- Mədəniyyət

Vətən müharibəsi və Şuşa zəfəri haqqında Azərbaycan-Türkiyə bədii filmi çəkiləcək

Türkiyəli heyət ümumilikdə 8 layihə ilə gəlib, müştərək serialın çəkilməsi də planda var

Nizami Kino Mərkəzində Türkiyənin ölkəmizdə səfərdə olan kinematoqrafçılar heyətinin mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, mətbuat konfransında “Eslem Film” şirkətinin rəhbəri Metin Yücel, “Asmalı Konak”, “Kurtlar Vadisi Pusu” kimi serilların rejissoru Selahattin Sancaklı, “Kurtlar Vadisi Pusu” filmində Yasin obrazını canlandıran Ertuğrul Şakar, prodüser Yalçın Çoban iştirak edib.

Metin Yücel media nümayəndələrinin diqqətinə çatdırıb ki, yaxın zamanda Azərbaycan kinematoqrafçıları ilə birlikdə 2020-ci ilin 44 günlük Vətən müharibəsi və Şuşadan bəhs edən filmin çəkilişlərinin başlanması nəzərdə tutulub. Müştərək filmin heyətinin yarısını Azərbaycan, yarısını da Türkiyə kino sənətçiləri təşkil edəcəklər.

Filmdə əsas məqsəd Azərbaycanı və ölkəmizin tarixi zəfərlə başa çatan Vətən müharibəsini dünyaya tanımaq, eyni zamanda otuz il doğma torpaq həsrətində olan azərbaycanlıların yurd, vətən nisgilini göstərməkdir. Filmin çəkilişləri Qarabağla yanaşı müxtəlif bölgələrimizdə də aparılacaq.

Rejissor Selahattin Sancaklı film layihəsinin əsas hekayəsinin Şuşa üzərində qurulacağını deyib: “Qarabağ savaşının hər mərhələsi nə qədər çətin olsa da, Şuşanın alınması və Şuşa döyüşləri bu müharibənin ən çətin mərhələsi olub”. Onun sözlərinə görə, layihənin davamı kimi serial çəlkilişi də nəzərdə tutulub.

Aktyor Ertuğrul Şakar filmin bütün türk dünyası üçün əhəmiyyətli olacağını vurğulayıb. Onun sözlərinə görə, Şuşa və Qarabağ savaşının filmlə dünyaya təqdimatına ehtiyac var.