İyulun 15-də mədəniyyət naziri Anar Kərimov Xüsusi tapşırıqlar üzrə səfir, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının Baş katibi Elnur Sultanovu qəbul edib.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Birinci vitse-prezident, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın səyləri nəticəsində milli mədəniyyətimizin dünyada getdikcə daha çox tanındığı və UNESCO kimi nüfuzlu təşkilatlarda mövqeyinin güclənməsi qeyd edilib.
UNESCO-nun müvafiq siyahılarına daxil edilən milli mədəni elementlərimizin sayının getdikcə artdığının sevindirici olduğunu vurğulayan Elnur Sultanov son daxil edilən elementlər üzrə sertifikatların Azərbaycan tərəfinə təqdim edildiyini bildirib.
Milli Komissiyanın Baş katibi “Yallı (Köçəri, Tənzərə): Naxçıvanın ənənəvi qrup rəqsləri”, “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi”, “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” və “Miniatür sənəti” nominasiya fayllarının Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil olunduğunu təsdiqləyən sertifikatları nazir Anar Kərimova təqdim edib.
Sonda ölkəmizin UNESCO ilə əməkdaşlığı və müxtəlif Konvensiyalar çərçivəsində həyata keçirilən cari və perspektiv fəaliyyətlər ətrafında müzakirələr aparılıb.
Xatırladaq ki, Azərbaycan, Türkiyə və Qazaxıstan tərəfindən birgə təqdim edilən “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” çoxmillətli nominasiya faylının və ölkəmizin UNESCO-nun Təcili Qorunma Siyahısına təqdim etdiyi “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” milli nominasiya faylının Siyahıya daxil edilməsi haqqında qərarlar 2018-ci ilin 26 noyabr – 1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində baş tutmuş UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında qəbul edilib.
“Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” milli nominasiyası və Azərbaycan, Türkiyə, İran və Özbəkistanın birgə təqdim etdiyi “Miniatür sənəti” çoxmillətli nominasiyası üzrə faylların Siyahıya daxil olması ilə bağlı qərarlar isə 2020-ci ilin dekabrın 16-da Parisdə baş tutan və virtual keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 15-ci iclası çərçivəsində qəbul edilib.
Hazırda ölkəmizin 15 qeyri-maddi mədəni irs elementi UNESCO-nun müvafiq siyahısında yer alır.