- Köşə

Vahid PAŞAYEV – 80-ci illərin iş yoldaşı

Sözlə çəkilmiş portret

Qaranlıq gecələrin nuru
Hardasa oxumuşam… Müdrik insanların birindən soruşurlar: ,,Peyğəmbərlər arasında qadın olanı niyə yoxdur?”
Dünya görmüş, həyat təcrübəsi olan qoca cavab verir ki, peyğəmbərləri dünyaya gətirən qadındır – o, peyğəmbərdən də üstündür!
Dünyanın bu qədər mürəkkəb, qaynayıb-daşan vaxtında insanı xarakterizə edib, malik olduğu keyfiyyətləri qələmə almaq istərkən xeyli fikirləşib çək-çevir edir, fikrini, təəssüratını ümumiləşdirməkdə çətinlik çəkirsən.
Haqqında yazacağım adamın kimliyi səni yetərincə qane etdiyindən sözlər bir-bir növbəyə durur, qalırsan seçim qarşısında. Nə yazım, necə yazım ki, bu şəxsin portretini –  simasını, xasiyyətini, davranışını özündə əks etdirsin.

Portretini fırça ilə deyil qələmlə ərsəyə gətirmək istədiyim şəxs mənim üçün ideal bir xanım olan SİMA CƏFƏROVADIR. O Sima xanım ki, tanışlığımız keçən əsrin 80-ci illərinə təsadüf edir. İlk baxışdan çox ciddi, bir az da qaraqabaq təəssüratı yaratmışdı məndə. Sonralar iş prosesində anladım ki, bu ciddiliyin alt qatında əsil insana xas olan hər şey – sözün ruhunu duymaq, onun estetikasından, enerjisindən xəbərdar olmaq, lazım olan məlumatları peşəkarcasına çatdırmaq, müəllifi olduğu oxunaqlı, dərk ediləsi və anlaşılan yazılarında fikrini sadə mükalimələrlə oxucuya təqdim edə bilmək kimi müsbət keyfiyyətləri var.

Sima xanımın fərqli insani keyfiyyətlərə, geniş dünyagörüşə sahiblənməsində  doğulub boya-başa çatdığı səfalı Gədəbəy rayonunun saf və təmiz havası və talehin hökmü ilə ailə qurub məcburi köçkünlük dövrünə kimi Qarabağın bir parçası olan Füzuli rayonunun camaatı ilə təmasda olmasının təsiri az olmamışdır.
Cəsarətli, sədaqətli vətəndaş, işgüzar, təşəbbüskar, qətiyyəti ilə seçilən təmkinli bir xanım – SİMA CƏFƏROVA! Sizin haqqınızda göydə sayrışan milyonlarla ulduzların sayı qədər sözdən, fikirdən istifadə etsəm belə, sizin aliliyinizi göstərmək, oxuculara çatdırmaq mənim qələminin gücü xaricindədir.
Siz qatı qaranlıq gecədə aləmə nur saçan parlaq, saf, tər-təmiz olan on dörd gecəlik aya bənzəyirsiniz!
Yeni yubiley yaşları  arzulayıram.