Xalq şairi Nəbi Xəzri təbiəti etibarilə narahat qəlbli şairdir. Poeziya aləmində, sənət dünyasında həmişə yeni söz, yeni fikir söyləyən şair həyatdan gələn fikirlərini dönə-dönə saf-çürük edib poetik süzgəcdən keçirir və yeni-yeni poetik zirvələr fəth edir. Şair günəşin qonşuluğundan şeirində yazır:
Yaxşıdır seyr edib bütün aləmi,
Özünü günəşin qonşusu sanmaq.
Dayanıb dağların fatehi kimi,
Təzə zirvələrin eşqilə yanmaq.
Müasir epik şeirin təkamül və inkişafında mühüm poetik faktorlardan olan “Günəşin bacısı”, “İki Xəzər”, “Ana”, “Əfsanəli yuxular”, “Şəhidlər və şahidlər”, “Mənim babam baxan dağlar”, “Bacı” və “İnam” poemaları ədəbiyyatımızın bədii təmayülləri axarında yeni poetik keyfiyyətlərdən xəbər verir. N.Xəzrinin poema yaradıcılığı 60 və 70-ci illər poeziyamızda baş vermiş keyfiyyət dəyişmələrini, onun dinamik inkişafını, müvəffəqiyyətlərini, təşəkkül yolunu, xarakterlərin xüsusiyyətlərini aşkar göstərir. 1947-ci ildən bu janra müraciət edən şair on ikidən artıq poema yazmış, demək olar ki, janrın bütün imkanlarından tam istifadə etmişdir.
Nəbi Xəzrinin poemalarında müasir poetik epik janrın daxilində müşahidə edilən dramatikliyin, zənginliyinin və lirikliyin sintezini görürük. Lakin bu sintezdə lirik-psixoloji xətt daha çox üstünlük təşkil edir. Lirik-poema, poema-sənəd, poema-reportaj, poema-müraciət, assosiativ kompozisiya kimi müasir poema formaları ilə o, epik şeirimizi daha da zənginləşdirmişdir. Bu poemalarda N.Xəzri ədəbiyyatımıza təzə hiss və duyğular, yeni motivlər, orijinal obrazlar gətirmişdir.
Fədakar insan əməyinin tərənnümü kimi səslənən “Günəşin bacısı” poeması son dövr poeziyamızda yeni ədəbi hadisə kimi səslənmişdir. N.Xəzri bu poemada Sevilin – bu əmək ulduzunun, müasir əməkçi qadının parlaq obrazını yaratmış, C.Cabbarlı Sevilindən müasir Sevillərə qədər sosial-psixoloji və mənəvi təkamülünü göstərmişdir.
Nə qədər xoş gəldi il dalınca il,
Ötən ömrümüzün mənası oldu.
Zülmətli çadradan sıyrılan Sevil,
Min belə Sevilin anası oldu.
“Ana” poemasından başlayaraq N.Xəzri Azərbaycan qadının taleyi mövzusuna başqa bir bucaqdan yaxınlaşır. Azərbaycan qadınının tarixən keçdiyi mənəvi-sosioloji təkamül yolu onu düşündürməyə başlayır. O, bu mövzuya təqribi belə bir yaradıcılıq bucağından yanaşmağa çalışır – analarımızda, bacılarımızda bu saflıq, ülviyyət, ismət, həzinlik, kövrəklik, mərdlik, dözümlülük kimi yüksək əxlaqi-mənəvi keyfiyyətlərin kökləri haradan gəlir, bu təkamül hansı tarixi-sosial mərhələlərdən keçmişdir… Bu cür mövzu axtarışları şairi tarixə müraciət etməyə, ilkin mərhələyə qayıtmağa sövq etmiş və beləliklə də “Əfsanəli yuxular” poeması yaranmışdır. Poema beş yuxu şəklində götürülür və hadisələr bu yuxulara uyğun izlənilir və şair uzaq keçmişə yuxuların qanadlarında qayıdır. Hər bir hadisəni sanki yuxuda görür. N.Xəzri yuxular qanadında oxucusunu Dədə Qorqud dövrünə aparır, mərd, mübariz və yenilməz ana olan Burla Xatunun oğlu Uruzun namus, ismət yolunda keçirdiyi ağlasığmaz kədər və iztirab dolu qəhrəmanlığı poetik şəkildə canlanır.
“Əfsanəli yuxular”dan, Burla Xatundan gələn Azərbaycan qadınının bu günə qədər qoruyub saxladığı əxlaqi keyfiyyətləri mövzusu müasir dövrdən götürülmüş “Bacı” poemasında daha da inkişaf etdirilmişdir. “Bacı” Azərbaycan qadınının dözüm və qəhrəmanlıq səhifəsinin son vərəqlərindən söhbət açır, müharibədən sonrakı dövrdə onun vurduğu yaraları hissi-psixoloji cəhətdən yaşama mərhələsini əks etdirir.
N.Xəzrinin yaradıcılığının dialektik və dinamik yüksəliş xəttinin nəticəsi kimi “Mənim babam baxan dağlar” poema-dialoqu meydana gəldi. Əsərin ikinci bir adı da var: “Hələb görüşü”. Mövzunun mahiyyətinə görə ikinci ad əsərin məzmununu daha dəqiq əks etdirir. Lakin şairin poemaya “Mənim babam baxan dağlar” kimi lirik bir ad seçməsi də təsadüfi deyildir. Çünki bu lirik planda yazılmış bir poema kimi qürbətdə yaşayıb və öz əməli uğrunda öldürülən bir şairin Vətən həsrətini əhatə etmiş olur.
Respublika Dövlət mükafatına layiq görülmüş “İnam” peoması isə zəhmət motivi etibarilə “Sumqayıt səhifələri” və “Günəşin bacısı” peomalarını tamamlayır. “İnam”da Günəş, Torpaq, Sevil obrazları ilə yenidən qarşılaşır və bizim günlərin əmək qəhrəmanı olan Sevilin davamçısı Tərlanın bədii surəti canlandırılır.
Nəbi Xəzrinin poemalarının poemalarının təsvir obyektlərində, hər şeydən əvvəl romantik bir vüsət müşahidə edilməkdədir. Bu, onun poeziyasının ən bariz xüsusiyyətlərindən birini təsvir edir. N.Xəzrinin poeziyasında həmişə ictimai quruluşumuzun və ana torpağın nəfəsi duyulur. Şairin poemalarında xoş arzularla döyünən ürək də, həyata nikbin inam da, həzin qayğı da, sevinc də elə-obaya, doğma torpağa yaxından, məhəbbətlə bağlılıqla fərqlənir.
Rüstəm Əzizov, filologiya elmləri namizədi,
“Ədəbiyyat və incəsənət” qəzeti, 14.12.1984, №50