Hardasa 2 il əvvəl bu günlərdə Azərbaycan öz sərhədlərində – Gorus-Qafan yolunda nəzarət-buraxılış məntəqəsi quranda nataraz cənub qonşumuzun məşhur ayətullahlarından biri olan Seyid Həsən Amili öz cümə xütbəsində üzünü bizə tutaraq demişdi: “Şirin quyruğu ilə oynamayın”.
O vaxt camaat bunu səhv başa düşübmüş. Elə bilirdilər ki, söhbət həqiqi bir şirdən gedir və bu şirin əcaib-qəraib xasiyyətləri var: başına qapaz vurursan – vecinə deyil, “kül başına, torpaq gözünə” deyib başına qaralayırsan – vecinə deyil, palaz qulağını dartıb uzadırsan – vecinə deyil, basıb iki gözünü bir deşikdən çıxarırsan – vecinə deyil, xülasə yüz cür işgəncə ver və başına yüz cür oyun aç – vecinə deyil. Amma nəbadə və xudanəkərdə bu şirin quyruğuna əl vurasan. Çün məzkur quyruq bu şir üçün əndərun – namus kimi bir şeydi (bəziləri siyasi məna verib deyirdilər ki, bu quyruq elə Gorus – Qafan yoludu) və əl vursan, şir dəli olar və dəlidən də nə desən, gözləmək olar…
Həri. Hətta bu məsələ ilə bağlı lətifə yazanlar da olmuşdu… Deyir bir kişi bazardan at alırmış. Satıcıya deyir, bu ata baxdım, amma heç bir nöqsan görmədim. Dişləri cabəca yerində, ayağında nöqsan yox, beli yağır deyil. Bunun heç bir nöqsanı yoxdumu? Satıcı da dürüst adam imiş, qayıdır ki, var, qardaş, bircə eybi var: alçaqdır. At alan ürəyində fikirləşir ki, əşi, olsun da alçaq, dost almıram ki. Yaraşıqlı, boylu-buxunlu, sağlam atdı, belinə xurcun qoyub çərçilik edəcəm. Beləcə atı alıb aparır. Aradan bir müddət keçir. İşlər yaxşı gedirmiş. Amma bir gün çayı keçəndə at suya yatır və xurcundakı bütün mallar zay olur.
Atı alan kişi çox qeyzlənib gəlir bazara, at satanı tapıb deyir: “Qardaş, bəs bunun belə xasiyyəti var imiş, niyə demirdin?” At satan da qayıdır ki, “Mən sənə dedim axı, dedim ki, alçaqdır, alçaqdan isə hər nə desən, gözləmək olar”.
Sonra bəziləri deyirdi ki, ermənilər Ağdam cümə məscidində donuz saxlayanda şir niyə mısmışdı? Və məsciddəki donuzların şəklini qoyurdular soşəbə (sosial şəbəkəyə).
O biri tərəf də yazırdı ki, zato Ermənistan prezidenti KeyXosrovustana gedəndə ermənilər qorxularından Ağdam cümə məscidinə əsgər göndərdilər və onlar “lopatka” ilə məscidi kürüdülər və bu tərəf də ortaya əsgərlərin məscidi kürüdüyünü əks etdirən fotoyu qoyurdu.
İndi artıq bütün bunlar arxada qalıb. Məzkur ayətullahi-bozorg Gorus-Qafan yolunda nəzarət-buraxılış məntəqəsi qurulanda dediyi sözlərin üzərindən sirr pərdəsini götürərək belə bir açıqlama verib: “O vaxtdarı şenəvəndiqane-əzizo-möhtərəm məni düzgün başa düşməyiblər. Mən dediyim şir quyruğunun padişahe-cəngəliha ilə ki, siz ona aslan deyirsisniz, heç bir irtibatı-filanı yoxdu. Bu sözlərin hamısı batildir. Şir quyruğu bir bitkidir ki, el arasında ona “пустырник” deyirlər”.
Ağayi-Amili daha sonra deyib ki, bu “пустырник”in, yəni şir quyruğunun çoxlu faydalı xassələri var və cəmaət bu xassələrin tırkasına gedib, bəzi fəsadlarını unudur. “Belə ki, bradikardiya, asteniya, kəskin ürək çatışmazlığı, tromboflebit və trombozda bu bitkidən istifadə etmək olmaz. Əgər bir kəs ki, siğənin müəzzəm faidələrindən bibəhrə qalmaq istəmir, gərək “пустырник” nastoykası içəndə ehtiyatlı ola, ta ki nəzəri-zənəndə özünü xar etməyə”.
Ayətullah daha sonra başqa sözlər də deyib, amma farsca dərsimiz az olduğu üçün bir şey anlamadıq. Məsələn, “Adəmi dər vəqti-mərəz iştəhayi-təam nəmişabəd. Dil niz dər vəqti-ibtila bəilləti-həva və istilayi-mərəzi-rübbi dünya, rəğbət bəzikripərvərdigar nəmidarəd …” və sair. Bu sözlərin də, hətmən, bir mənası var. Əgər anlayan olsa, yazsın, biz də bilək. Paxıllıqdan nə çıxar?
Xeyirli çərşənbələr