Şair Lermontovu avar dilində
Öldürdün, Martınov öldürdüyütək.
R.Həmzətov
Ən böyük dastan qəhrəmanlarımızdan biri olsa da, azərbaycanlılar arasında Bamsı Beyrəyin adına çox az rast gəlinir. Bunun da öz səbəbləri var. Əvvəla, adın təhrif edilmiş şəkildə tələffüzü riski çox böyükdür. İkinci səbəb hadisələrin “happy end”lə bitməməsi, sonuncu boyda Beyrəyin At Ağızlı Alp Aruz tərəfindən qətlə yetirilməsidir. Məncə, yeni doğulan körpələrə Bamsı Beyrəyin adının verilməsi halları bundan sonra daha da azalacaq. Çünki son illərdə Beyrək dəfələrlə qəddarcasına “qətlə yetirilib”. Bu günlərdə daha bir nümunə ilə rastlaşdıq. Bu barədə bir qədər sonra.
Bir neçə il əvvəl qardaş Türkiyədə «Dədə Qorqud hekayələri» adında bir çoxseriyalı bədii film, əslində film-karikatura çəkmişdilər.
Filmi çəkənlərin “Dədə Qorqud” dastanlarının ruhu, Oğuz ellərinin həyat tərzi, Oğuz igidlərinin mənəvi aləmi haqda təsəvvürlərin bəsitliyi çox aşkar şəkildə sezilirdi. İndi bir neçə il əvvəl yazdığımız qeydlərdən bir qədər “oğurluq” edək.
Məsələn, filmin müvafiq seriyasında Beyrəyin ozan libasında qadınlar olan çadıra getməsi süjetdən çııxarılıb və tanıma səhnəsinin dastandakı təsirli bədii həlli filmdə öz əksini tapa bilməyib. İncəsənətdə fabulanın hissələrindən biri olan tanıma çox effektli bir üsuldur. Aristotel «Poetika»sında yazır: «Tanıma, adından da göründüyü kimi, bilməzlikdən bilməyə keçid deməkdir… cansız və ən müxtəlif predmetlərə görə ola bilir, hər hansı bir adamın (hər hansı bir hərəkəti) edib-etmədiyini bilməyə görə də ola bilər». Sonra o yazır ki, tanımanın ən mükəmməli peripetiyalı tanımadır, bədbəxtlik və ya xoşbəxtlik bu tanıma nəticəsində meydana gələndə daha mükəmməl olur. Odisseyada tanıma zahiri əlamətə görədir. Dayə Odisseyin ayaqlarını yuyanda çapıqdan onu tanıyır. “Bamsı Beyrək boyu”nda tanıma üçün bir neçə fürsət olsa da, Beyrək özünün kimliyini nişan vermir. Nə yolun qırağında daş yığıb «daşlayacağıq o qızı burdan gedəndə ki, Yalancığa getməsin» deyən çobanlara, nə gözüyaşlı kiçik bacısına, nə böyük bacılarına, nə də oxatma yarışı zamanı Oğuz bəylərinə. «Odisseya»da Odisseyin durumu ilə bu boyda Beyrəyin durumu arasında fərq var: birincidə hələ gəlib evinə çatmaq problemlərin qurtarması deyil, başlanmasıdır. Çünki arvadı ilə evlənmək istəyənlər güclüdürlər və döyüşlər labüddür. Beyrək üçün qarşıda döyüş məsələsi yoxdur. Onun özünü tanıtması yetər ki, hər şey yoluna qoyulsun. Yalıncıq onun bir kəlməsilə öldürüləcək. Amma Beyrəyin içindəki narahatlıq daha böyükdür: «Görəsən, on altı ilin ayrılığı Banıçiçəyi ərə getməyə razı sala bilibmi?» Məhz bunu müəyyən etmək üçün Beyrək özünü tanıtmır, toy məclisinə getməyə izin alır. O, adaxlısını «hadisə yerində» anonim şəkildə seyr etmək istəyir. Beyrək qopuz çalıb gəlinin oynamasını tələb edəndə Banıçiçək oynamaq istəmir. Özünü Banıçiçək kimi təqdim edənlər Beyrək tərəfindən ifşa olunandan sonra o oynamalı olur: «Banıçiçək qırmızı qaftanını geyindi. Əlləri görünməsin deyə içəriyə çəkdi». Səbəb var. Ərə verilsə də, onun barmağındakı Yalıncığın yox, Beyrəyin üzüyüdür. Beyrək onun əlini gizlətməsinin səbəbini bilmək istəyir və ustalıqla bir priyoma əl atır:
Xan qızının evində qul da yoxa çıxmışdır,
Səhəng alıb soyuqda suya getmişdir,
On barmağı soyuqdan donub itmişdir,
Qızıl-gümüş gətirib dırnaq yonun gəlinə,
Eyibli ərə getmək eyibdir ər evinə…
Bunu eşidəndə Banıçiçək qəzəblənir: “Ədə, dəli ozan, mən eyibliyəm ki, mənə eyib qoşursan?”. Bu, qadın psixologiyası ilə bağlı çox incə bir detaldır. Banıçiçək bu sözdən sonra qeyri-ixtiyari əlini çıxarır və Beyrəyin keçirdiyi üzük görünür. Bu da tanımadır və çox mühüm tanımadır, çünki o üzüyün barmaqda olması on altı il bir qəlbdə qorunan sevgi və sədaqətin ən gözəl sübutu, fəlakətdən səadətə dönüşün arqumenti idi.
Amma filmdə boyun kulminasiyası olan bu hissə çadırın önündə Beyrəyin saz çalıb mahnı oxuması (?!), gəlinin də qopuzu alıb ona cavab verməsi şəklində verilib. Bu isə nəinki bəy ailəsi, hətta sıravi Oğuz ailələrinin toy ərkanı cəhətdən özünü doğrultmur, üstəlik, kulminasiyanın effektini də öldürür.
Dastanda Bamsı Beyrəyin kafirlərin əlindən qaçması çox təbii şəkildə verilir. Oğuzun bu xas igidinə aşiq olan kafir qızı onu kəndirlə qaladan sallayır və o, qurtulur. Gəlib kafirin ilxısından atını tapıb minir və çıxıb gəlir evə. Amma məzkur filmdə kafirlər Beyrəyin qaçıışından xəbər tutur və ardınca düşürlər. Düşmənin əlindən qaçmaq olar, amma filmdə Beyrək arxasınca bir sürü tazı düşmüş dovşan kimi qaçır. Gözlərində təşviş, təngnəfəs. Bununla da dastanda Oğuz eli, onun əhatəsində olan düşmənlərlə müqayisədəki böyük əzəməti, şərəfli ölümü şərəfsiz həyatdan üstün tutan qəhrəmanlarının vüqarı heçə endirilib.
İndi gələk varlığından iki gün əvvəl xəbər tutduğumuz “Bamsı Beyrək” komediyasına. Söhbət Burak Aksakın ssenari müəllifi olduğu ekran əsərindən gedir. İki saatlıq komediya Bayındır xanın verdiyi ziyafətlə başlayır. Yemək verdiyi qonaqları ilə quduz kimi davranan Bayındır xan filmdə gah Bürə, gah da gülüş doğurmaq üçün Püre adlandırılan Bayburadan niyə zar-zar ağladığını soruşur. Baybura oğlu olmadığını deyəndə Bayındır xan deyir: “Bizim var da, nə işə yarıyor?”. İlk epizoddan göründüyü kimi, film tarixi keçmişimizə, dəyərlərimizə istehzalarla doludur və hər bir səhnə tamaşaçıda gülüş doğurmağa hesablanıb. Filmdə bayağılıq və şitlik yetərincədir. Məsələn, Baybura bəyin arvadı uşaq dünyaya gətirərkən bəzirganlar da daxil bir dəstə adamı çadırın ağzına yığması, uzun müddət qadının doğuş bağırtılarını səsləndirilməsi (pardon) heç də komik deyil.
İllər keçir, Beyrək böyüyür – tamaşaçı onunla tanış olur: demə, 20 yaşlı Beyrək, Rablenin Qarqantuası kimi, atasının təbiri ilə desək, yeyib, içib yatır. Amma el adətinə görə, ad alması üçün nəsə qəhrəmanlıq etməlidir: axı Dirsə xanın oğlu buğanı boğub, Buğatan (!), digər yaşıdı Ayıboğan olub. Beyrək də buna məhkumdur. Sonra məlum olur ki, baş qəhrəman abdal, ağıldankəm biridir: evdə əlini ağdan qaraya vurmayan Beyrək qəhrəmanlıq etməyə göndəriləndə gedib kiməsə yemək bişirir, xırda təsərrüfat işləri görür.
Nəhayət, Beyrək macəra axtararkən bəzirganların quldurların hücumuna məruz qalmasının şahidi olur. Filmi çəkənlər burda da Beyrəyi əfəl kimi təqdim edir. Onun yolkəsənləri “İndi ordumuz gələcək” deyərək qorxutmaq istəməsi, bu zaman bir dəstə toyuğun gəlməsi kütlə üçün nəzərdə tutulmuş bayağı gülüş yaratma üsuludur. Filmdə Beyrəyin bəzirganları xilas etməsi kimi nəzərdə tutulan səhnə yoxdur, həmin yerdə ekranda “bu səhnələr şiddət və vəhşət içərdiyi üçün çıxarılmışdır” yazılır. Bu üsul isə «Asteriks və Obeliks Sezara qarşı» kinokomediyasından olduğu kimi iqtibas edilib.
Yeri gəlmişkən, filmi çəkənlər Fransa-Almaniya birgə istehsalı olan «Asteriks və Obeliks Sezara qarşı» kinokomediyasına bənzər bir şey çəkməyə çalışıblar. Rejissor Klod Zidinin «Asteriks və Obeliks Sezara qarşı» filminin çəkilmə qayəsini başa düşmək olar. Filmdə eramızdan əvvəl 50-ci illərin hadisələri təsvir edilir. Roma dövlətinin dünyaya meydan oxuduğu vaxtlardır. Fransa və ətraf ərazilər Sezar tərəfindən istila edilib və uzun müddət onlardan vergi alınıb. Əslində, əcdadları Sezarın qarşısında duruş gətirə bilməyən fransızlar bu hadisəyə komik müstəvidə baxıb: guya bir qall kəndi Sezarı saymır, ona boyun əymir, vergi verməkdən imtina edir. Filmdə Qalliya kəndliləri sehrli içkinin köməyi ilə Sezarın nizami ordusuna müqavimət göstərir, hətta onları pərən-pərən edir. Beləliklə, film müəllifləri komediya janrının tələbləri çərçivəsində əslində movcud olmayan qəhrəman keçmişlərini yaradır və tamaşaçılar qürurla bu tarix səhifəsinə səyahət edirlər. Təbii ki, burada Fransanın keçmişinə, dəyərlərinə heç bir istehza yoxdur.
Amma “Bamsı Beyrək” filmini çəkənlər bütün istedadlarını dastanı və onun əvəzsiz qəhrəmanı Bamsı Beyrəyi nüfuzdan salmağa sərf ediblər. Filmdən çıxan nəticə belədir: dastanda təsvir edilənlər uydurmadır, nağıldır, əslində Bayındır xan yekəpər, kobud, qarınqulu (üstəlik, beli radikulitli, gözü kataraktalı) birisidir. Özünü öyməyə meyllidir, amma əslində əvvəllər də elə bir qəhrəman olmayıb: Beyrəyin qayıtması səhnəsində Bayındır xan əvvəllər yaxşı ox atdığını, indi gözlərinin zəiflədiyini deyəndə yanındakı bəy ona istehza edir. Dədə Qorqud obrazı çayxana aşıqları kimi qeyri-virtuozdur, o, qopuz çalmaq istəyəndə hamı qaçıb dağılır, duası ilə Dəli Qarcarın əli daşa dönəndə özü də heyrətə gəlir və sevincdən göbək rəqsi edir. Beyrəyin atası bambılı, anası küt, özü yeyib-yatan, bir qədər də ağıldan yüyrəkdir. Beyrəyin 3-4 metrdən ceyranı vurarkən sevincdən rəqs etməsi, Banıçiçəyi öpmək istərkən Baybecan bəyi öpməsi uğurlu tapıntı deyil. Filmdə Bayburanın oğlu tərəfindən Püre kimi təqdim edilməsi də (onun adı Bayburadır və bu ad tatarlarda indi də soyadı kimi işlənir) sırf gülüş yaratmaq qayəsinə xidmət edib.
Ədəbiyyatın, eləcə də incəsənətin insanlara təsiri əvəzsizdir, çünki incəsənət insanların dünyanı dərk etmə üsuludur. Bədii əsərdə müəllif (və ya kollektiv) həyati situasiyaları, hərəkətləri, yaşantıları, obrazların düşüncələrini təsvir edəndə birbaşa və ya daha çox dolayı yollarla onları qiymətləndirir, bu obrazlar vasitəsilə oxucuların təfəkküründə müəyyən dəyərlər sistemi, emosiya-dəyər oriyentasiyasının müəyyən tipini yaradır. İncəsənət, eləcə də bədii ədəbiyyat idealların, dəyərlərin formalaşmasında nəinki iştirak edir, onları cəmiyyətdə fəal şəkildə yayır və uzun müddət ictimai şüurda qorunmasına kömək edir. Nəticədə bu əsərləri mənimsəmiş cəmiyyətin mühüm qismi tarixən yaranmış və xalqın böyük sənət abidəsi olan əsərlərdə akkunulyasiya olunan mənəvi təcrübəni mənimsəməklə xarakter kimi yetişir, tərbiyə olunur. Stanislav Lempin yazdığı kimi, əgər bədii əsər klassika statusu qazanarsa, o zaman o, “müəyyən universal əhəmiyyətə malik ümumiləşdirmələrin interpretasiyasına”, hətta deyərdik ki, sistemyaradıcı bir amilə çevrilir.
Tədqiqatçıların qeyd etdiyi kimi, “Kitabi-Dədə Qorqud” dastanları XI-XII əsrlərdə və daha əvvəllər Azərbaycanda baş vermiş hadisələrlə səsləşir. Dastandakı hadisələrin əksəriyyəti Dəmirqapı Dərbənd, Bərdə, Gəncə, Dərəşam, Əlincə, Qaradağ, Göyçə gölü, Qaraçuq dağı və s. yerlərdə cərəyan edir.
“Dədə Qorqud” Azərbaycan xalqının möhtəşəm ədəbi abidəsidir. O, xalqımızın özünəməxsus daxili dünyasının, mənəvi arxitektonikasının formalaşmasında, gələcək nəsillərin ali, yüksək duyğulara köklənməsində mühüm rol oynayıb. Dastanın boyları bir qayda olaraq bu sözlərlə bitir:
Hanı dediyim bəy ərənlər?
Dünya mənim deyənlər?
Əcəl aldı, yer gizlədi, –
Fani dünya kimə qaldı?
Gəlimli-gedimli dünya,
Son ucu ölümlü dünya!
Yəni ozanlarımız “Kitabi Dədə Qorqud” boylarını yeni nəsillərə danışaraq xalqımızın fərdlərinə öz qəhrəman keçmişini xatırladıb, igidliyi, mərdliyi təbliğ edib, onları Vətəni sevməyə, kökünə bağlılığa, öz əcdadlarından mərdlik və qəhrəmanlığından nümunə götürməyə səsləyib.
Elə dövrümüzdə Mübariz İbrahimov, Polad Həşimov, Raquf Orucov, erməni generalı boğub öldürən 19 yaşlı Cəbrayıl Dövlətzadə, Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanın Qartal yuvası adlandırdığı Şuşanı ağılasığmaz qəhrəmanlıqla alıb dünya hərb tarixinə yenə səhifə yazan igidlərimizin şəxsiyyət kimi formalaşmasında digər amillərlə yanaşı “Kitabi-Dədə Qorqud” dastanlarının da müstəsna rolu olub…
…Qardaş Türkiyədə çox güclü kino sənayesi, ssenaristlər var, tarixi mövzularda çəkdiikləri çoxseriyalı uğurlu filmlər təqdirəlayiqdir. Amma yuxarıda bəhs edilən filmlərin birincisi qeyri-peşəkarcasına çəkilib, ikincisi isə “Kitabi-Dədə Qorqud”a və Bamsı Beyrəyə qəsddir, o, yuxarıda deyildiyi kimi, möhtəşəm sənət abidəmizin obrazlar vasitəsilə təfəkkürümüzdə yaratdığı dəyərlər sistemini laxlatmağa, onun sistemyaradıcı təsirini minimuma endirməyə, şanlı keçmişimizin yadigarını dəyərlər sırasından çıxarıb məzhəkə predmetinə çevirməyə hesablanıb və susqunluqla qəbul edilə bilməz. Bu iki filmi birləşdirən ortaq cəhət isə odur ki, heç birində bu dastanın Azərbaycan xalqının bədii təfəkkürünün abidəsi olması ilə bağlı bir kəlmə və ya digər ştrix belə yoxdur… Amma olmalı deyildimi?