Deyir, bir dəli bir quyuya daş atdı, yüz ağıllı çıxara bilmədi. Bəzən iş elə gətirir ki, ağıllılar taleyin hökmünə boyun əyir, daş elə çıxarılmamış qalır. Belə hadisələr həyatın müxtəlif seqmentlərində olur, elə dildə də. Bu cür “quyudan çıxarılmamış” söz, ifadə, atalar sözü və məsəllərə qələti-məşhur deyilir. Belələri bütün dillərdə ola bilər. Bizə məlum olanlardan bəzilərinə göz gəzdirək. İndi dilçi olmayanların çoxu da bilir ki, rusların və bizim Texas adlandırdığımız “tənha ulduz ştatı”nın adı əslində Teksasdır. Amma düzəldilmir.
Eləcə də rus dilindəki blizorukiy sözünün “ruka” ilə heç bir əlaqəsi yoxdur, görməklə bağlıdır, əsli blizozorokiydir. Eləcə də yenə ruslar bilir ki, İndoneziyada yerləşən, sahəsi 132 min kv km, əhalisi isə Rusiyanın əhalisi qədər olan adanın adı Yava yox, Cavadır. Amma dəyişmirlər, biz Hindistanın paytaxtının adını bir səhv üzündən Dehli yazdığımız kimi. Kimsə yazırdı ki, alçaq tavanlı evdə yaşadığı üçün onurğası əyilmiş insanın belini düzəltmək istəsən, ona zülm etmiş olarsan. Dilə zülm etmək olmaz…
Qələti-məşhurlar barədə hələ bundan azı 500 il əvvəl yazılıb. Qısaca “Ğalat” adlandırılan “et–Tenbîh ʿalâ ġalaṭi’l-câhil ve’n-nebîh” adlı əsərin müəllifi Kemalpaşazâde (1469 – 1534) Osmanlı dövlətinin şeyxülislamı, fəqih, tarixçi, təfsirçi, ədəbiyyatşünas… olub. Əsərdə ərəb və fars dillərindən yanlış transliterasiyalar ayrıca təhlil edilib.
Qələti-məşhur əgər transliterasiya səhvidirsə, o qədər də ciddi fəsadlar yaratmır – hər halda qəbul edək ki, söz qəlibdir… Amma bəzən sözlər, ifadələr, atalar sözü, məsəllərdəki səhvlər ciddi məna təhrifi ilə müşayiət olunur. Çox da məlum olmayanlardan bəzilərini deyək. Məsələn, türklərdə “Zürafanın düşkünü beyaz giyer kış günü” deyə atalar sözü var. Əslində söhbət zürafə yox, zürəfadan – zəriflərdən (kübarlardan) gedir.
Elə günümüzdə (ilimizdə, oniliyimizdə) qələti-məşhurlar doğulur, iməkləyir, böyüyür… Çox vaxt məsuliyyətsizlikdən.
1. “Rəbbül-sani ayının üçü şeytanın ad günüdür” (“Ac həriflər” tamaşası). Deyilən hicri-qəməri ayının adının rəbb sözü ilə heç bir əlaqəsi yoxdur. Rəbi ərəbcə bahar, yaz deməkdir. Rəbiül-sani (ربيع الثاني) baharın ikinci ayıdır.
2. İnstitutda oxuyan vaxt “Müasir Azərbaycan dili” kitabında belə bir cümləyə rast gəlmişdim: “Gürcülər altmışa sammozda deyirlər”. Gürcü dilini az-çox bilirdim və dövlət mükafatı almış bir dərs vəsaitində belə kobud səhvə təəccübləndim. Axı bunu dəqiq yazmaq elə də çətin deyildi. Gürcü dilində say sistemi iyirmilikdir. İyirmiyə otsi, otuza otsidaati (iyirmi və on), qırxa ormotsi (iki iyirmi), əlliyə ormotsidaati (iki iyirmi və on), altmışa samotsi (üç iyirmi), yetmişə samotsidaati (üç iyirmi və on) deyilir. Göründüyü kimi, sammozda (samotsi da) üç iyirmi yox, üç iyirmi və deməkdir.
3. Şəbu hicran, qəmu bimarınə… Sovet dövründə Şövkət Ələkbərovanın solistliyi ilə oxunan “Füzuli kantatası”nda müğənni səhvən şəbi-hicran (hicran gecəsi) əvəzinə şəbu hicran (gecə və hicran), qamu bimarinə (bütün xəstələrinə) əvəzinə qəmu bimarınə (qəm və xəstəsinə) oxuyub və bu gün də həmin hissəni səs yazısından dinləyən müğənnilər həmin səhvləri təkrar edir.
4. Şeyxanə. Əslində şeyxəna – ey şeyx olmalıdır. Səhv etmirəmsə, “Ölülər” tamaşasında belə bir səhvə yol verilib (şeyxanə şeyxcəsinə deməkdir).
5. Gəleyrəm. Hardasa iyirmi ilin söhbətidir. Bir dəfə ziyalı kimi tanınan, yaşı 70-dən çox olan birisi çayxana həmişəordalarına (el arasında “zavseqdatay” deyirlər) gileylənirdi ki, Qazaxda gəlirəm əvəzinə gəleyrəm deyirlər. Nəzakətlə izah etməyə çalışdıq ki, səhv deyirsən, Qazax və Ağstafanın kəndlərinin əksəriyyətində olmuşam, heç yerdə elə deyilmir, “gəlerəm” deyilir. Kimə deyirsən? İki ayağını bir başmağa dirəyib deyirdi ki, sən bilmirsən. Əslində, buna səbəb var. Sovet dövründə yazılan dilçilik ədəbiyyatında belə bir səhv gedib.
Sonra eyni səhv kitabdan kitaba köçürülüb. Hardasa oxumuşdum, Aristotel bir yerdə yazıbmış ki, milçəyin 4 qanadı var. Neçə yüz illər o səhv təkrar edilib. Nəhayət, bir nəfər eləməyib tənbəllik, milçəyin birini tutub və bağırda-bağırda qanadlarını sayıb. Məlum olub ki, milçəyin 6 qanadı var. Belə presedentlərin davam etməyəcəyinə kim zəmanət verə bilər? Əmin ola bilərikmi ki, yenə isti yay günlərinin birində sərçə təfəkkürlü, toyuq vicdanlı birisi çayxana həmişəordalarına (el arasında “zavseqdatay” deyirlər) meymun həvəsliliyi və yarımçıq kəsilmiş toyuq həyəcanı ilə Qazaxda gəlerəm yox, gəleyrəm deyildiyini təlqin etməyəcək və qarşıdakılar da inanmayacaq?
Yeri gəlmişkən, “Bəxt üzüyü” filmində də oxşar səhvə yol verilib. Milis işçisinin “Öz adınız yoxdu?” sualına Söylü və Şair Moşu xorla belə cavab verir: “Adsız dəyirmanda xoruz olEr”.
Qazax dialektində son saiti o olan feillər indiki zamanda –ur əvəzinə -or şəkilçisi qəbul edir: donur yox, donor, yorur yox, yoror, solur yox, solor, olEr yox, olor…
-er şəkilçisi isə son saiti a, ə, ı, i olan sözlərə artırılır: yazer, gəler, çıxer, biler…
Xeyirli cümələr…