Açıqbaşda əgər оlsa bir dilbər,
Оnda bu nişanlar müəyyən gərək:
Əndamı ayinə, qəddi mötədil,
Siyah zülfü qamətinə tən gərək.
Vaqifin bir qoşması belə başlanır. Məncə, yaşlı nəsil arasında bu söz son vaxtlara qədər işlənirdi, “köhnə kişilərdən” eşitmişəm. “Açıqbaş” / “Başı açıq” deyiləndə Gürcüstan, bəzən isə onun bir hissəsi – İmereti nəzərdə tutulub. Rusca mənbələrdə «Баши-Ачук» yazanda Akaki Seretelinin povesti əsasında çəkilmiş film haqqında məlumat çıxır. Sereteli “Başı açıq” əsərini 1896-cı ildə yazıb.
1956-cı ildə Gürcüstanda bu əsər əsasında eyni adlı film çəkilib. Povestdə deyilir ki, “başı-açuk” papaqsız adam deməkdir. Hadisələr XVI əsrdə baş verir. Povestin qısa məzmunu belədir: Gürcüstanın şərq bölgəsi İran şahı tərəfindən tutulur. Gürcülər işğalçılara qarşı üsyan qaldırırlar. Baş qəhrəmana Başi Açuk deyilir. Onun əsl adı Qlaxa Bakradzedir. O, ləqəbini “iranlılardan” alıb. Sereteli povestində qəhrəmanın “Başı Açuk” adlandırılmasının səbəbini açıqlayır:
— Niyə sizə “Başı-Açuk” ləqəbi qoyublar?
– Buradakı farslar mənə belə deyirdilər”, – deyə Qlaxa cavab verdi, başımda papanaki olduğunun fərqində deyildilər və papaqsız gəzdiyimi düşünüb belə ad qoydular.
Bir qədər araşdırmadan sonra öyrəndik ki, papanaki Gürcüstanda məhz imeretililərin baş geyimidir. Onun şəkilləri də var. Maraqlıdır ki, bu geyimi çanta kimi böyürdən asmaq da olur. Başa geyiniləndə isə az qala görünmür. İndi sizə təqdim edilən üçüncü şəkildə papanaki çanta kimi yandan asılıb, birinci şəkildəki isə papanaki geymiş gürcü knyazı Kobaladzedir. Göründüyü kimi, baş geyimi var, amma sanki yoxdur. Əraziyə Başı açıq və ya Açıqbaş dedyilməsinin səbəbi budur, yəni başına papaq geyinməyənlərin yaşadığı ərazi.
Gələk özümüz tərəfə. Vaqifin qoşmasında Açıqbaş adlanan ərazi “Kitabi-Dədə Qorqud”da “Başı açuq” adlanır. Bu barədə “Kitabi-Dədə Qorqud” Enskilopediyasında oxuyuruq:
“BAŞI AÇUQ TATYAN QALASI – Qərbi Gürcüstanın Kutaisi şəhərinin şimal- qərbində İnquri çayı ilə Vaşa (rayonu) çayları arasındakı menqrel bölgəsinin yuxarılarında bir əyalət (qədim İmereti-İberiya). “Kitabi-Dədə Qorqud”da bir yerdə (IV, D-1271), “Məgər, Başı açuq Tatyan qalasından kafirin casusı vardı”, – deyə xatırlanır.
Bura “Kitabi-Dədə Qorqud”da , Övliya Çələbinin (XVII) əsərində və digər qaynaqlarda da Başı açuq (açıq) adlanır. Əski zamanlarda başı açıq gəzdiklərinə görə bu ad menqrellərə (imeretilərə də) şamil edilmişdir.
Övliya Çələbi yazır ki, Kutaisinin əsl adı Başı açıqdı. V.Delle Valle bu adın Gürcüstanda – İberiyada (İmereti Krallığında) bir gürcü şahzadəsinə türklər tərəfindən verilmiş ad olduğunu qeyd edir.
M.F.Kırzıoğlu yazır: “Bu ərazi Kutaisi şəhəri də daxil olmaqla Gürcüstanın İmereti bölgəsidir. Kars, Ərzurum və Ağsıxa tərəflərdə xalq rəvayətlərində, aşıq qoşmalarında əski Oğuz ənənələrinə uyğun olaraq buranın xalqı başı açıq gəzdiklərinə görə “Sol Gürcüstan” və “açıq baş” adlanmışlar.
Bu bölgənin yuxarı-dağlıq ərazisində yaşayanları avropalılar “Menqrel”, imeretinin şimalındakı dağlıq xalqını “Svan”, ərazisini isə Tatyan// Dadiyan “Sveneti” adlandırmışlar. Gürcü qaynaqlarında bu coğrafi ərazinin məşhur mülk sahibləri Dadiani knyazlıqlarına mənsub olduğu qeyd edilir”.
Vəssalam, namə tamam.
Xeyirli bazar ertələri