb, 248,6 min nəfər (68,4%) Ukrayna dilinə, 45,3 min nəfər (12,5%) rus dilinə keçib.
Nəzərdən keçirdiyimiz dövrü “Ukrayna intibahı” hesab etmək olmaz. Ana dilini itirərək rus dilinə keçən ukraynalıların sayı təxminən iki dəfə artıb. Eyni şey Ukrayna SSR sərhədləri daxilində yaşayan digər xalqların əksər nümayəndələrinə də aiddir, yəhudilər xüsusilə böyük itkilərə məruz qalıblar. Əslində başqa xalqların nümayəndələrinin ana dilini saxlaması, ya da torpaqlarında yaşadıqları xalqın dilinə keçməsi təbiidir. Amma onların əksəriyyəti rus dilinə keçib.
1989-cu ildə SSRİ ərazisində 44,2 milyon ukraynalı yaşayırdı, onlardan 35,8 milyon nəfər (80,1%) Ukrayna dilini ana dili kimi tanıyıb, demək olar ki, qalanının hamısı rus dilinə keçib (8,3 milyon nəfər).
Həmin dövrdə Ukraynada 37,4 milyon (72,7%) ukraynalı yaşayırdı, 32,8 milyon şəxs (87,7%) öz dilini ana dili kimi tanıyırdı, 4,6 milyonu rus dilinə keçərək onu itirmişdi. Yəni ana dilini itirmiş ukraynalıların payı 1959-cu illə müqayisədə 5,8 faiz artmışdı.
Mühüm dəyişikliklər ruslar istisna olmaqla, respublikada məskunlaşan digər xalqların nümayəndələri arasında da müşahidə olunur. Əvvəlki dövrdə olduğu kimi, ruslar öz ana dilini uğurla qoruyub saxlayıb, respublikada sayları 11,4 milyon nəfərə qədər artıb, onlardan 11,2 milyonu (98,2%) ana dilindən istifadə edib, yalnız 117,5 min (1,2%) nəfəri isə Ukrayna dilinə keçib. Bu dövrdə bütün xalqların nümayəndələri arasında yəhudilər ana dilini ən çox itirib, onların sayı 486,3 min nəfərə (0,9%) qədər azalıb. Yəhudilərin yalnız 34,6 min nəfəri (7,1%) ana dilindən istifadə edib, 440,2 min nəfəri (90,6%) rus dilinə keçib. Onlardan yalnız 10,1 mini (2,1%) Ukrayna dilini ana dili kimi tanıyıb. 440 min belarusun 156,2 mini (35,5%) ana dilindən istifadə edib, 242,7 min nəfəri (55,2%) rus dilinə, yalnız 40,8 min nəfəri (9,3%) Ukrayna dilinə keçib. Oxşar tendensiyaları polyaklar və moldovalılar arasında da müşahidə etmək olar.
Əgər iki dövrü – 1926-1959 və 1959-1989-cu illəri müqayisə etsək, onda təqdim olunan materiallar inandırıcı şəkildə sübut edir ki, SSRİ-də Ukrayna əhalisinin və Ukrayna torpaqlarında məskunlaşan bütün insanların ruslaşdırılması prosesi daha intensiv olub. Buna səbəb hökumətin o cümlədən ukraynalılara münasibətdə həyata keçirdiyi daha sərt ruslaşdırma siyasəti olub.
Müstəqillik əldə etdikdən sonra ana dilindən istifadə ilə bağlı hansı dəyişikliklərin baş verməsi ilə barədə suala 2001-ci ildə keçirilmiş ilk Ümumkrayna əhalinin siyahıyaalınmasının materialları cavab verir. Ukraynalıların sayı, demək olar ki, dəyişməyib – 37,5 milyon nəfər. Ukraynanın ümumi əhalisi azalıb və onların payı 77,7%-ə yüksəlib. Müstəqilliyin 10 ili ərzində belə, demək olar ki, 32 milyon ukraynalı (85,3%) öz dillərini ana dili kimi tanıyıb, yəni onların sayı 2,4% azalıb, rus dilinə keçənlər isə 5,5 milyon nəfərə (14,8%) çatıb. yəni eyni faizlə artıb.
Əvvəlki dövrlərdə olduğu kimi, Ukraynada ana dilini qorumaqda ən çox uğur qazanan ruslar olub, onların ümumi sayı 8334,1 min nəfərə qədər azalıb və 7993,8 min nəfər (95,8%) rus dilini, 328,2 min nəfər (3,9%) ukrayna dilini ana dili kimi tanıyıb. 275,8 min belarusdan 54,6 mini (19,8%) öz dilini, 48,2 min nəfəri (17,5%) Ukrayna, 172,3 min nəfəri (62,4%) rus dilini ana dili kimi tanıyıb; 103,6 min yəhudidən 3,2 mini (3,1%) öz dilini, 13,9 mini (13,4%) Ukrayna, 86 mini (82,7%) rus dilini ana dili kimi tanıyıb.
Deməli, Rusiya imperiyasının, Sovet İttifaqının Ukrayna etnosuna, onun mədəniyyətinə, adət-ənənələrinə, həyat tərzinə, mənəviyyatına, dilinə münasibətinin mənfi nəticələrini hətta müstəqillik dövründə də minimuma endirmək mümkün olmayıb. 1926-2001-ci illərdə Ukrayna torpaqlarında ukraynalıların əhali arasında xüsusi çəkisi 80 faizdən 77,7 faizə enib. 1926-cı ildə ukraynalıların 94,1% öz dilini ana dili kimi tanıyırdısa, 2001-ci ildə bu göstərici 85,3%-ə enib. İstər sovet hakimiyyəti dövründə, istərsə də müstəqilliyin ilk illərində Ukrayna sakinlərinin ruslaşması prosesi davam edib.
Vladimir Romantsov. “Zerkalo nedeli “, 18 fevral 2006-cı il
tərcümə kamilinfo-nundur