Azərbaycan, Əfqanıstan, İran, İraq, Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Hindistan və Pakistanın UNESCO yanındakı daimi nümayəndəliklərinin birgə təşkilatçılığı ilə qurumun mənzil-qərargahında Novruz bayramı qeyd olunub.
“Report”un Fransa bürosu xəbər verir ki, tədbirdə həmin ölkələrin səfirləri, UNESCO yanında daimi nümayəndələri, təşkilatın Baş katibi Odri Azulay (Audrey Azoulay), Baş katibin müavini Xing Qu, UNESCO Baş Konfransının prezidenti Santiago İrazabal Mourao, Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev, jurnalistlər, diaspor təşkilatları nümayəndələri və digər şəxslər iştirak ediblər.
UNESCO-nun Baş katibi Odri Azulay Azərbaycanın bayram stendini ziyarət edib.
Xatırladaq ki, Novruz bayramı 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.