- Köşə

Vahimələr körpüsündən təəssüratlar (İdarəçilik və əməkdaşlıq)

İnkişafın qarşısını alan amillərdən birincisi idarəçinin iradlara etinasız yanaşaraq səhvlərin tərəfində olmasıdır.

Mən səhvlərə qarşıyam,  onlar isə səhvlərini göstərdiyim üçün mənə qarşı.

İnsanlar bir şey düşünüb, başqa söz danışdıqları üçün onlardan qaçmağa başladım.

Bir hərfin, kəlmənin  davasını edib qarşımda özünü obyektiv və savadlı “lider” kimi isbat etmək istəyənlərin özündən yuxarılara yarınmaq üçün kitablarla səhvləri görməzdən gəldiklərinin şahidi olduqca cəmiyyətə yadlaşdım.

“Başımızda dəlləklik edə-edə öyrənəcəklər”, – hazırkı “peşəkar” mühitə  bu sözü yaraşdırıram.

Ədalətli olmaq sənə haqsızlıq edildikdə səsini çıxarmaq deyil, başqalarına qarşı haqsızlığa etiraz edib ona mane olmaqdır.

“Mənə toxunmayan ilan min il yaşasın”, – düşüncəsi ilə yaşayanlar vəzifələrdə irəlilədikcə ölkəni “ilanlar” bürüyər.

Ölkədə bilikli adam olmadığını düşünüb ağlına gələni edənlər yazıq adamlardır.

Komanda ilə deyil, qruplaşma ilə işləyənlərin peşəkar inkişafına dəstək göstərməyə qəlbim izn vermir. Onları ölkə üçün silahlandiraram, -deyə düşünürəm.

Nə etmirəmsə, bacarıqsızlığımdan deyil, etmək istəmədiyimdəndir.

İş kələk, fırıldaq sevməz, siyasət və strategiya sevər.

Fırıldaq və kələklə irəliləyənlərlə əməkdaşlıq etməkdənsə, uzaq durmağa üstünlük verirəm.

Özündən kiçiklərə qarşı prinsip nümayiş etdirən insan özündən yuxarıların önündə tərk-silah olursa, bunun adı yaltaqlıq və xaraktersizlikdir.

Hər cür qruplaşmanın əleyhinəyəm. Komanda isə heç kimi istisna etmədən əməkdaşlıq formasıdır.

İşlədiyi kollektivdə linçə yol verən adamdan heç vaxt lider olmaz, elə görünürsə də, lider deyil,  mafiozdur. Demək, daha böyük təhlükələrə imza atır.

Könül Aydın Nəhmətova

24 aprel, Ankara, Qızılay.