- Dil

Vaqif OSMANOV. Dil – namusdur…

İnsanlar arasında ünsiyyət vasitəsi olan dil ilk insanla, sözlə, şüurla, təfəkkürlə yaşıddır, sivilizasiyanın dayaq sütunudur, xalqın yaddaşı, anası, şərəfi, ləyaqəti, mili kökü, milli ruhu, milli mənliyidir, soy-kökümüzə, Vətənə, torpağa, yurda sahib olmaqdır. “Hər bir insanın ana dilinə münasibəti onun mədəni səviyyəsi ilə yanaşı, vətəndaşlıq qeyrətini də müəyyən edir. Ana dilini sevmədən Vətəni sevmək mümkün deyildir. Öz ana dilinə biganə adam vəhşidir” (K.Paustovski).

Bizim ana dilimizə münasibətimiz necədir? Ana dilimizin saflığını qoruyuruqmu, orfoqrafik və orfoepik qaydaları bilirikmi, həmin qaydalara əməl edirikmi?

Dilçi alimlərimizin  nailiyyət, müvəffəqiyyət, mədəniyyət, keyfiyyət və s. kimi ərəb dilindən qalma sözlərimizdəki iki “y” hərfindən birini atmaqla dilimizi yüngülləşdirməyi məsləhət gördüyü bu günümüzdə ehtiyat sözünü iki “y” ilə yazan reklam şirkətləri, hətta alim və yazarlar günü-gündən artır. Hələ “aftotəmir”, “smazka”, “razval”, “matarist”, “palirovka” kimi terminlər addımbaşı  gözümüzə girməkdədir. Hətta tanınmış yazarlarımızın bəziləri bilmirlər ki, da, də, ki bağlayıcıdır, yaxud ədat.

Ana dilimizi qorumaq, zənginləşdirmək qələm və elm adamlarının, kütləvi informasiya vasitələrinin missiyasıdır. Ancaq ana dilimizi “tüfeyli sözlər”lə həddən artıq “çirkləndirən”, də elə həmin peşə sahibləridir. “Necə deyərlər”, “demək istəyirəm ki”, “tutaq ki”, “mənə elə gəlir ki”, söz və söz biləşmələrini işlədənlərin günahı söz ehtiyatının kasadlığı, başqa dildə düşünüb ana dilində hıqqana-hıqqana danışmaq istəyi, ana dilində mütaliəsinin azlığıdır. Televiziyalarda “xadiməçi”, “piyadaçı” kimi kəlmələri eşidəndə necə təəccüblənməyəsən?

Xİ əsrdə türkçülüyün banisi, öz dilini dünyaya tanıtdırmış Mahmud Kaşğari “Divanü-lüğət-it-Türk” əsərində “ürək dostu” mənasında “həmdəm” yazmışdı. Necə doğma və gözəl səslənir. Kitabi-Dədə Qorqud” dastanındakı “gəlimli”, “gedimli”, “ölümlü” sözləri 1400 ildən sonra da təravətini itirməyib. Cəlil Məmmədquluzadə “ziyalı” əvəzinə “işıqlı”, Rəsi Rza “tormoz” əvəzinə “əyləc”, “uca bina” əvəzinə “göydələn”, “həmkar” əvəzinə “işdaş”, Xəlil Rza Ulutürk “plyaj” əvəzinə “çimərlik”, Xalq yazıçısı Elçin “müstəqim” əvəzinə “birbaşa”, professor Qəzənfər Paşayev “otkrıtka” əvəzinə”açıqlama” (“açıqca” – V.O.), azadliq mücahidlərindən Oqtay Eldəgəz “nizamnamə” əvəzinə “yönətim”, “pasport” əvəzinə “başlaq” işlətməyi doğru sayırdı. “Nümunə” əvəzinə “örnək”, “inkaredilməz” əvəzinə “danılmaz”, “müasir” əvəzinə “çağdaş”, “əksəriyyət” əvəzinə “ çoxluq”, “ictimaiyyət” əvəzinə “ellik”, “əhval-ruhiyyə” əvəzinə “ovqat”, ”qırım”, “müvəffəqiyyət” əvəzinə “uğur”, ”nəqliyyat” əvəzinə “minik”, “məzuniyyət” əvəzinə “dincəliş”, “kuryer” əvəzinə “ayaqçı”, “skvoznyak” əvəzinə “yelçəkər”, yaxud “əsənək”, “qeyri münbit” əvəzinə “verimsiz”, “kombayn” əvəzinə “biçərdöyər” sözlərini təklif edənlərlə həmrəyəm.

Böyük Bəxtiyar Vahabzadə müsahibələrinin birində deyir ki, ana dilinə heykəl qoyan ilk xalq gürcülərdir. Tbilisi məktəbliləri “Bilik günü”ndə abidənin önündə ana dilinə və Vətənə sədaqətli olacaqlarına and içirlər.

Bəs bizim “Ana dili” abidəmiz, and və sədaqət yerimiz nə vaxt olacaq?