Dövlәt duma yaxınlaşır. Camaat da hazırlaşır, hökumәt dә hazırlaşır. Hökumәt hazırlaşır ki, görsün elә bir duma qayıra bilәrmi ki, axırda camaatı öz zurnası ilә oynatsın.
Camaat dәxi bu kәlәyi duyub әllәşir ki, görsün bir elә duma qura bilәrmi ki, hökumәti zurnasına oynatsın…. Axırda kim çalıb, kim oynayacaq, onu allah bilir.
Ancaq bir onu demәk lazımdır ki, indiyә kimi biz camaat hökumәtin cürbәcür zurnasına oynayıb, hamısının lәzzәtini görmüşük. İndi allah elәsin, iş elә gәtirsin ki, hökumәt camaatın zurnasına oynasın, görәk onun lәzzәti nә cürdür. Deyilәnә görә, o gәrәk çox dadlı olsun, çünki o zurnada çalınacaqdır: hürriyyәt şikәstәsi, әdalәt çahargahı vә müsanat bayatı-şirazı.
* * *
Mәn mәrc gәlirәm ki, bu bir-iki ilin әrzindә cәmi Rusiyada hürriyyәt, әdalәt vә müsavat sözlәrindәn çox işlәdilәn heç bir söz yoxdur. Hәr kәs vә hәr bir firqә bu sözlәrә ayrı-ayrı mәnalar verir vә özgә cürә bәyan edirlәr.
O bәyanatın hamısını mәn yaxşı bilirәm vә oxuculara başağrısı olsa da, burada söylәyәcәyәm. Mәsәlәn, götürәk “hürriyyәt” sözünü. Bu sözün mәnası “hökumәt firqәsi”nin istilahınca belәdir: Bir adama danışmaq üçün izn vermәk, amma ağzını açanda bir şapalaq vurub yumdurmaq. Bir adama bir işi görmәk üçün rüsxәt vermәk, amma o, işә başlayanda vurub başını yarmaq vә ya qıçını sındırmaq.
Haman “hürriyyәt” sözü “mәrdümazar” firqәsinin dilindә bu mәnadadır: yetәnә yetmәk, yetmәyәnә bir daş atmaq. Yenә haman söz “әsl ruslar” firqәsi istilahınca bu mәzmundadır: “Әsl ruslar”a azadlıq, sairlәrinә yox; sairlәrә qulluq, “әsl ruslar”a yox!”
İndi götürәk, “müsavat” sözünü. Sair firqәlәri bilmirәm, amma әsl “nucәba firqәsi” istilahınca bu söz o mәnadadır ki, hәr kәs anqırıb tayını tapsın!
O ki, qaldı “әdalәt” sözünә, onu da haman “Nücәba firqәsi” belә bәyan edir ki, mәsәlәn, dünya әmәlә gәlib ağalardan vә kәdalardan. Ağa — insanın papağı mәnzilәsindәdir, gәda — onun başmağı yerindә (necә ki, burada mәtlәb bir qәdәr nazikdir, yaxşı mültәfit olun). Başmağı başa geymәk, papağı da ayağa geymәk başmaqla papağın haqqında bir cürә zülmdür, hәmçinin “ağa”nı aşağı başda oturdub, “gәda”nı da yuxarı başda oturtmaq bunların haqqında zülmdür. Amma tәrsinә olsa, “әdalәtdir”.
Ermәni “Daşnaksutun” firqәsinin dilindә “әdalәt” bundan ibarәtdir: qonşuya badalaq vurub, özünü irәli soxmaq. (…).
Hökumәt firqәsi istilahınca “әdalәt” budur: günahlı ya günahsız bir adamı tutmaq vә tutub da qazamata salmaq. Bir-iki ildәn sonra sud qurub, onların işinә baxmaq. Әgәr günah sahibidirsә, bir dә tәzәdәn qazamata salmaq, günahı yoxdursa, buraxmaq ki, kişi iş-gücündә avara olmasın (…).