Ukraynada qəzaya uğrayan F-16 qırıcısının Rusiya tərəfindən buraxılmış raketlə vurulduğu bildirilir.
APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın “BBC News” agentliyi Ukraynadakı hərbi mənbələrə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Rusiya təyyarəyə ümumilikdə üç raket atıb.
“Bunlar yerüstü S-400 zenit-raket kompleksinə aid idarəolunan raket və ya havadan-havaya R-37 tipli raketlər ola bilər”.
BBC-nin həmsöhbəti ehtimal olunan “dost atəşi” versiyasını tam istisna edib. Onun sözlərinə görə, pilot Pavel İvanovun döyüş tapşırığı yerinə yetirdiyi ərazidə Ukrayna Hava Hücumundan Müdafiə sistemləri fəaliyyət göstərməyib.
Qeyd edək ki, bu gün 26 yaşlı Pavel İvanov F-16 təyyarəsində döyüş tapşırığını yerinə yetirərkən vurulub.