- Ədəbiyyat

Vahid ASLAN. Şeirlər

Şəhid atası

İstəyirəm söz deyəm,
Sənə təsəlli olsun!
Qarşında əyilirəm,
İstəyim bəlli olsun!
Arxanda gizləyirsən,
Qıymırsan əllərini
Öpəm, oxşayam bir az;
Sən bir az dağdan uca,
Bir az qayadan sərtsən!
Tarixim kimi qoca,
Babalar kimi mərdsən!
Sabahlara uzanan
İşıq var baxışında,
“Zəfər” sözü yazılıb,
Alnının qırışında.
Sən ey Şəhid atası!
Hələ də gözlərimi
Çəkənmirəm gözündən,
İcazə ver bir damla
İşıq alım üzündən.
Sən geniş ürəyinlə,
Sən enli kürəyinlə
Torpaqsan vətən boyda.
Sənin Şəhid oğlun da
Sənə öxşayıb boyda.
Şəhid kimdi? – Vətəndi,
Ana torpaqdı Şəhid!
Vətənin göylərində
Üzən bayraqdı Şəhid!
Sən ey Şəhid atası!
Sərtlik var duruşunda.
“Zəfər” sözü yazılıb,
Alnının qırışında.

                                   07.11.21

Şəhid anası

Şəhid oğlunun

Portreti önündə dayanıb ana.

Titrəyən əllərini uzadır ona.

İstəyir ki,

Oğlunun süd qoxulu dodaqlarına,

Uşaq üzünə,

Gülümsəyən gözünə toxuna…

Əlləri titrəyir,

Ürəyi çırpınır ananın.

18 yaşlı saçı ipək uşağını,

Evin tək uşağını

Qucaqlaya bilmir ana.

Yerə baxır, göyə baxır…

Gözlərindən ürəyinə dənizlər axır.

Zalımlar da elə bilir ki,

Ağlaya bilmir ana.

Ananın halından utanır yer-göy.

Ananın gözlərindən qorxub

Bir addım geri çəkilir müharibə.

Ana bircə cümlə deyə bilir:

–              Dodağı süd qoxulu uşağım eyyy…

        05.11.21

Rəşad ömrü

(Şəhid Rəşad Mikayılzadəyə)

… Savaşlara an şahid,

Yaralara can şahid,

“Ya Qazi ol, ya Şəhid!”

–              Əbədi yaşat ömrü!

… Sən bir qorxmaz oğuldun!

Vətən adlı yol oldun!

Qələbədən doğuldun!

–              Təzədən başlat ömrü!

Qıydın cavan yaşına.

Qıymadın yurd daşına.

Tarixin yaddaşına

Yazıldı, Rəşad ömrü!

                                02.11.21

Qəhrəman əsgər

Sən ey qəhrəman əsgər!

İgid oğul, mərd oğul!

Dağlardan uca, məğrur,

Qayalardan sərt oğul!

 

Qanınla yazdın, yurdun

Qələbə nəğməsini!

Müqəddəs torpaq oldun,

Verib son nəfəsini!

 

Qıydın cavan ömrünə,

Torpağına qıymadın!

Yurdu yağı düşmənə

Əsir ola,.. qoymadın!

 

Vətənə səngər olan

Kürəyindən öpürəm!

Vətənə sevgi dolu

Ürəyindən öpürəm!

 

Canından can verdiyin

Yaşadar, atmaz səni!

Azərbaycan dediyin

Vətən, unutmaz səni!

                             27.09.21