Hökümət qapısında
– Kərbəlayı Bədəl, görə bildin?
– Görə bildim.
– Nə dedi?
– Dedi: “Zavtra”(Sabah)
Ağalar qapısında
– Məşədi Fərəcullah, ağa evdə idi?
– Bəli, evdə idi.
– Səni gördü, nə dedi?
– İki dəfə üzümə tüpürdü, bir dəfə də atamın goruna söydü.
İntelligent qapısında
– Mahmud əmi, razı oldumu?
– Balam, yox!
– Nə üçün?
– Dedi, beş yüz manat ver, yazım.
Dövlətli qapısında
– Kərbəlayı Müseyyib, getmişdin?
– Hə, getmişdim.
– Görə bildin?
– Balam, yox. Səhər yatmışdı, günorta çörək yeyirdi, axşam da evdə yox idi.