Vətən Müharibəsi davam edirdi. Hər keçən gün isə Ermənistanın bütün dünyaya məğlubedilməz kimi tanıtmağa çalışdığı ordusu darmadağın edilirdi. Düşmən ordunun əsgərləri imkan tapan kimi qaçmağa cəhd edir, geri çəkilərkən ağır itkilər verirdi.
Bunun bariz nümunəsi saat 10:00-da Müdafiə Nazirliyinin yaydığı videolarda öz əksini tapdı. Gecə ərzində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan ordusunun döyüş aktivliyinin qarşısı alındı və ona sarsıdıcı zərbələr endirildi.
Hər zaman olduğu kimi Ermənistan silahlı qüvvələri xəbərdarlıqlara məhəl qoymur. Müharibə və humanizm prinsiplərini ən kobud həddə pozur, dinc sakinləri, mülki obyektləri hədəf seçirdi.
Düşmən ordusu tərəfindən Tərtər şəhəri, rayonun Səhləbad, Qəzyan, Qapanlı, Qaynaq, Əskipara, Hüsənli, Ağdam rayonunun Ayaq Qərvənd, İmamqulubəyli, Qaradağlı, Təzəkənd, Ağcabədi rayonunun Muğanlı, Qiyaməddinli, Rəncbərlər və Goranboyun Tap Qaraqoyunlu kəndlərinin intensiv artilleriya atəşinə tutulması nəticəsində 2 mülki şəxs yaralandı.
Saat 16:30-da isə Müdafiə Nazirliyi Ermənistan ordusunun ağır itkilər verdiyini özündə əks etdirən videogörüntülər yayımladı.
Saat 19:00-da yenidən, Ermənistan silahlı qüvvələrinin Beyləqan şəhərinin müxtəlif istiqamətlərində dinc əhalinin yaşayış evlərini ağır artilleriyadan atəşə tutması nəticəsində 2 nəfər həlak oldu, daha 2 nəfər isə xəsarət aldı. Beyləqan şəhəri bir neçə fərqli istiqamətdən raket hücumları altında qaldı.
Amma bütün bunlara baxmayaraq Ordumuzun əzmini qırmaq mümkün olmadı. Və budur Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev özünün “Twitter” səhifəsində Azərbaycan Ordusunun Madagizi işğaldan azad etdiyini və həmin ərazilərdə Azərbaycan bayrağının qaldırıldığını açıqlayır. Həmçinin dövlət başçısının verdiyi qərara əsasən, Madagizin tarixi adı olan “Suqovuşan” özünə qaytarılır. Azərbaycan Ordusu həmin gün ərzində həmçinin Tərtər rayonunun Talış, Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzulinin isə Aşağı Əbdürrəhmanlı kəndini işğaldan azad etmişdir.
Bundan əlavə, Müdafiə Nazirliyi Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborunun 4 tankının məhv edildiyini, 3 tankın isə qənimət götürüldüyünü açıqladı. Həmçinin Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsinə artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobil texnikası məhv edildi.
27 sentyabr, yəni müharibə başladığı gündən sonra xalqımız 2-ci dəfə məhz 3 oktyabrda işğalda olan ərazilərimizin azad edilmə xəbərini alırdı. Bu xəbər 30 ilin kədərini, həsrətini bir andaca silib atırdı. Qələbə müjdəsini xalqımız üçün unudulmaz edən digər səbəb isə bu xəbərlərin ya Ali Baş Komandan İlham Əliyevin birbaşa özündən eşitmək, və ya tvitter hesabından oxumaq idi.
Azərbaycan xalqı sevinir, ermənilər isə hökumətlərinin uydurduğu xəbərlərlə uyumağa davam edirdilər.
Düşməni isə qarşıda lərzəyə salacaq daha 37 gün gözləyirdi. (apa)