- Ədəbiyyat

“Uzaq səfər, yaxın yol”…

Vaqif OSMANOV

İlk dəfədir ki, haqqında oxucu düşüncələrimi qələmə aldığım yazıma müəllifin əsərinin adını qoyuram. Fikirləşdim ki, yazılarını mütəmadi izlədiyim, uğurlarına sevindiyim yazıçı, publisist Pərvanə xanım Bayramqızının “Uzaq səfər… Yaxın yol” hekayəsi haqqındakı təəssüratıma bundan yaxşı ad tapa bilməyəcəyəm.

Ömrümüzün son 30 ilində o qədər həssaslaşmışıq, duyğulanmışıq, kövrəlmişik, qəribsəmişik, ürəyimizin telləri incələşib ki, sarı simə çevrilib. Mehdən də ehtizaza gəlir, ehdən də. Pərvanə xanımın hekayəsi də ürəyimin tellərini incədən incə etdi, dərin-dərin düşündürdü…Fani və biğanələr dünyasından “uzaq səfər”ə çıxıb haqq dünyasına “yaxın yol”la getməyə məcbur olan bir ananın faciəsinə dözən ürək üzülməsin neyləsin? Pərvanə xanım təkcə oxucularına deyil, özünə də “qəsd” edir, öz ürəyinə də heyfi gəlmir. Bununla belə bizi saflaşmağa, başqalarını anlamağa, mərhəmətə çağırır. Bu mənəvi duyğulardan qidalanmaq üçün ürəyimizi ağrıtmağa dəyər. Ürəyimiz ağrıyırsa, yaşayırıq demək….

Pərvanə xanımın hekayəsinin lirik qəhrəmanı ana (əslində bütün analar qəhrəmandır) övladlarından ayrı yaşamağa razıdır ki, təki doğma el-obasından, ev-eşiyindən, sevimli inəyindən ayrılmasın. Çoxdan şəhərə köçmüş, özlərinə iş, ev-eşik, ailə qurmuş, anasının da özləri ilə birgə yaşamasından ötrü hər qayğıya hazır olan övladlarsa ananın hər halını anlayır, yurd, torpaq, ev-eşik sevgisindən başqa. Çoxdan kənddən aralanmışlar “Evimdən heç yerə getmərəm!” inadlı ananın tərsliyi kimi anlayırlar bu “qiyam”ı. Anaların ürəyini oxuyanlar qıtlaşıb çağdaş dövrümüzdə. Torpağa, ocağa bağlılıq iplərimiz qırılıb. Ona görə də oğlunun “dur, yığış gedək” dedikdə gedib inəyinin boynunu qucaqlayıb “qoymaram onu satasınız” fəryadıyla göz yaşı tökən ananın qəlbindəkiləri anlamağı bacarmırıq…

“Ərindən bunu xahiş etməyin əbəs olduğunu bilib, “ana gedək mənimlə qal” deyə bilməyən qızının ürəyini oxuyurdu ana:

-Özünü üzmə, onsuz da mən kürəkən qoltuğunda yaşayan deyiləm”

Görəsən niyə analar qədər həssas deyilik?..

Böyük qızının pal-paltarını çemodana yığıb anasının evinə gəlməsi qürurlu ananı hövsələdən çıxardı:

-Mən ölənədək evindən didərgin düşəcəksən? Olmaz, qayıt evinə. Mən evimdə tək qalacam.

Tövlədəki inəyi satıb pulunu bölüşdürmək istəyən övladların böyüyünün puldan imtina edərək verdiyi cavab ibrətamizdir: “mənə anam bəsdir”.

Qarabağ savaşı başlayandan həmişə özümü ev-eşiyindən didərgin düşən soydaşlarımızın yerində hiss etmişəm. Zəngilanlı tələbə yoldaşım Ariflə hər dəfə görüşəndə ürək ağrısı ilə deyir ki, biz hər şeyimizi atıb Arazı keçəndə zəncirdəki itimizi açmağa macal tapmadıq…

Pərvanə Bayramqızı bu ağrı-acılı yığcam hekayəsində möhtəşəm ana obrazı yaradıb. Bunu necə bacarıb? Ancaq analar ana ürəyini dəqiq duya, anlaya bilər. Pərvanə xanım lirik qəhrəmanını onun oğlanlarından yaxşı anlayır. Pərvanə xanımın yaratdığı ana bütün övladların mənəvi anasıdır – Pərvanə xanımın da, mənim də, hamının. Bu yazıçı təxəyyülünün uğurudur.

Görəsən, belə ədəbi nümunələri niyə orta məktəb dərsliklərinə salmırlar? Bəs deyilmi həmişə nədənsə təmənna ummağımız? Həm də bu həssas zamanımızda “Yurd həsrəti” ədəbi toplu hazırlansaydı, bu hekayə onun ilk səhifələrində yer tutardı. Bu ideyamı dəyərləndirənlər olacaq yəqin.

Hekayənin sonuncu iki abzasına şərh yazmağa gücüm çatmadı. Çünki kövrək duyğuların içində itib-batdım. Gözlərim nəmlənmişdi:

“Səhərlər anasının səsinə oyanan oğul bu səhər yuxudan gözlərini açanda səs eşitmədi. “Artıq uyğunaşıb” deyə sevindi. Cəld ayağa durub anasının otağına keçdi. Onun çarpayıda tərpənmədiyini görüb təəccübləndi. Yaxınlaşanda bildi ki, anasını susmağa məcbur edən ölümmüş.

Kəndindən, evindən, inəyindən ayrı qalmağa bir həftə tab gətirdi. Qarını geri qaytardılar. Bu dəfə o, səssiz-səmirsiz gedirdi. İndi onun el-oba həsrəti qadınların dilində ağıya dönürdü…”

Qürurlu, yurd, torpaq sevdalı ananın ruhu indi ev-eşiyində, həyət-bacasındaydı. İnəyini tumarlayır, həzin-həzin sayaçı deyirdi:

Qızıl inək, yiyən mənəm,

Sənə qızıl deyən mənəm…

Yurd həsrəti uzaq səfərə çıxan ananın yolunu yaxın etmişdi…

13 fevral 2021.