- Cəmiyyət

Vətən müharibəsinin yeganə qadın şəhidinin xatirəsi anılıb

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda 44 gün davam edən Vətən müharibəsinin ilk və tək xanım şəhidi, hərbi tibb qulluqçusu Arəstə Baxışovanın anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə şəhidin doğmaları, müxtəlif iş adamları, şəhid ailələri, qazilər iştirak ediblər.

Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər şəhidimizin doğmalarına səbir diləyib, ruhuna dualar ediblər. 44 günlük Vətən müharibəsində minlərlə gəncin qəhrəmanlıqla döyüşdüyünü, adlarını tarixinə yazdıran şəhidlərimizin daim hörmət və ehtiramla yad ediləcəyini bildiriblər.

Xalqımızın qəhrəman qızı Arəstə Baxışova yaralı hərbçilərimizi döyüş meydanından çıxararkən şəhid olaraq, əsl hərbçi, əsl şəfqət bacısı, əsl Azərbaycan xanımı kimi şəhadət zirvəsinə yüksəlib.

Qeyd edək ki, Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərib. Arəstə Baxışova oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub. Biləcəri qəsəbəsinin Şəhidlər xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Arəstə Baxışova ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.