- Köşə

Vasif SADIQLI. Arzu etməyi də bacarmırlar…

Neçə gün idi ki, çillənin çıxmağını səbrsizliklə gözləyirdik. Bəndeyi-fəqir hətta günləri sayırdı. Əsgərlikdə olduğu kimi, təqvimin vərəqlərini qoparır, “Gələcək, yoxsa (Xudanəkərdə) gəlməyəcək?” dilemmasının sitəmindən qurtulmaq üçün çobanyastığı (el arasında romaşka deyirlər) ləçəyi yolurdum… Həssas feysdaşlar, yəqin ki, unutmayıb: hətta kiçik çillərin ciyəraxşamını da anons elədim…

Çünki sadəlövhcəsinə güman edirdim ki, boz ay gələn kimi Günəş qızaracaq, hava bozaracaq, bir gün yazdan, biri qışdan olacaq.  Amma sonra xəbər çıxdı ki, Kitabül-cəmal (Feysbuk) dostlarından biri qar-çovğun sifariş verib: “Qışın da qış abırı olar”. Beləcə də yazıbmış. Necə əməli saleh insan imişsə, Feysbukda yazdığı statusun mürəkkəbi qurumamış Günəş batıb, hava dəyişib, göyün üzündə qara buludlar oyur-oyur oynamağa başlayıb. Ardınca da qar…

Həri… Amma məzkur feysdaş kəskin soyuqların fəsadlarına qarşı ciddi ictimai etirazları görəndən sonra statusunu silib, bir icra başçsının videosunu paylaşıb. Guya qarı o icra başçısı yağdırıb. Videoda yol təmizləmə işinə baxan kişi deyir ki, qar icra başçısının tapşırığı ilə yağıb.
Mən o icra başçısını tanıyıram: müsəlmansansa, ətəyində namaz qıl, xristiansansa, üzünü Yerusəlimə çevirib Məryəm anaya dua elə və şam yandır (kişinin ətəyini yandırmamaq şərtilə), yəhudisənsə, xalqın günahlarını Əzazilin qulağına pıçıldayıb, göndər bərri-biyabanə…
Bəli, elə bir dürüst adamdır. Ona görə də nə istəsə, olur. Bu adam qar yağsın deyəndə qar yağır, yağış deyəndə yağış. Yel əssin deyəndə hatifdən bir səs gəlir: “Ağayi-cahan, yeli bildik, demisən – olacaq, amma hansından? Gilavar, Xəzri, yoxsa Gicəvar? Və bundan sonra məzkur icra başçısı istədiyi küləyin adını zikr edir və dediyi külək də əsir. Özbaşınadı bəyəm?

Həri… Deyilənə görə, köçəri quşların marşrutu bunların rayonunun başının üstündən keçirmiş, quşlar da təbii ehtiyaclarını uça-uça ödəyəndə rayonun ərazisində antisanitariya vəziyyəti yaranırmış. Bunu icra başçısına deyiblər, bir arzuzu/duası/ tapşırığı ilə quşlar köç yolunu dəyişib. Həri!!

İnanmırsınız? Amma başqa versiya da var. Bəzi bədgular deyir ki, guya başçının əyan-əşrafı başqa şeydən qorxub. Qorxublar ki, quşlar birdən rayonda kiminsə düz çiynini hədəfə alar, gələr həmən adam yeni başçı olar. Sabah nə bilirsən, işçilərdən kimin mitilini atacaq, kimi saxlayacaq?
Amma bu qar həmin icrabaşçılıq deyil, dezinformasiyadır. Çünki o video bir neçə il əvvəl çəkilib.

Əlqərəz, arzu edəndə də diqqətli olmaq lazımdı.
Bir tanış danışıb. Deyir, nənəsi uşaq olanda evdə kimsə xəstələnibmiş. Ona görə toyuq kəsiblər. Məlum məsələdir, əgər kasıbın evində toyuq kəsilibsə, ya toyuq xəstədir, ya da kimsə xəstələnib. Əlqərəz, xəstəyə toyuq bulyonu veriblər. Uşaq da onun hesabına toyuq əti yeyir. Yemək o qədər xoşuna gəlir və bir müddət sonra üzünü məscidə tutub dua edir ki, xəstələnsin. Tezliklə xəstələnir və yenə toyuq kəsirlər. Axırda uşaq bildirir ki, toyuq əti yemək məqsədilə xəstələnməyi arzu edib. Ona izah ediblər ki, bunun üçün xəstələnməyə ehtiyac yoxdur…

Həri, arzu edəndə də diqqətli olmaq lazımdı. Dua edəndə nümunə göstərəcəyim ravvin kimi olun, şubasını geyinmək üçün qar istəyən feysdaş kimi yox.
Rəvayət. Deyir, bir gün katolik keşiş, pravoslav keşiş və ravvin söhbət edirmiş. Söhbət əməli salehlikdən, Allaha yaxınlıqdan, duanın müstəcəb olmasından gedirmiş.

Katolik keşiş deyir:
– Bir dəfə Vatikana uçurdum. Birdən təyyarəmizin həndəvərinə ildırımlar düşməyə başladı. Mən Allaha dua etdim, bir də gördük, ortada bir dəhliz açılıb, ətraflarda isə yenə ildırım düşür. Beləcə rahat gedib çatdıq.

Pravoslav keşiş:

– Bir dəfə Yunanıstana gedirdik. Birdən dənizdə tufan başladı. Dalğalar gəmini qoz qabığı kimi atıb-tuturdu. Mən Allaha dua etdim, bir də gördük, ortada bir dəhliz açılıb, sağ-solda yenə tufan davam edir. Beləcə rahat gedib çatdıq.

Növbə ravvinə çatır:

– Bir dəfə küçə ilə gedirdim. Bir də gördüm yerə bir pul qabı düşüb. Liməlim pulla dolu. Şənbə günü idi. Bizə şənbə günü işləmək olmaz. Pul qabını götürmək isə işdir. Mən Allaha dua etdim ki, pul qabı olan ərazidə cümə olsun. Bir də gördüm ki, dünyanın hər yerində şənbədir, pul qabı ilə mən olan yerdə cümə. Pul qabını götürüb getdim.

Yoldaşlar, siz də soyuq hava arzu edəndə ərazini dəqiq göstərin. Məsələn, filan rayonun filan kəndi və ya Xətai rayonunda qaçqın bazarı ilə “Əhmədli” metrostansiyasının arası. Yoxsa sən şuba geyinəcəksən deyə bu boyda ölkəni qaRa qəltan eləmək nəyə gərəkdir?

Xeyirli bazar günləri…