- Mədəniyyət

UNESCO-nun qərargahında Nizami Gəncəvinin yubileyinə həsr olunan tədbir keçirilib

Fransanın paytaxtı Parisdə, UNESCO-nun mənzil qərargahında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın bu qurum yanında daimi nümayəndəsi Elman Abdullayev, UNESCO baş direktorunun mədəniyyət işləri üzrə müavini Ernesto Ottone Ramirez, Türkiyənin və digər ölkələrin daimi nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev Nizami Gəncəvinin zəngin yaradıcılığı, onun bəşər ədəbiyyatına misilsiz töhfəsi haqqında məlumat verib. E.Abdullayev bütün həyatını Azərbaycanın yalnız bir şəhərində, Gəncədə yaşamış Nizaminin bir neçə dildə sərbəst danışdığını, əsərlərində dövrünün ən qabaqcıl ideyalardan olan qadın hüquqları, bərabərlik, ədalət, sülhü təbliğ etdiyini qonaqların diqqətinə çatdırıb. Səfir bu ideyaların bu gün, dövrümüzün əsas aparıcı ideyaları olduğunu, onları əldə etmək üçün insanların üzün müddət ərzində mübarizə apardıqlarını qeyd edib.

UNESCO baş direktorunun mədəniyyət işləri üzrə müavini Ernesto Ottone Ramirez Nizami Gəncəvinin fəlsəfi ideyalarının əhəmiyyətinə toxunub, onun ədəbiyyatının eyni zamanda kövrəltdiyini, təşviq etdiyini və düşünməyə məcbur etdiyini bildirib. O Azərbaycanın dünya mədəni və qeyri-maddi irsinin qorunub saxlanılması sahəsindəki geniş fəalityətinə toxunub və UNESCO adından təşəkkürünü bildirib.

Tədbirdə azərbaycanlı caz ustası Etibar Əsədlinin pianoda ifasında Nizaminin sözlərinə yazılmış mahnılar ifa olunub.

Tədbir zamanı əsərlərində sülh, ədalət, humanizm, yüksək əxlaq, azadlıq və bərabərlik kimi dəyərləri təbliğ etmiş dahi mütəfəkkir Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan poemaların motivləri əsasında çəkilmiş əsrarəngiz miniatürlərindən ibarət sərginin açılışı olub. (report)