İyulun 5-dən 12-dək Azərbaycanda V “Sevil” Beynəlxalq Qadın Sənədli Film Festivalı keçiriləcək. Filmlərin nümayişi eyni anda Bakı, Şəki, Lənkəran və Şabran şəhərlərində təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, bu il də festival tamaşaçılarını zəngin və çoxşaxəli proqram gözləyir.
Hər il festivalda gender məsələlərinə toxunan, məlumatlılığı artıran və kino sənəti vasitəsilə dialoqu təşviq edən müxtəlif sənədli filmlər nümayiş etdirilir. Builki festival istisna olmamağı vəd edir və üç kateqoriyada rəqabətli filmlərə xüsusi diqqət yetiriləcək: yerli qısametrajlı sənədli film, beynəlxalq qısametrajlı sənədli film və tammetrajlı sənədli film. Festivalın “Festivallardan seçmələr” bölməsində Azərbaycan tamaşaçılarına zəngin kinematoqrafiya təcrübəsi təqdim edəcək məşhur dünya festivallarının laureatları olan filmlər təqdim olunacaq.
Festival kinorejissorlar, tənqidçilər və kino sənaye mütəxəssisləri də daxil olmaqla, çoxlu beynəlxalq qonaq qəbul edəcək ki, bu da mədəni mübadilə və əməkdaşlıq üçün atmosfer yaradacaq. Nümayişlərdən əlavə, “Sevil” dünyaşöhrətli kino sənayesi ekspertlərindən ustad dərsləri, müxtəlif mövzularda panel müzakirələri və yerli kinonun inkişafına dəstək məqsədilə ünsiyyət imkanlarını təklif edəcək.
Qeyd edək ki, Azərbaycanda müstəqil sənədli film festivalı olan “Sevilfest” qadınların problemlərinə həsr olunub və 2020-ci ildən keçirilir. Kinofestival yerli və beynəlxalq kinematoqrafçılara regional tədbirlərdə iştirak etmək və əhalini sənədli film sənayesi haqqında geniş məlumatlandırmaq imkanı yaradır.
“Sevilfest” qadınların və marginal qrupların həyat hadisələrini paylaşmaq və diqqəti onların sosial problemlərinə yönəltmək məqsədilə kinematoqrafçıları və kino həvəskarlarını öz ətrafında birləşdirir. Bu tədbir çərçivəsində beş il ərzində ölkənin müxtəlif regionlarında çoxsaylı film nümayişləri təşkil olunub.
Festivalın adı Cəfər Cabbarlının qadın azadlığı mövzusunda qələmə aldığı “Sevil” pyesindən götürülüb.