Parisdə UNESCO-nun Dünya İrs Komitəsinin 47-ci sessiyası 26 yeni mədəni və təbiət abidəsinin Dünya İrs Siyahısına daxil edilməsi ilə başa çatıb. Azərbaycanın “Qədim Qəbələ şəhəri” və “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilib. Bu il Afrika irsi yenidən vurğulanıb. Qitədən 4 yeni abidə siyahıya salınıb, 3 abidə isə Təhlükədə olan Dünya İrsi siyahısından çıxarılıb.
AZƏRTAC xəbər verir ki, UNESCO-nun Dünya İrs Siyahısına 26 yeni abidə əlavə olunmaqla bu siyahıdakı abidələrin ümumi sayı 170 ölkə üzrə 1248-ə çatıb. Komitə, həmçinin iki mövcud irs sahəsinin ərazisinin genişləndirilməsini də təsdiqləyib ki, bu da sərhədlərarası təbiət parklarının yaranmasına imkan verəcək.
Builki sessiyada təqdim olunan namizədliklərin çoxu birbaşa yerli icmaların təşəbbüsü və milli hakimiyyətlərin dəstəyi ilə reallaşıb. Bu, xüsusilə Afrikadan daxil edilən 4 yeni irs sahəsi və Avstraliyadakı Murujuqa aborigen torpaqları üçün keçərlidir. Sözügedən abidələrin siyahıya daxil edilməsi beynəlxalq tanınma, eləcə də yerli xalqların bu irsin qorunmasındakı əsas rolunu təsdiqləyir. 2020-ci ildən bəri UNESCO Afrika qitəsində irs layihələri üçün 34 milyon dollardan çox maliyyə vəsaiti ayırıb. Bu vəsait mütəxəssislərin hazırlanması, namizədliklərin hazırlanması və mühafizə layihələrinin maliyyələşdirilməsinə yönəlib.
47-ci sessiyada Qvineya-Bisau və Syerra-Leone ilk dəfə Dünya İrs Siyahısına namizəd təqdim edərək siyahının universallığını daha da gücləndirib. 2027-ci ilə qədər Afrikadan 7 yeni ölkənin də ilk abidə namizədliyini təqdim etməsi gözlənilir.
UNESCO Dünya İrs Komitəsinin növbəti – 48-ci sessiyası 2026-cı ilin yayında Koreya Respublikasının Busan şəhərində keçiriləcək.