Hər dəfə dibçəkləri sulayanda təravətli yumşaqlığı və xoş rəngi ilə diqqətimi çəkirdi. Güllərin saralmış yarpaq və budaqlarını qoparanda ona qıya bilmirdim. Verdiyim sudan o da qidalanır, yayılır, dibçəkdə göz oxşayırdı. Amma bu gün onun xüsusi cəlbediciliyinə baxmayaraq, bir vəziyyət diqqətimi çəkdi: dibçəkdəki gül cicəkləsə də, boya verməmişdi, qol-budaq atmamışdı. Şübhələndim və əl atdım o məsum görkəmli çayırın saçlarına. Torpaq sulandığı üçün rahat çıxaracağımı zənn etdim. Amma… Gördüyüm mənzərə məni heyrətə gətirdi: kök atıb gülün kökünü belə öz cənginə keçirib…
Düşündüm: üzdən məsum, kövrək, gözəl görünən ünsürlərin necə də böyük ziyanı ola bilərmiş!
Hikmətinlə məni zinətləndirdin, İlahi..
Könül Aydın
Filologiya üzrə fəlsəfə doktoru