- Cəmiyyət, Manşet

Vətən Müharibəsinin 3-cü günü: 29 sentyabrda nələr baş verdi?

29 sentyabr. Vətən Müharibəsinin 3-cü günü. Sentyabrın 28-dən 29-na keçən gecə intensiv toqquşmalar bütün cəbhə boyu davam etdi, erməni qüvvələri dəfələrlə əks-hücuma cəhd göstərsə də Azərbaycan Ordusu tərəfindən müvəffəqiyyətlə dəf edildi.

Ermənistan ordusunun cəbhənin Tərtər istiqamətində yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaralanan bir mülki vətəndaşı həkimlərin səyinə baxmayaraq həyatını itirdi.

Sentyabrın 29-da səhər saat 8-də Müdafiə Nazirliyi cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının 4 tankının məhv edildiyi barədə məlumat yaydı.

Təxminən saat 10:15-də Müdafiə Nazirliyi daha iki erməni tankının Azərbaycan PUA-ları tərəfindən məhv edildiyini əks etdirən görüntülər yaydı.

Azərbaycan Ordusunun atəş zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin Xocavənd rayonu ərazisində yerləşdirilən 3-cü “Martuni” motoatıcı alayı da darmadağın edildi. Həmçinin Cəbrayıl rayonu istiqamətində yerləşdirilən Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının artilleriya rəisi polkovnik Karen Babayan məhv edildi.

Təxminən saat 11-ə olan məlumata əsasən, Azərbaycan Ordusu Xocavənd rayonu istiqamətindəki Ermənistan silahlı qüvvələri bölmələrinin “Uraqan” yaylım atəş sistemini sıradan çıxartmışdı.

Saat 12-yə olan məlumata görə, Ermənistan ordusunun 61-ci əlahiddə mühəndis alayının hərbi hissə komandiri Spartak Köçəryan öldürülmüş, düşmənin daha bir tankı isə məhv edilmişdi.

Həmçinin Xocavənd rayonunun Hadrut yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan ordusunun 1-ci alayının, 3-cü taborunun komanda-müşahidə məntəqəsi dəqiq atəşlə darmadağın edildi. Madagizdəki Ermənistan ordusunun alayı isə tamamilə demoralizə olundu.

Saat 13-də Ermənistan ordusunun əhalinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində Ağdam rayonu, Qaradağlı kəndində tibb məntəqəsinə düşmüş top mərmisinin qəlpələrindən 1 nəfər həlak oldu. Məntəqənin binası dağıldı.

Saat 16:30-da isə Müdafiə Nazirliyi Ordumuzun artilleriya bölmələrinin düşmənə sarsıdıcı zərbələr endirdiyini əks etdirən video yayımladı. Düşmənin 2 yüksək rütbəli zabitinin öldürüldüyü bildirildi.

Azərbaycan Müdafiə Nazirliyinin saat 29 sentyabr 2020-ci il saat 23:00-ə olan məlumatında Ordumuzun artilleriya zərbələri nəticəsində Tərtər rayonunun Həsənqaya yaşayış məntəqəsi yaxınlığında yerləşən Ermənistan silahlı qüvvələrinin 5-ci motoatıcı alayının 1-ci taboru və Talış istiqamətində yerləşən 6-cı motoatıcı alayının 1-ci taborunun mövqelərinin dağıdıldığı bildirilirdi.

Düşmən ordusu isə Füzuli rayonunda məzarlığı, Tərtər rayonunda yaşayış məntəqəsini atəşə tuturdu. Həmin vaxt mülki sakinlər arasında ölən və yaralananlar oldu.

Lakin düşmənin vərdiş etdiyi bu terror əməli də Ordumuzun, Xalqımızın əzmini qıra bilmədi. Əksinə, Dəmir Yumruğa çevrilən Ali Baş Komandan, Ordu, Xalq birliyi daha möhkəm sıxıldı.

Qarşıda isə düşmənin mərhəmətdən uzaq ürəyini vahimə ilə dolduracaq daha 41 gün vardı.

apa.az