60 yaşlı şair-deputat deyib ki, ömrümdə heç vaxt yalan danışmamışam. Necə şaqqanaq çəkdimsə, qonşu gəlib dedi ki, sən cavan canın… yox, bunu qaraçı uşaqları deyir… Dedi, sən Allah, yavaşdan gül, uşaq səksənib ağladı. Bir-iki addım aralanandan sonra dayandı və qanrılıb təbəssümlə soruşdu: “Qonşu, əgər sirr deyilsə və paxıl da deyilsənsə, nəyə gülürdün, de, biz də bilək”.
Səbəbi-qəhqəheyi-məlumu deyincə bu da şaqqanaq çəkdi, bu dəfə digər qonşu gəldi ki, blokda belə ucadan gülməyin, səksəndim. Vaqiəni buna da danışdıq, indi də bu şaqqanaq çəkdi. Beləcə 5-ci mərtəbədəki qonşu istisna, hamı yığışdı, qəşəng göftgu elədik. tanış olduq. İçi mən qarışıq, hamısı da yaxşı insanlar imiş. İnanmazsınız, on ildir, bir binada yaşayırıq, hələ bir-birimizi tanımırdıq. Bircə 5-ci mərtəbədəki qonşuya demədik, o, şoğəribdi, gülməsə, yaxşıdır.
Həri… İki il əvvəlin söhbətidir. Evdə oturub, ya da uzanıb televizora baxırdım. İmanımı yandıra bilmərəm, bəlkə də, radioya baxırdım. Bir də gördüm otağın tavanından su axmağa başladı. Gətirib qab-qacaq qoydum, sonra çıxıb üst qonşunun qapısını döyüb, evə su axdığını dedim və məzəmmətlə baxdım. Üst qonşu nəzakətlə tavanını göstərdi. Onlara da yuxarıdakı qonşudan su axırmış. Sonra həmin qonşu dördüncü mərtəbəyə çıxıb üst qonşusunun qapısını nəzakətlə döyüb çağırdı, evə su axdığını dedi və ona məzəmmətlə baxdı. Orda da su damırmış. O qonşu da 5-ci mərtəbəyə çıxıb eyni baxışla baxmaq istədi. Qapını döydü, hazırlaşdı, Amma məzəmmətlə baxa bilmədi. Demə, həmin şoğərib qonşu kranı açıq qoyub harasa gedibmiş… Beləcə məzəmmətli baxışlarını da götürüb suyu süzülə-süzülə geri qayıtdı.
İndi biz acıqla 5-ci mərtəbədəki həmin qonşunu bigülüş qoyduq. Nə şaqqanaq çəkib gülə bildi, nə də ölkədə 60 yaşına kimi bir dəfə də olsun, yalan danışmayan bir deputatın olub-olmamasından xəbər tutdu. Beləcə cahil qaldı, bundan sonra da qalacaq. Di yeri…
Xülasə, ondan başqa hamı güldü, könlü açıldı, xeyirxonluq isə 60 yaşlı şair-deputatdan oldu. Deputat dedim yadıma bir vaqiə düşdü. Bir dəfə şimal rayonlarının birində mənə 3 mərtəbəli bir “daxma” göstərdilər. Yerli sakin dedi ki, bu, həmin rayondan olan deputatındı və bu evdə düz 26 kondisioner var. Sonra dedi ki, həmin rayonda həmin deputatın daha iki “daxma”sı var…
Yox, yadıma bu düşəsi deyildi…
Bir neçə il əvvəl nəqliyyatda gediş haqqı artırılanda deputatların biri demişdi ki, məqsəd vətəndaşların rahatlığını təmin etməkdi.
Yox, yadıma bu da düşəsi deyildi…
Bir neçə il əvvəl xəlaiq uşaqpulu istəyəndə deputatə xanımlardan biri soruşmuşdu ki, dövlət sizə uşaq sifariş verib? “Leyləklər gətirib” deyəndə qayıtdı ki, leyləyi söyüb qovun, di yerisin, əgər müqavimət göstərsə, polis çağırın, polis leyləyi di yeritsin…
Hə, nəhayət, xatırladım. Lətifə idi. Deyir, deputatlarla dolu avtobus dağ yolunda döngəni kəsə bilmir və bir neçə dəfə aşır. Yaxınlıqda yaşayan bir kişi hadisəni görür və beli götürüb millət vəkillərini dəfn etməyə gedir.
Basdırıntı işlərini yenicə itmamə yetiribmiş ki, hadisə yerinə polislər gəlir və kişidən soruşurlar:
– Burda nə baş verib?
– Deputatlarla dolu avtobus aşıb. Hamısını dəfn etdim.
– Onların hamısı ölmüşdü?
– Bəziləri deyirdi ki, hələ sağdırlar. Nə bilim? Deputata inanmaq olar?
Görürsünüz, atalar deyir, hər şərdə bir xeyir var…
Xeyirli bazar ertəsi axşamları