- Köşə

Var olmaq üçün düşünək: düyünlər və açarlar -II yazı

 

Könül BÜNYADZADƏ
fəlsəfə elmləri doktoru

Cogito, ergo sum – Düşünürəmsə, deməli, varam.

Rene Dekart  

Hər nə qədər eyni cəmiyyətdə yaşasaq da, hər kəs öz düşüncəsinə və dünyagörüşünə uyğun problem yaşayır. Əlbəttə, ümumi problemlər də var, lakin onların həlli də ayrı-ayrı fərdlərdən deyil, aidiyyətli dövlət qurumlarından asılıdır. Məsələn, ölkədə işsizlik cəmiyyətin ümumi problemidir, bir şəxsin seçdiyi ixtisasda öz potensialını reallaşdıra bilməməsi və buna görə də ya işsiz qalması, ya işindən həzz almayıb depressiya yaşaması, ya da xaricə üz tutub ixtisasından başqa bir fəaliyyətə qane olub ömrü boyu peşmanlıq çəkməsi həmin fərdin problemidir. Birinci halda bunun qayğısına rəsmi orqanlar qalır – qanunlar hazırlanır, yeni iş yerləri açılır, ali məktəblərdə qəbul zamanı tələbat olan ixtisasların sayı artırılır və s. İkinci halda isə hər şey asılıdır insanın düşüncə qabiliyyətindən, özünü tanıma dərəcəsindən, öz potensialını və biliyini dəyərləndirib düzgün seçim etmək bacarığından. Başqa sözlə desək, var olmaq üçün düşünməyindən. Bunun qayğısına isə fəlsəfə qalmalıdır. Yəni istənilən ixtisasın mahiyyətini də, fərqə şəxsiyyət və vətəndaş kimi öz missiyasını dərk etdirən də fəlsəfədir. Xatırladaq ki, ali məktəblərdə fəlsəfə ikinci ildən tədris edilməyə başlayır. Hazırda o da sual altındadır, çünki bəzi yerlərdə ümumiyyətlə fəlsəfə tədris olunmur.  

Həyat ipinin problem adlı düyünü 

Hər ideyanın inkişaf trayektoriyası dairəvidir. İlk nöqtədən çıxan ideya müəyyən çevrə cızandan sonra öz ilkin nöqtəsinə qayıtmalıdır. Hegel deyir: “Bu, əvvəlin və sonun birləşməsidir – bu, anlayışın özünün mövcudluğu prosesi boyunca özünə qayıtmasıdır…” Çevrə tamamlananda ideya bir mərhələ üst qata qalxır, kamilləşir. İnsan da bütövlükdə mürəkkəb bir ideyadır, daha doğrusu, ideyalar kompleksidir. Bu səbəbdən onun həyatı fərqli diaqonallı çevrələrdən ibarətdir. Deməli, əslində, çevrə özünüdərk prosesidir, ilk nöqtəyə, yəni öz “mən”inə yeni baxışın formalaşmasıdır. Ömrü boyu bilik qazandıqca, həm fiziki, həm də əqli baxımdan böyüdükcə, bu çevrələr də kiçikdən böyüyə doğru davam edir. Beləcə, prosesin hər yeni mərhələsinin çevrəsi əvvəlki ilə ilk və son nöqtədə üst-üstə düşsə də, çevrə özü əvvəlkindən daha geniş olur. Eyni çevrə boyunca hərlənmək durğunluqdur. Çevrənin ilk və son nöqtəsi birləşməsə, ideya tamamlanmamış qalır və deməli, yeni ideyanın doğuluşu baş verməz – yeni tsikl başlaya bilməz. Burada söhbət yalnız yaşına görə deyil, zehninə görə də böyüməkdən gedir. Başqa sözlə desək, uşaqlıq çevrəsini tamamlaya bilməyən bir insan yeniyetməliyə, daha sonra gəncliyə və s. keçə bilməz. Yaşı keçsə də, düşüncəsi keçməz.

İnsanın həyat xətti haradasa ya əyilərsə, ya düyünə düşərsə, hərəkət dayanır və bu, onu incidir. Bu, problemin yaranma məqamdır. Məsələn, Türk musiqisinin ustadlarından biri Rəhmi Oruc Güvənin bildirdiyinə görə, insan orqanizmində hər hüceyrənin öz səsi var və yalnız bu səslər harmonik şəkildə səslənəndə insanın həm bədəni, həm də düşüncəsi rahat və sağlam olur. Musiqi terapiyası da məhz harmoniyadan çıxan və bununla da öz sahibini narahat edən hüceyrəni sakitləşdirməkdir. Problemli insan – həyat xətti dolaşmış, düyünə düşmüş insandır. Necə ki, harmoniyası pozulmuş hüceyrə orqanizmi xəstələndirir, eləcə də, ipə düşmüş düyün həyatı mürəkkəbləşdirir. Əlbəttə, düyünlər fərqli olur: bir cəhddə açılan, ciddi əmək, düşüncə tələb edən. Ən betəri kor düyündür ki, ilgəyə çevrilib sahibinin boğazına keçə bilir. Bəzən Qordi düyününə çevrilib illərlə həllini gözləyənlər də olur. Ancaq Qordi düyünündən fərqli olaraq, həyat düyününü hər vaxt kəsmək olmur, onu məhz açmaq lazımdır. Yəni istənilən düyünün açılmasında İsgəndərin qılıncından çox, Aristotelin düşüncəsinə, məsləhətinə ehtiyac var. Bəs bu düyün necə düşür?!  

İnformasiya seli və tənhalıq 

Selin ilk assosiasiyası dağıntılardı. Adətən sel bütövü uçurdur, pərən-pərən salır və onun “ağzına” düşən insanlar hətta doğmasına da yardım edə bilmir, yalnız öz başının çarəsini axtarmağa gücü çatır. Bu gün dünyanı belə bir fəlakət basıb – informasiya seli. Hər nə qədər informasiyanın yaradıcısı, mənbəyi insan özü olsa da, yenə də bu selin hökmü altında, onun diktəsi ilə hərəkət etməli olur. Kant deyirdi ki, “şəxsiyyətdə, doğrusu, yüksək heç nə yoxdur, çünki əxlaq qanununa tabedir, lakin onda ali bir şey də var, çünki bu qanunu onun özü qoyur, buna görə də ancaq ona tabe olur”. Əxlaq anlayışını informasiya ilə əvəz etsək, müasir dövrün aydın bir mənzərəsi yaranar – İnsan öz yaratdığı informasiyanın quluna çevrilib. Biliklər yalnız informasiya şəklində qəbul edilir və bu hal o dərəcədə geniş yayılıb ki, bütün sahələri idarə etməyə başlayıb, hətta fəlsəfəni də. Hələ XX əsrin ikinci yarısında Karl Yaspers yazırdı ki, “çox vaxt fəlsəfə öz təbiətini düzgün anlamayaraq özünü müasir elmlə eyniləşdirirdi və ya bütün bu əsrlər ərzində “o da elm” kimi çıxış edirdi. Bu günün vəzifəsi onu özünə qaytarmaqdır”. Yaspersin zamanından bəri texnika və texnologiyanın imkanları daha da genişlənib, nəticədə informasiyanın yayılma sürəti və bilavasitə şüuraltına təsir qüvvəsi də artıb. Bütün bunlar insanın diqqətini daha çox kənar aləmə, ətrafa fokuslanmağa məcbur edir və o, özünü də bu kontekstdə görür. Başqa sözlə desək, insan özünü kamilləşdirib ətrafa da o kamilliyi ötürmək yerinə, özünü ətrafın ümumi mənzərəsinə kökləməyə, uyğunlaşdırmağa çalışır. Nəticədə o, bir növ öz ruhu, öz nüvəsi ətrafında toplaşmaq, sıxlaşmaq əvəzinə, dağılır, parçalanır və … ruhu yalqız qalır. Bir paralel aparsaq, görərik ki, bütün elmlərə ev sahibliyi edə-edə bu gün özü tənha qalan fəlsəfə kimi insan da yaratdığı texnologiyalar, informasiya xaosu, sosial şəbəkələr arasında tək-tənhadır.

Burada əhəmiyyətli bir məqam da mütləq vurğulanmalıdır. Düzdür, hər insanın mənəvi kamilləşməsi üçün onun təkliyə bir ehtiyacı var – öz ruhu ilə baş-başa qalıb, ruhu vasitəsi ilə ilahi aləmə yüksələ bilməsi, oradan bilik ala bilməsi üçün. Bu gün vəziyyət fərqlidir – insan nəinki öz ruhu ilə baş-başa qala, onu dinləyə bilmir, heç onu görməyə macal da tapmır, çünki diqqət başqa obyektlərə yayınıb. Deyilənlərin fonunda müasir insan portretinə baxaq: informasiya selində boğulan, yalqız olduğu üçün kimsədən kömək gözləyə bilməyən və hansı isə uzaq təşkilatlara, mücərrəd qüvvələrə üz tutub yardım gözləyən, hər addımda problemlər yaşayan və tapdığı həll yolu mütləq başqa problemin yaranmasına səbəb olan, bunları yaşamamaq və gündəlik informasiyaları vaxtında və lazımi qədər mənimsəmək üçün robotlaşma səviyyəsinə çatan sosial bioloji varlıq. Burada kiçik, ancaq əhəmiyyətli bir düzəliş də edək – virtual sosial varlıq! Bəli, bugünün insanı tənhadır və bu hiss get-gedə dərinləşməkdə, faciə həddinə çatmaqdadır. Tənhalıq insanın əksər problemlərinin ya bilavasitə mənbəyi, ya da qida mənbəyidir. Bir daha təkrar edək, problem – insanın ya öz daxili aləminin, ya da ətraf aləmlə harmoniyasının pozulmasıdır. Eyni zamanda, problem insanın ruhunun və maddi orqanizminin arasında harmoniyanın pozulmasından yarana bilər. Deməli, problemin həlli yolu insanı tənhalıqdan çıxarmaqdan, “ünsiyyətə” cəlb etməkdən başlayır. Amma ünsiyyətlər də fərqli olur axı. Bir var dəmir mülayim su, nəmlə “qol-boyun ola”, bir də var sərt çəkic, od, zindanla çəkişə-bərkişə. Birinin sonunda ortada pas atmış, çürüməkdə olan lazımsız dəmir parçası qalır, digərinin sonunda qılınc! Deməli, hər ruhun, eyni zamanda, hər məqsədin öz “həmsöhbəti” olmalıdır ki, nəticə mükəmməl olsun. Əks halda, gərəksiz bir şey alınar. Fəlsəfə insanların daxili işığını görüb “cilalamağı” bacaran “zərgərin”, doğru ünsiyyəti təmin edən və düşüncəni düzgün istiqamətə yönəldən bələdçinin, düyünü kəsmədən açan səbr sahibinin peşəsidir. 

Filosofun missiyası  

Kimdir filosof?! Dağın başında, ya da kimsəsiz mağarada lotos şəklində oturan, universal aləmlə əlaqələr qurub həyatın bütün gizli sirlərindən agah olmaqla kifayətlənən, Nitsşenin təbirincə desək, bir Fövqəlinsan, yoxsa bildikləri ilə insanları qaranlıqdan çıxaran, nankorluğa baxmayaraq, lazım olanda ürəyini çıxarıb məşəl edən bir Danko?! Çətin sualdı… Bu suala Plutarxın cavabı belədi: “Əgər filosoflar insan xarakterində ibtidai qəddarlığı əhliləşdirməyi özlərinin ən böyük xidməti hesab edirlərsə, o zaman böyük miqdarda tayfaları yenidən tərbiyə etdiyinə görə, İsgəndər ədalətlə böyük filosof hesab edilməlidir”. Deməli, hər şeydən əvvəl filosof qaranlığa bir aydınlıq, xaosa bir sistem gətirən kəsdir.

Qəribə bir paradoks yaranıb: insanı öyrənən elm sahələrinin, metodların sayı günü-gündən artdıqca, insanın problemləri də artmaqda davam edir. Uzaq ulduzları, yetin yeddi qatını öyrənməyə qadir olan insan öz şəxsiyyətini tam dərk edə bilmir, 5000 il əvvəlki tarixi yaza bilən 15 dəqiqə sonra nə baş verəcəyindən xəbərsizdir. Rus yazıçısı Mixail Bulqakovun qəhrəmanı Volandın dediyi kimi, insanın “öz həyatını idarə edə bilməsi üçün heç olmasa bir layiqli planı olmalıdır”. Bu isə qeyri-mümkündür. İnsanın qadir olduğu ən kamil addım tarixdən, kitablardan əldə etdiyi biliklərə, özünün və başqalarının qazandığı təcrübəyə əsaslanaraq həyatının indi adlanan anını düzgün dərk edib, növbəti ana şüurlu və problemsiz keçə bilməkdir.

Bu istiqamətdə çıxış yolları axtaranlardan biri filosofdur. Problemləri həll etmək üçün gah mətnlərin sətiraltına enərək hermenevtik üsula baş vurur, gah praqmatik mövqedən yanaşaraq real həyatın ən məhsuldar tərəfini yaşamağa çalışır, gah hər şeyi kənara ataraq bütün cavabları yalnız şüurda axtarır, adını da fenomenologiya qoyur, gah da olanları dərindən təhlil edərək ənənəvi fəlsəfəyə rəqib olan anlayışların analitik təhlilini verir və mətnlərə baxmaq üçün linqvistik bucağa çəkilir. Bu və adını çəkmədiyimiz neçə fəlsəfi cərəyan insan varlığını, cəmiyyəti öyrənməyə çalışsa da, yeni nəzəriyyələr irəli sürsələr də, özləri də yeni sualların yaranmasına səbəb olublar. Bu proseslər zəncirvari reaksiya kimidir və necə, nə vaxt, harada bitəcəyi məlum deyil. Məlum olan budur ki, 10, hətta 100 əsr bundan əvvəlki insanı narahat edən problemlər bu gün də öz həllini tapmayıb. Yəni Qordi düyünü açılmasını gözləyir…

Fəlsəfi cərəyanların üsulları, yanaşma metodları fərqli olduğu kimi, “axtarış məkanları” da fərqlidir. Biri insanın ruhunda, digəri maddi bədəndə, biri kosmosun harmoniyasında, bir başqası hətta cəmiyyətin xaosunda həqiqət axtarır. Əslində, bunun səbəbi çox sadədir – insan özünü harada kəşf edirsə, bütün digər suallarının cavabının da orada olduğuna əmin olur. Başqa sözlə desək, özünü kəşf etmiş insan özünün axtarış çərçivəsini, yəni bütün gələcək təhlillərinin, düşüncə gərdişlərinin hüdudlarını təyin etmiş olur. Deməli, insan öz varlığında nə qədər böyük həqiqətlər kəşf edərsə, düşüncə üçün üfüqləri də bir o qədər geniş olacaq. 

Bu gün insanlar, qeyd etdiyimiz kimi, informasiya bolluğu içində boğulur, özünü unudur. Hər nə qədər fəlsəfə kütləvilikdən aralı qaçsa da, özü də boğulmaqdadır. Düzdür, bütün dünyada fəlsəfə üzrə yazılan elmi işlər, keçirilən simpozium və konfranslar artmaqdadır. Fakt kimi yalnız bunu vurğulayaq ki, 2018-ci ildə Pekində keçirilən Dünya Fəlsəfə Konqresində 10 mindən çox insan iştirak edirdi. Adı fəlsəfə ilə bağlı olan bu mötəbər tədbirdə 10 min nəfərlik insan selinin içində görünməz olan həqiqi filosofları düşündükcə, bu gün dünyada ən dəyərsiz şeyin nə üçün insan olduğunu anladım.

Əlbəttə, Platon “Respublika” əsərində təqdim etdiyi filosof portretindən belə məlum olur ki, o, digər insanlara xas olmayan ən yüksək keyfiyyətli, biliyə, həqiqətə istəkli, ədalət hissi güclü, ən vacibi isə zərif ruha malik olmalıdır. Əks halda həm fəlsəfə, həm də dövlət tənəzzülə uğrayar. Bəli, filosofun düşüncə tərzi, ilahi həqiqət dünyası ilə maddi dünya arasında bir “ötürücü” olmaq missiyasına, bacarığına görə digər insanlardan fərqlənir, lakin bu, onu təcrid etmir, etməməlidir. Əksinə, filosof “yalnız öz kamilliyi ilə məhdudlaşmır və insanların şəxsi və ictimai gündəlik həyatlarının qayğısına qalır” və ən vacibi bunu etmək üçün əvvəlcə insanların mənəviyyatını ağ lövhə kimi təmizləməlidir. Yəni özü yüksək keyfiyyətə və dərin biliyə malik olan filosof ətrafındakı insanları və cəmiyyəti də öz səviyyəyə çatdırmağa cəhd edir. Rabindranath Tagor demiş, “Güclü və qüdrətli olmaq qüvvəyə görə üstün olmaq deyil, zəifi öz zirvənə qaldıra bilməkdir”. Bəli, əgər bir şəxsə ilahi aləmlə əlaqəli olub, ən ali həqiqətlər dərk etmək qabiliyyətinə malikdirsə, deməli, qazandıqlarını digər insanlarla bölüşməlidir, bir bələdçi, ötürücü missiyasını daşımalıdır. Məsələn, amerikan şairi Ezra Paund Nobel mükafatı alan Rabindranath Tagora məhz “Qərb həyatının xaosu içərisində unudulan müdrik həqiqətləri bir daha xatırlatdığına görə” xüsusilə böyük dəyər verir. Deməli, filosof yalnız öz şəxsiyyətində qala bilmədiyi kimi, düşüncələrinin təqdimində də bunu nəzərə almalıdır – dərk etdikləri cəmiyyətin, fərqlərin düşüncələrinin yüksəlməsinə, təmizlənməsinə xidmət etməlidir. Başqa sözlə desək, Şərqdən Qərbə insan mənəviyyatını ucaldan, düşüncələrə aydınlıq gətirən bütün fəlsəfələri tətbiq etməyi bacarmaqdır.

Həyat müəyyən bir xətt boyunca irəliləməkdir. Var olmaq bu xətti dərk edərək keçməkdir. Məsələn, bir var çayda axınla üzən bir tir, bir də var bu çayda öz qayığı ilə gedən bir yolçu – dörd tərəfi öyrənən, lazım gələndə suyun dibinə baş vuran, gözəlliyini, təhlükəsini, həyəcanını öz canında, ruhunda yaşayan, yosuna ilişəndə ağıl işlədib yoluna davam etməyi bacaran bir insan. Biz ikinci haldan danışırıq – var olmaq üçün düşünən insandan. Həyatda yaranan problemlər isə yalnız düyün deyil, həm də artıq qət edilmiş yolun və gedəcəyin yolun saf-çürük edilməsidir. Deməli, müəyyən mənada problemlər düşünmək üçün bir qidadır. Fəlsəfə qəliz terminlərlə mürəkkəb cümlə qurmaq deyil, öz keçdiyin həyatı, öz şəxsiyyətini dərk etməkdir. Fəlsəfə problemin yaranmasının qarşısını almır, amma həmin problemi rahat və minimum ağrıyla çözüb həyatının müəyyən tsiklini başa vurub yenisini başlamağa kömək edir. Fəlsəfə var olmaq üçün düşündürür.

525.az