Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 20-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında musiqisevərlərə daha bir konsert proqramı təqdim edilib.
AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl çıxış edən musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Jalə Qulamova bildirib ki, artıq bir neçə gündür Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində ölkəmizdə silsilə tədbirlər keçirilir. Festival Üzeyir Hacıbəylinin adını daşıdığı üçün bugünkü konsert dahi bəstəkarın “Arazvari” əsəri ilə başlayır.
Qeyd edilib ki, dahi bəstəkar Ü.Hacıbəyli Azərbaycan professional musiqi sənətinin banisi, musiqişünas-alim, Şərqdə ilk operanın müəllifi kimi tanınır. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi 113 il bundan əvvəl tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə başlayıb. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub.
J.Qulamova bildirib ki, konsertdə təqdim olunan Antonio Salyerinin “Simfonia Veneziana”, Frans Şubertin “Rondo”, Arnold Şönberqin “Noktürn” əsərləri Bakıda ilk dəfə səslənir.
Konsertdə Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, həmçinin Əməkdar artist Aleksey Miltıx (violonçel) və Ümidə Abbasova (violin) çıxış ediblər.
Tədbirdə Aqşin Əlizadənin, Pyotr İliç Çaykovskinin, Nikkolo Paqanininin, Maks Bruksun, Xoakin Turinanın və Sergey Prokofyevin əsərləri səsləndirilib.
Konsertin son kompozisiyası Fikrət Əmirovun dahi mütəfəkkir Nizami Gəncəvinin xatirəsinə həsr etdiyi “Nizami” simfoniyasının finalı ilə başa çatıb.