Gülyaz ƏLİYEVA
Ana dilində danışmaq böyük mədəniyyətdir. Bunu mən yox, böyük alman filosofu G.V.F. Hegel deyib ,”Siz ey doğma dilində danışmağı ar
bilən fasonlu ədabazlar …”
(B.Vahabzadə)
Nitqlərinə pinti uşaqlar kimi yarı rus, yarı türk sözləri qatanlar özlərini öz aləmlərində mədəniyyətlimi hesab edirlər? Ən böyük mədəniyyət ana dilində təmiz danışmaqdır. Ana dilini bilmək, sevmək xalqa, onun dilinə hörmətdir. Xalqı sevmək öncə onun dilini sevməkdən qaynaqlanır. Çünki dil xalqın varlığıdır. Dili olmayan xalq ölü kimidir. Dili yaradan da, onu yaşadan da xalqdır. Xalq öz dilinə dəyər verib qiymətlındirməsə, onu heç kəs dıyərləndirməz. Dilin varlığı xalqın, xalqın varlığı isə dilin və Vətənin varlığı deməkdir. Millətin dilini bilmədən onun dərdinə əlac etmək olmaz.
Xalq yoxdursa, dil də, Vətən də yoxdur. Xalq var, lakin xalqın dilində danışan yoxdursa, o, ölüdür, demək. Bu yerdə B. Vahabzadənin “Latın dili” şeiri yadıma düşdü.
B. Vahabzadə bu şeiri 1967- ci ildə yazıb. Məlumdur ki, həmin vaxtlarda keçmiş SSRİ-nin tərkibinə daxil olan respublikalarda, o cümlədən də, Azərbaycanda milli dillərin işlədilməsi dairəsi məhdudlaşdırılırdı. Ana laylası tək şirin Azərbaycan dilinin başı üstünü qara buludlar alması, təbii ki, vətənpərvər ruhlu şairi narahat etməyə bilməzdi. “Latın dili” şeiri əslində B.Vahabzadənin doğma dilin taleyi ilə bağlı bir həyəcan təbili idi. O, bu şeiri yazmaqla cəmiyyəti silkələyir, gəncləri öz dillərinin təəssübünü çəkməyə, onu yaşatmağa çağırırdı.
Müəllif öz düşüncələrini, həyəcanlı hisslərini nəzərə çarpdırmaq üçün müxtəlif taleli dilləri müqayisə edir. Təzada bir baxın: Millət var ki, dili var, dilində yüksək tribunalardan danışan yoxdur. Dil var ki, millət ölsə də, yaşayır. Bu, Latın dilidir.
B.Vahabzadə dilin yaşamasını onun işlədilməsində görürdü. Dil yüksək tribunalardan səslənmirsə, deməli, onu acı aqibət gözləyir, gec-tez tarix səhnəsindən çıxacaqdır, qənaətində idi.
Əksinə, “xalqı ölən, özü qalan bir dil” canlıdır”, – deyirdi, uzaqgörən şair. Dildən istifadə olunursa, deməli, o yaşayır. Müəllifin qənaəti ibrətamizdir və cəmiyyət, dilin daşıyıcıları üçün bir çağırışdır. Hər kəs ana dilini yaşatmaq qayğısına qalmalıdır.
“Dilini öldürən adam öz xalqını üç dəfə öldürür”. Bunu da mən yox, G.V. Hegel deyib.
Deyir, qulaq gündə bir yeni söz eşitməsə, uzanarmış. Bu baxımdan, nə yaxşı ki, hər gün qulağımız yeni sözlər eşitməkdədir. Hətta mənim belə bir qorxum var ki, bu gedişlə qulağımız balacalaşıb yoxa çıxmasa, yaxşıdır.
Bu günlərdə “Feysbuk” sosial şəbəkəsində hörmətli Vasif Sadıqlının statusunda belə bir terminə rast gəldim: “linqivistik kollaborasionizm”. Mənasını arayıb öyrənməyə çalışdım. “Kollaborasionizm” bir ölkənin bir qrup əhalisinin başqa ölkəyə “işləməsi” deməkmiş. Linqvistik olanda başqa xalqların, ölkələrin xeyrinə öz dilinə xəyanətmiş. Sən özün bizi hifz elə, ya Rəbbim! Bu, nə deməkmiş? Bunu da mı eşidəcəkmişik? Koronavirusu gördüyümüz bəs deyilmiş kimi?!
Dilə xəyanət Vətənə, xalqa xəyanətdir. Odur ki, dili və Vətəni heç vaxt başqa dilə və Vətənə ilhaq etmək olmaz! Onsuz da bu xalqın yetərincə düşməni, onu öldürmək istəyənlər var, özümüz özümüzə düşmən kəsilməyək. Bunu elə-belə dedim …
Hamıya məlumdur, ki keçən əsrin əvvəllərində Azərbaycan ziyalılarını düşündürən bir nömrəli məsələ dil məsələsi idi. Bunun da səbəbləri vardı. Əsrin əvvəllərində kütləvi savadsızlığın olması, ana dilində məktəblərin, dərsliklərin olmaması, ali təhsil üçün azərbaycanlı gənclərin xaricdə – yad dildə təhsil almaları bu problemin həll olunmasının qarşlsını kəsirdi. Odur ki, dövrün ziyalılarının bəzi məsələlərdə olduğu kimi dil məsələsində də fikir ayrılıqları var idi. Türkiyədə – İstanbulda təhsil alan bəzi ədiblərimiz öz dillərində İstanbul ləhcəsinə üstünlük verirdilər.
Lakin öz dilinin timsalında öz xalqını da sevən ziyalılar var gücləri ilə çalışaraq ana dilində əsərlər, dərsliklər yazdılar, qəzet, jurnal buraxıb bu problemi aradan qaldırmağa, dilimizi ədəbi dil səviyyəsinə qaldırdırmağa müvəffəq oldular… Çünki onlar xalqı, milləti düşünür, onu irəli aparmağın yollarını tapmağa çalışırdılar ki, bu xüsusda da ən birinci önəmi, doğru olaraq, dil məsələsində görürdülər. Öz dilini sevməyən, şübhəsiz ki, öz anasını da sevməz, anasını sevməyən torpağını, torpağını sevməyən Vətənini və nəhayət, millətini sevməz! Xalqına, onun dərdlərinə yabançı olar, öz kökündən ayrı düşər ki, bu da sonda faciəyə gətirib çıxarar! Ananı, ana dilini sevmək, Vətəni sevmək, mənsub olduğun xalqı sevmək deməkdir. Öz dilindən ayrı düşənlər sonda öz anasına yabançı olar, öz anasına yabançı olanların isə Vətən, xalq sevgidindən danışmağa dəyməz, xalqına yabançı olar. Onun dərdlərinə əlac edə bilməz ki, bunu C. Məmmədquluzadə özünün “Anamın kitabı” əsərində ustalıqla göstərə bilmşdi.
Ana dili məsələsinə böyük önəm verən sənətkar “Xatiratım” adlı əsərində iftixarla yazırdı: “Yazıda böyük cürətimiz o oldu ki, açıq ana dilində yazmaqdan biz utanmadıq”.
“Azərbaycan” məqaləsində “Ax unudulmuş vətən, ax yazıq Vətən!” -deyən böyük vətənpərvər ədib yana-yana:
“Vətən, Vətən, Vətən; dil, dil, dil; milıət, millət, millət!” deyirdi ki, bu da bu üç mıfhumun bir-biri ilə sıx bağlı olduğunu diqqətimizə çatdırmaq məqsədini güdürdü.
Qeyd etdiyim kimi, dil məsələsi təkcə C. Məmmədquluzadənin yox, xalqını, millətini, Vətənini sevən bütün “mollanəsrəddinçi”lərin ən yaralı yeri idi ki, bunlardan biri də fəaliyyəti, xalqa can yanğısı ,”Molla Nəsrəddon”in ərsəyə gəlməsində heç də C. Məmmədquluzadədən geri qalmayan Ö. F. Nemənzadə idi.
İstambulda təhsil almasına rəğmən, öz ana dilində, xalq danışıq dilinə yaxın dildə “Ümidvar”, “Lağlağı”. “Mozalan” imzaları ilə nəşr etdirdiyi məqalələrdə xalqın ictimai və milli oyanışı, yeni dövrün vəzifələri, maarif məsələləri ilə yanaşı ana dili məsələsi də onun məqalələrinin əsas mövzularından idi . O, bu mövzuda “Dilimiz və imlamız”, “Dərdimiz və dərmanımız” məqalələrini yazıb. Mollanəsrəddinçilərin min bir əziyyət, mərhumiyyət hesabına əldə etdiklərinə xəyanət etmək, V. Sadiqli demiş, linqivistik kolkoborasionizm olardı, Allah eləməmiş! İndi, şükür ki, nə kütləvi savadsızlıq, nə ana dilində məktəblərin, dərsliklərin olmaması problemi var. Sovet dövründə də ədəbi dilimizlə bağlı kifayət qədər kitablar yazılıb, çap olunub, öyrənilib, tədqiq edilib. Amma indi də “savadımızın çoxluğundan” ana dilinə kəm baxır, bu dildə danışmaq istəmir bəzilərimiz. Hətta sanki yenə “Ortaq dil” havası da çalınmaqdaydı bir vaxtlar… “Abrazavonskiyik” axı. Bunu da elə-belə dedim. Hər şey dəyişib, “abravazonskilərimiz” isə dəyişməyib ki, dəyişməyib. Dili sevməyib, onu hansısa dilin güdazına vermək isə xalqı, milləti, vətəni güdaza vermək demək olar! Bunu da mən demirəm. Xalqını, millətini, dilini sevən hər kəs deyir! Gəlin görək bu barədə Ö. F. Nenanzadə nə deyir ? Sözümə Ö. F. Nemanzadənin fikri ilə yekun vurmaq istəyirəm. Çünki nə demək istəyirdimsə, hamısını o, bir əsr bundan öncə çox gözəl qeyd edib. Artlq sözə ehtiyac yox, məncə. Dil məsələsi niyə bu qədər vacibdir? Qoy Ö. F. Nemanzadə desin:
“Bizi millət məhəbbətindən geri qoyan səbəblərdın biri də dilimizdir. Daha doğrusu, dilsizliyimizdir. …Millətimizi sevmək üçün ən irəli dilimizi sevməliyik. Həm də elə eşq ilə sevməliyik ki, heç bir şey ona əngəl ola bilməsin. Məhəbbətlərimizin ən üst qatına dil məhəbbətini çıxarmalıyıq. Dilimizi sevmək hamımızın ən birinci müqəddəs borcu olmalıdır. A canım, biz özümüzü bilməsək, öz dilimizi bilməsək, kim bizə hörmət edəcək və nədən ötrü etsinlər?”
Zənnimcə , Nemanzadədən gətirdiyim bu sətirlər heç bir şərhə, heç bir izahata yer qoymayan sətirlərdir….