- Cəmiyyət, Manşet

Vətən Müharibəsinin 2-ci günü: 28 sentyabrda nələr oldu?

28 sentyabr. Vətən Müharibəsinin 2-ci günü. Gecə saat 1 radələrində Müdafiə Nazirliyi tərəfindən təmas xəttinin müxtəlif istiqamətlərində Ordumuzun dəqiq zərbələri nəticəsində erməni hərbi texnikasının məhv edildiyini əks etdirən video yayımlandı.

Səhər saat 09:30 ərəfəsində isə Tərtərin Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğaldan azad olundu.

Saat 11:00-də isə Prezident İlham Əliyevin sərəncamına əsasən ölkədə qismən səfərbərlik elan edildi.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan tərəfinin itkiləri arasında Suriya və Yaxın Şərqin müxtəlif ölkələrindən olan erməni əsilli muzdluların da olduğunu açıqladı.

Azərbaycan Ordusunun qarşısında tab gətirməyən düşmən əhalinin sıx yaşadığı əraziləri Ağdam rayonunun bir neçə kəndini, Tərtər şəhəri və kəndlərini, Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndini raket atəşinə tutdu. Mülki sakinlər arasında ölən və xəsarət alanlar oldu.

Saat 13:10-da isə Müdafiə Nazirliyi iki erməni tankının Azərbaycan PUA-ları tərəfindən necə məhv edildiyi ilə bağlı görüntülər yayımladı.

İşğal altındakı Azərbaycan torpaqlarına gedən mühüm strateji yollardan biri olan Azərbaycan Ordusunun nəzarəti altındakı Vardenis-Ağdərə yolu da daxil olmaqla, bütün döyüş ərazilərində Azersky peyki vasitəsilə monitorinqlər aparılmağa başlandı.

Təxminən saat 20:40 ərəfəsində isə Ermənistan tərəfi Azərbaycan silahlı qüvvələrinin Madagiz-Talış istiqamətində Araz vadisində yeni genişmiqyaslı hücum əməliyyatı başlatdığı barədə məlumat yaydı.

Saat 21 radələrində təmas xəttində baş tutan bombardman nəticəsində isə Ermənistan iki yüksək rütbəli zabit, eləcə də, Xüsusi Təyinatlı Briqadanın komandiri, polkovnik-leytenant Vardanyan Lernik Aregi və polkovnik Nikolay Mikaeloviç Aykyan öldürüldü. Bu xəbər bütün Ermənistanda şok effekti yaratdı.

Ordumuzun zərbələrindən şoka düşən erməniləri qabaqda dizlərini yerə gətirəcək 42 gün gözləyirdi…