Stiq Daqerman
Günəşli bir gün idi və gün işığı düzənliyə yayılırdı. Birazdan zənglər çalınacaq, çünki bu gün bazar günüdür. Çovdar tarlalarının arasında iki uşaq əvvəllər görmədikləri bir cığırı kəşf edir. Düzənliyin kənarındakı üç kəndin pəncərələri par-par parıldayır. Kişilər mətbəx masasının üzərinə qoyduqları portativ aynaların qarşısında üzünü qırxır, qadınlar zümzümə edərək səhər yeməyi üçün çörək dilimləyir, uşaqlar isə mətbəxin döşəməsində oturub jiletlərinin yaxasını düymələyir.
Bu xoşbəxt səhər əslində pis bir günün başlanğıcıdır, çünki uşaqlardan biri üçüncü kənddə xoşbəxt bir insan tərəfindən öldürüləcək. Buna baxmayaraq, uşaq mətbəxin döşəməsində oturub yaxasını düymələyir, kişi üzünü qırxarkən bu gün dərədə qayıqla gəzəcəklərindən bəhs edir, qadın zümzümə edərək kəsdiyi dilimləri mavi bir boşqaba yığır.
Mətbəxə heç bir kölgə düşmür və uşağı öldürəcək olan adam birinci kənddəki qırmızı bir yanacaqdoldurma nasosunun yanında dayanıb. O xoşbəxt bir adamdır, fotokameranın obyektivindən baxanda mavi bir maşın və gülümsəyərək maşının yanında dayanan gənc bir qadın görür. Qadın gülür, kişi isə bu gözəl mənzərənin şəklini çəkir. Bu vaxt yanacaqdoldurma məntəqəsinin işçisi benzin tankının ağzını bərk-bərk bağlayır və cütlüyə baxaraq bu gün havanın yaxşı olacağını deyir. Qadın maşına minir, uşağı öldürəcək olan adam isə cibindən pulqabını çıxarır və işçi ilə söhbət edir. Dəniz kənarına gedəcəklərindən, qayıq kirayələyib üzəcəklərindən bəhs edir. Ön oturacaqda oturan qadın maşının açıq pəncərəsindən kişinin dediklərini eşidir, gözlərini bağlayır, dənizi və qayıqda yanında oturan kişini təsəvvüründə canlandırır. O pis adam deyil, xoşbəxt və şad adamdır, maşına minməmişdən əvvəl buxarının qabağında bir anlıq dayanır, onun parıltısından və meşəgilası ağaclarının ətrinə qarışan benzin qoxusundan zövq alır. Maşının üstünə heç bir kölgə düşmür, parıldayan kapotun üzərində isə nə əziklik, nə də qırmızımtıl qan ləkəsi var.
Birinci kənddəki adam maşına minib qapısını örtdükdən sonra mühərriki işə saldığı vaxt üçüncü kənddəki qadın mətbəx şkafının qapısını açır və evdə qənd olmadığını görür. Jiletini düymələməyi və ayaqqabılarının kəndirlərini bağlamağı bitirən uşaq divana çıxıb dizlərinin üstündə dayanaraq pəncərədən baxdıqda, qızılağacların arasından axan dərəni və sahildəki otların üzərində dayanan qara qayığı görür. Uşağını itirəcək olan kişi təraşını bitirir və portativ aynanı qatlayıb yerinə qoyur. Masanın üstündə kofe fincanları, çörək, qaymaq və milçəklər var. Çatışmayan yeganə şey şəkər olduğundan ana uşağını şəkər istəmək üçün Larsongilə göndərir. Uşaq qapını açıb bayıra qaçdığı vaxt kişi arxasınca qışqırır, qayığın sahildə onları gözlədiyini, bu gün həmişəkindən daha uzağa gedəcəklərini deyir. Uşaq həyəti qaçaraq keçərkən fikri dərədə, qayıqda və suda üzən balıqlarda idi. Heç kəs onun qulağına ömrünün səkkiz dəqiqə sonra bitəcəyini, qayığın nə bu gün, nə də başqa vaxt yerindən tərpənməyəcəyini demir.
Larsongilin evi uzaq deyil, yolun düz qarşı tərəfindədir. Uşaq qaçaraq yolu keçdiyi vaxt kiçik mavi avtomobil də ikinci kənddən keçir. Kiçik qırmızı evlərlə dolu olan bu kəndin təzəcə oyanan əhalisi mətbəxlərində oturub kofe fincanını ağızlarına apararkən hasarların o biri tərəfindən arxasınca böyük bir toz buludu yaradaraq keçən avtomobili görürlər. Avtomobil çox sürətlidir, alma ağacları və yenicə qətranlanan telefon dirəkləri sükanın arxasındakı kişinin görüş sahəsindən boz kölgələr kimi keçib gedir. Yay fəsli avtomobilin pəncərələrindən içəri daxil olur. Onlar kənddən sürətlə keçirlər, rahatlıqla və təhlükəsiz bir halda yolun ortası ilə irəliləyirlər. Yolda ancaq onlar var – hələ ki. Yumşaq və geniş bir yolda bu cür təkbaşına irəliləmək xoşdur, çəmənliklərin arasından keçərkən bu xoşluq daha da artır. Kişi xoşbəxt və güclüdür, qolunun yanında qadının bədənini hiss edir. O pis bir adam deyil. Sadəcə dənizə çatmaq üçün tələsir. Başqa vaxt ən adi canlını belə incitməz, ancaq birazdan bir uşağı öldürəcək. Üçüncü kəndə tərəf sürətlə irəliləyərkən qadın gözlərini bağlayır və dənizə çatana qədər açmamağı düşünür. Avtomobil aradabir yavaşca silkələnərkən xəyalında dənizin necə görünəcəyini canlandırır.
Həyat o qədər qəddarcasına qurulub ki, xoşbəxt bir insan bir uşağı öldürməzdən bir neçə dəqiqə əvvəl belə xoşbəxtliyini qoruyub saxlayır, bir qadın dəhşətlə qışqırmazdan bir dəqiqə əvvəl dənizlə bağlı xəyallar qura bilir, bir uşağın həyatının son dəqiqəsində belə valideynləri mətbəxdə oturub qənd gözləyə, uşaqlarının dişlərinin necə ağ olmasından və qayıq gəzintisindən danışa bilir. Bu zaman haqqında danışılan uşaq qonşunun qapısını bağlayıb küçəni keçməyə başlayır. Sağ əlində ağ kağıza bükülmüş bir neçə kub qənd var. Son dəqiqəsinin qalanında onun gözləri içərisində böyük balıqlar üzən, uzun və parıltılı dərə və onun kənarındakı qayıqdan başqa heç bir şeyi görmür.
Daha sonra olan olur. Mavi bir avtomobil yolun ortasında çarpaz şəkildə dayanır, qışqıran bir qadın əlini ağzından çəkir, əlində qan var. Sonra avtomobilin qapılarından biri açılır və bir kişi ayağa qalxmaq istəyir, ancaq elə bil daxili dəhşətdən oyulub. Daha sonra bir neçə kub qəndin yoldakı qanlı daşların arasına qəddarcasına dağıldığı görünür. Bir uşaq üzü üstə uzanıb, hərəkət etmir və sifəti yola tərəfdir. Ardınca hələ kofelərini içməmiş iki nəfər ağappaq sifətlə özünü həyətin qapısından çölə atır və yolun kənarında heç vaxt unuda bilməyəcəkləri bir mənzərə ilə qarşılaşırlar. Vaxtın hər dərdin əlacı olması fikri doğru deyil. Vaxt ölü bir uşağı sağaltmır, nə qənd almağı unudan bir ananın, nə də əvvəllər xoşbəxt olmuş olsa da, bir uşağı öldürən kişinin ağrısını azaltmır.
Bir uşağı öldürən kişi dənizə getmir. Bir uşağı öldürən kişi sakitcə evinə tərəf yönəlir. O, səssizdir, yanında əli sarınmış susqun bir qadın var. Keçdikləri kəndlərdə bir nəfər də olsun xoşbəxt adam görmürlər. Qaranlıq kölgələrin arasında sağollaşarkən belə səssizliklərini qoruyurlar, çünki uşağı öldürən adam bu səssizliyin onun düşməni olduğunu anlayır. Bunun öhdəsindən gələ bilmək üçün illərlə günahın onda olmadığını bağırmalı olacaq. Halbuki, bunun yalan olduğunu bilir, hər gecə yuxusunda həyatın o qısa dəqiqəsini geri çəkdiyini və baş verənləri dəyişdirdiyini görür. Ancaq həyat bir uşağı öldürənlərə elə qəddar davranır ki, arxasınca gələn hər şey üçün həddindən artıq gec olur.
Tərcümə: Ramilə Bayramova
kayzen.az